“İqtisadi inkişaf istiqamətində ən vacib məsələ məhkəmə və hüquq islahatlarıdır”
“Məhkəmə və hüquq sistemində köklü islahatlar aparılmadan ölkəyə arzu olunan səviyyədə investor cəlb etmək mümkün deyil”. Bu sözləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 4-də “Azərbaycanda məhkəmə və hüquq sisteminin mövcud durumu” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
Q.İbadoğlu qeyd edib ki, son zamanlar aparılan islahatlar çərçivəsində 12 Strateji Yol Xəritəsi qəbul olunsa da, onlar heç biri məhkəmə və hüquq islahatlarını özündə əks etdirmir: “Ancaq iqtisadi inkişaf istiqamətində ən vacib məsələ məhkəmə və hüquq islahatlarıdır. Əgər biz ölkəyə investisiya cəlb etmək istəyiriksə, ilk növbədə məhkəmə sistemində islahatlar aparılmalıdır. Biz bu məsələni hər zaman diqqətdə saxlamışıq. İndi də məhkəmə sisteminin problemlərini gündəmə gətirməklə hüquq sistemindəki çatışmazlıqlara diqqət çəkmək istəyirik. Azərbaycanda məhkəmə və hüquq sistemi kifayət qədər müstəqil deyil. Hökumət bunu etiraf etməlidir və bunu həll etmək üçün ortaya bir konsepsiya qoymalıdır”.
İqtisadçının sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində müstəqil məhkəmə hakimiyyətinə rast gəlmək mümkündür: “Müstəqil məhkəmə hakimiyyəti olmayan ölkədə iqtisadiyyatın inkişafından danışmaq mümkün deyil. Nə də ölkəyə böyük miqyasda investor cəlb etmək real deyil. İnvestor üçün 3 məsələ önəmlidir, ölkənin makroiqtisadi göstəriciləri, vergi və gömrük sisteminin durumu və müstəqil məhkəmə hakimiyyəti. Ölkənin makroiqtisadi durumu ürəkaçan deyil. Vergi və gömrük sistemində müəyyən islahatlar həyata keçirilsə də, müstəqil məhkəmə hakimiyyətinin olduğunu demək mümkün deyil”.
Q.İbadoğlu vurğuladı ki, Azərbaycanda qanunvericilikdə də kifayət qədər problem var: “Qanunlar yaxşı olsa belə, müstəqil məhkəmə hakimiyyətinin olmaması onları həyata keçirməyə imkan vermir. Azərbaycan bu mənada beynəlxalq inteqrasiyadan faydalanmırsa, beynəlxalq təşkilatlardan çıxırsa, biz qanunvericiliyimizi təkmilləşdirə bilməyəcəyik. Əgər Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv deyilsə, investoru kim inandıra bilər ki, onun biznesi təhlükəsiz şəraitdə olacaq, risk altında olmayacaq. Məhkəmə və hüquq sisteminin normal işləməməsi insan hüquqlarının pozulmasına gətirib çıxarır. Belə olan halda investoru Azərbaycana yatırım etməyə cəlb etmək olmur. Mən bir iqtisadçı kimi bu durumun iqtisadiyyata, investisiya mühitinə mənfi təsirlərindən danışıram. Digər ekspertlərimiz də müstəqil məhkəmə hakimiyyətinin olmamasının başqa sahələrə təsirini təhlil edəcəklər”.
Daha sonra çıxış edən politoloq Fərhad Mehdiyev də bildirdi ki, məhkəmə və hüquq sistemində islahatlar zəruridir: “Əsas məsələ qanunun mükəmməl olması deyil, əsas ona əməl edən insanlardır. İstənilən qanunda bir boşluq tapıb yayınmaq mümkündür. Çünki Azərbaycanda məhkəmə sistemi özü sanki bir hüquq -mühafizə orqanıdır və hökumət ona belə bir səlahiyyət verib. Onlar qanunu qəbul etmək istəmədikdə, etmirlər”.
F.Mehdiyevin sözlərinə görə, hakim korpusunun yetişdirilməsi ayrı bir məsələdir: “Digər tərəfdən hakimlərin müstəqil olması problemdir. Birincisi, əksərinin yetərli savadı yoxdur, ikincisi az-çox korrupsiyaya bulaşıblar. Hakimlər qanunun yazdığını etmirlər. Mənim fikrimcə, hakimin öz xarizması olmalıdır. Hakim gənc olmaq üçün müəyyən yaş və iş təcrübəsi olmalıdır. Hakim özünə güvənməlidir. Digər bir məsələ odur ki, hakimlərə təzyiqlər olunur, yerli icra hakimiyyəti rəhbərlərindən onlara təzyiqlər gəlir. Bu mənada məsələyə kompleks yanaşmaq lazımdır. Qarşımızda Gürcüstan təcrübəsi var. Onlar xaricdə təhsil alan hüquqşünasları birbaşa məhkəmə hakimi təyin etdilər. Bu işdə siyasi iradə olduqca vacibdir. Yeni bir hakim korpusu yetişdirilməlidir, onların təhsili və təcrübəsi dəyişdirilməlidir. Hakimlər üzərində nəzarət olmalıdır demək də doğru deyil, çünki hakim müstəqil olmalıdır”.
Politoloq hüquq dərsliklərinin olmamasının da səbəblərini izah etdi: “Hüquq kitablarını yazanlara da normal pul verilmir. Müəllimlərə isə yazdıqları kitabı satmağa icazə verilmir. Xaricdə isə hüquq kitabları çox bahadır. Ona görə də bizdə bu kitabları yazmağa maraq yoxdur. Mən müəllimlərə təklif edirdim ki, kitabı yazın və tələbəyə satın. Bunun başqa mexanizmi yoxdur”.
Media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli də ilk növbədə hüquqşünasların təhsil məsələsinə toxundu: “Bizim buradakı müzakirələrimizin reallığa çevrilməsi mənim üçün o qədər də gözlənilən deyil. Çünki hökumət vətəndaş cəmiyyətinin və ya cəmiyyətdəki təşəbbüs qruplarının təkliflərinə hər zaman qapalı olub. Səbəb isə odur ki, həmin islahatları həyata keçirmək niyyətində olmayıb. Azərbaycanda hüquq sisteminin hansı sahəsini nəzər salsaq, problemlərin şahidi olarıq. Siyasi məsələlərdə, media ilə bağlı işlərdə məhkəmələr demək olar ki, siyasi hakimiyyətdən asılıdır. Xarici təcrübədən istifadə edərkən də mənfi nümunələri tətbiq etdikləri hallar daha çoxdur. Qanunun əsas mahiyyəti insanın hüquq və azadlıqlarının qorunmasıdır.
Məhkəmə-hüquq sisteminin ən böyük problemlərindən biri təhsillə bağlıdır. İki-üç universitetlərdə hüquq ixtisası var, onlar da dövlət universitetləridir. Özəl universitetlərdə hüquq təhsili qadağan etdilər. Bu da nəticə etibarilə akademik azadlıq olan mühitdə yetişən kadrların çatışmazlığına səbəb oldu. BDU-nun hüquq fakültəsini bitirən tələbə nə qədər savadlı olsa da, azad ola bilməz. O zaman da ədalətli qərarlar qəbul etməkdə çətinlik çəkə bilər".
Ə.Məmmədli qanunların liberallıq səviyyəsinin də getdikcə azaldığını bildirdi: “Mən qanunların analizi ilə məşğul oluram. Gəldiyim qənaət odur ki, qanunların liberallaşması prosesində çox sayda geri addımlar atılıb. Mülkiyyətin qorunması, şəxsi və fərdi hüquqların qorunması məsələsində qanunvericilikdə məhdudiyyətlər yaradılıb. Ancaq indi bu danışdıqlarımız da problemi həll etmir. Çünki qarşı tərəf tədbirlərdə təmsil olunmur. Əvvəllər beynəlxalq qurumlar bu müzakirəni təşkil edirdi, orada hökumət də iştirak edirdi və biz orada bir-birimizi eşidə bilirdik. İndi isə hökumət bizə qarşı etinasızdır. Hökumət Avropa Məhkəməsinin qərarlarını belə icra etməyi gecikdirir. Yalnız cərimələr ödənilir, ancaq pozulan hüququn bərpası, həmin qanunvericilik normasının dəyişdirilməsi, bunu edən hüquq-mühafizə orqanı işçisinin cəzalandırılması təcrübəsi yoxdur. Ona görə də cəmiyyətdə bir inamsızlıq var. Hətta beynəlxalq məhkəmələrə də inam yoxdur. Heç bir vətəndaş gedib məhkəmədə haqqını bərpa edəcəyinə inanmır. Hər kəs haqqını dolayı yolla almağa çalışır”.
Hüquqşünası çıxışını pozitiv notlarla yekunlaşdırdı: “Azərbaycan cəmiyyəti qanunlara qarşı çox tolerant cəmiyyətdir. Əgər bizim cəmiyyətdə doğru idarəetmə tətbiq edə gətirə bilsək, çox sürətlə yüksələ bilərik. "ASAN xidmət"də çalışanlar da Azərbaycan vətəndaşıdır, digər qurumlarda çalışanlar, rüşvət alanlar da Azərbaycan vətəndaşıdır. Deməli, səbəb insan faktoru deyil, idarəetmə faktorudur. Düzgün idarəetmə olarsa, problemlər həllini tapa bilər".
![]()
İqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov da çıxışında vurğuladı ki, əsas problemimiz Azərbaycanda hüquqi dövlət ənənəsinin zəif olmasıdır: “Bunun səbəbi də təhsildir. Təhsilin bütün sahələrində problem olsa da, ən bərbad olan hüquq təhsildir. Elementar hüquq dərslikləri yoxdur. 26 il ərzində bu dərsliklər formalaşmayıb. Biz 90-cı illərdə oxuyanda Rusiya dərsliklərindən istifadə edə bilirdik. Ancaq neçə illər ərzində qanunvericiliyimiz dəyişdi, Rusiya qanunvericiliyi ilə eynilik azaldı. Ona görə də, Rusiya dərsliklərini oxumaq mümkün deyil. Biz bu sahədə nəinki Rusiya, Gürcüstan və Qazaxıstandan, Özbəkistandan belə geri qalmışıq. Onların belə normal hüquq dərslikləri var. Savadsız hüquqşünaslar da çoxdur. Elə hüquqşünaslar var ki, hüququn əlifbası olan məsələləri bilmirlər, ancaq bunun üstündə mübahisə də edirlər. Bizim istinad edə biləcəyimiz avtoritet bir dərslik yoxdur”.
Ə.Həsənov bildirdi ki, Azərbaycan hüquq sistemi Almaniya hüquq sistemində yaxın olduğundan hüquqşünasların daha çox bu ölkədə təhsil almasına ehtiyac var: “Problemin kökü odur ki, bizim hansı hüquq sisteminə aid olmağımız məlum deyil. Bizim Amerikada, Britaniyada oxuyan hüquqşünaslar gəlib həmin ölkənin hüquq sistemini tətbiq edirlər. Bizim hüquq sistemi isə Almaniyanın hüquq sistemidir. Ola bilər ki, ingilis-amerikan sistemi çox gözəldir, başqa biri islam qanunlarının yaxşı olduğunu deyə bilər. Bizim sistem isə Almaniyanın sistemidir və orada təhsil alan azərbaycanlı hüquq tələbələrini işə cəlb etməliyik. Bizim tələbələr Almaniyanı seçmirlər, çünki orada təhsil almaq çox çətindir. Hüquq koordinatlar sistemidir, bizdə isə o sistem yoxdur. Məsələn, bizim qiymətli kağızlar haqqında qanun ingilis-amerikan sistemindən köçürmədir və o qanun işləməyəcək. Beynəlxalq təşkilatlar da bu işdə məsuliyyət daşıyır. Dünya Bankı 20 ildən çox müddət ərzində Azərbaycanda bir qanun qəbul etdirə bilməyib”.
Ekspert qeyd etdi ki, siyasi hüquqlar da çox önəmlidir, ancaq iqtisadi hüquqlar təmin edilməyincə siyasi hüquqlar da təmin olunmayacaq: “Dövlət özü də maraqlı olmalıdır ki, ən azından mülki münasibətlər sahəsində ədalətli qanunlarımız olsun. Ancaq ən bərbad qanunumuz Mülki Məcəllədir. Oxuyanda heç başa düşmürsən ki, nə yazılıb. O qanun ki, dövlətdə iqtisadi münasibətləri tənzimləməlidir, həmin qanun anlaşılan deyil. Məmurlar isə qanunlara tənqidi yanaşmanı siyasi ambisiyaların olması kimi dəyərləndirirlər. Azərbaycanda tanınmış hüquqşünasların da bir hissəsi bisavaddır. Hər hüquqşünasın öz sahəsi olmalıdır. Ancaq onlar istənilən sahəyə girirlər. Hüquqşünas bilmədiyi sahəyə müdaxilə etməməlidir. Bu sahədə vəziyyət çox pisdir”.
Əkrəm Həsənov diqqətə çatdırdı ki, məhkəmə qərarlarının vahid elektron sistemi yaradılsa, problem həllini tapacaq: “Ancaq bu hökumətə sərf etmir. Əgər mən məhkəmə qərarlarını görə bilsəm, sabah eyni məsələ üzrə oxşar qərar tələb edə bilərəm. Ancaq ölkəmizdə vahid oyun qaydaları yoxdur, eyni məsələ ilə bağlı tam fərqli qərarlar qəbul edilə bilər. Beynəlxalq təşkilatlar bir neçə il öncə vahid elektron sistemi tələb ediblər. Ancaq Ədliyyə Nazirliyi buna getməyib. Hakimlərin əmək haqqı məsələsi də problemdir. Hakimlərin köməkçilərinin maaşları o qədər gülüncdür ki, hakimlər öz ciblərindən köməkçilərinə pul verirlər. Onlara dövlətdən ayrılan dəftərxana xərcləri də verilmir. Hakimlər sanki bir ofis saxlayırlar. Nə qədər ki, maaşlar qaydasına düşməyib, məhkəmə sistemində islahatlar mümkün olmayacaq.
Vəkil Aslan İsmayılov da vurğuladı ki, biz əgər ölkədəki problemləri həll etmək istəyiriksə, ilk növbədə məhkəmə sistemini düzəltməliyik: “Bizim vətəndaş cəmiyyəti olaraq bacaracağımız əsas iş bu problemləri ictimailəşdirməkdir”.
Digər çıxışçılar da hüquq və məhkəmə sistemindəki problemlərdən dolayı vətəndaşların yaşadıqları çətinliklərdən bəhs etdilər.
Nərgiz LİFTİYEVA,
Foto müəllifindir






