Günel Səfərova: “Dəyişikliklə bağlı ortada bir siyasi iradə var”
Müstəqillik illəri ərzində Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında və hüquq dövlət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Ötən illər ərzində aparılan mütərəqqi islahatlar bunu deməyə əsas verir.
Məlumdur ki, vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkişaf edən bir cəmiyyətdir. Bu cəmiyyətin mərkəzində birbaşa vətəndaş dayanır. Vətəndaş cəmiyyətinin struktur elementləri isə bunlardır: - şəxsiyyət, ailə, məktəb, ibadət evləri, sahibkarlıq və təşəbbüskarlıq, sosial qruplar, siniflər, vətəndaşların şəxsi həyatları və onların təminatı, demokratik institutlar, ictimai birliklər, siyasi partiyalar və hərəkatlar, müstəqil məhkəmələr, təhsil sistemi, müstəqil KİV-lər.
Azərbaycan müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti ilə paralel hüquqi dövlətin formalaşması prosesi də sürətləndi. Həmin dövrdən etibarən dövlətin müstəqilliyinə, demokratiyanın inkişafına, siyasi plüralizmə, siyasətdə və iqtisadiyyatda sərbəstliyə, insan azadlığının qorunmasına xüsusi önəm verildi. Azərbaycanda hüquqi dövlətin əsas təməl prinsipləri müəyyən edildi və siyasi, iqtisadi, mənəvi əsasları gerçəkləşdi. Qanunların aliliyi, vətəndaşların hüquq və azadlıqlarının reallığı dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi, qanunların yerinə yetirilməsinə səmərəli nəzarətin mövcudluğu prinsipləri həyata keçdi.
Bu mənada Azərbaycanda hüquqi dövlət quruculuğunu təxmini olaraq, üç mərhələyə bölmək olar.
Birinci dövr dövlət müstəqilliyini əldə etdikdən sonra yeni konstitusiyanın qəbuluna qədərki zamanı əhatə edir. Bu dövrdə bir sıra yeni siyasi-hüquqi dəyərlər, prinsiplər, institutlar və mexanizmlər dövlət-hüquq sisteminə daxil oldu. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın hüquqi əsasları yaradıldı və fəaliyyətə başladı.
İkinci mərhələ, yeni konstitusiyanın qəbulundan sonra Azərbaycanın Avropa Şurasına daxil olmasına qədərki dövrdür. Bu dövrdə konstitusiya nəzarəti orqanı, azad mətbuatın qanunvericilik bazası formalaşdırıldı. Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyalara qoşuldu. Milli qanunvericilik təkmilləşdirildi, yerli özünüidarənin hüquqi əsasları yaradıldı və ilk bələdiyyə seçkiləri keçirildi.
Üçüncü dövr isə Azərbaycanın Avropa Şurasına daxil olmasından başlanır və indiyə kimi davam edir.
Hər bir dövlət üçün vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu çox vacibdir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü və Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova vətəndaş cəmiyyətinin inkişafı istiqamətində son bir ildə mühüm addımların atıldığını qeyd etdi: “Konsepsiya ilə güclü vətəndaş cəmiyyəti və güclü dövlət anlayışları var. Təəssüflər olsun ki, vətəndaş cəmiyyətinin 2014-cü ildən sonrakı vəziyyəti ürəkaçan deyil. Bu proses 2013-cü ildən etibarən başladı. Bundan bir il sonra onun fəaliyyətini imkanlaşdıran qanunvericilik qüvvəyə mindi. Demək olar ki, QHT-lər beynəlxalq təşkilatlardan, fondlardan qrantlar ala bilmədilər. Ümumiyyətlə, beynəlxalq fondların ölkəmizdəki fəaliyyəti məhdudlaşdı. Bilirik ki, QHT-lər əsasən qrantla fəaliyyət göstərirlər. Dövlətin adekvat olaraq yaratdığı qurumlar, şuralar və digər maliyyə mənbələri kifayət qədər dayanıqlı, bütün mövzuları əhatə edəcək səviyyədə deyil. Amma 2014-cü ildən etibarən bu sahədə vəziyyət ürəkaçan olmasa da, 2020-ci ildə artıq hökumət tərəfindən iradə hiss olundu ki, dialoq başlamaq istəyirlər. Məsələn, konkret olaraq, Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lərlə silsilə görüşlər keçirdi. Vətən müharibəmizdən sonra yeni agentlik yaradıldı. Həmin agentliyin müşahidə şurasının üzvüyəm. Biz görürük ki, dəyişikliklə bağlı ortada bir siyasi iradə var. Vətəndaş cəmiyyəti sahəsində QHT-lərə münasibətin durmadan dəyişəcəyinə ümidliyəm. Biz əsas dəyişikliyi qanunvericiliyin dəyişikliyində görəcəyik. İnşallah, bu da olacaq. Bütün fikirlər, təkliflər və tövsiyələr artıq dövlət qurumlarına göndərilib. Agentliyin özünün yeni konsepsiyada yaranması onu göstərir ki, artıq vətəndaş cəmiyyəti sahəsində yeni reformalara başlamaq istəyirlər. Sözsüz ki, bu tam reform deyil. Siz bilirsiniz ki, hakimiyyətin üç bölgü prinsipi çox aydın şəkildə həyata keçirilsə, yəni qanunvericilik, icraedicilik və məhkəmə hakimiyyətində hüquqi quruculuq məsələsində uğurlu olacağıq. Bizim qanunvericilik strukturu ilə bağlı problemimiz yoxdur. Qanunlarımız normaldır. Doğrudur, qanunvericiliklə boşluqlarımız olmamış deyil. İcraedici istiqamətində də problemlərimiz var. Məhkəmə hakimiyyəti barədə də ürəkaçan durumun olmadığını deyə bilərəm. Bu da hüquqi dövlət quruculuğundan çox da danışmağa imkan vermir. Amma gələcək baxımından çox ümidliyəm. Bu gün görülən işlər, atılan addımlar bunu deməyə əsas verir”.






