İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkillər Şəki İstintaq Təcridxanasının istifadəsini tələb edir

1213 29.10.2013 08:03 Ölkə A A
İsmayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini , “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovun məhkəməsi noyabrın 4-ü, saat 14:00-da başlayacaq. Hazırda Tofiq Yaqublu və İlqar Məmmədov da daxil olmaqla, digər 16 nəfər Gəncə İstintaq Təcridxanasında saxlanılır. 
Tofiq Yaqublunun vəkili Nemət Kərimli ilə əlaqə saxlayıb müvəkkilinin durumu ilə bağlı maraqlandıq. O bildirdi ki, hər dəfə Tofiq Yaqubluya sovqat aparılanda, “Yeni Müsavat”, “Azadlıq” qəzetləri məxsusi olaraq ona verilmir: “Tofiq bəyin əhval-ruhiyyəsi normaldır. Əsas problem Tofiq Yaqublu da daxil olmaqla, İsmayıllı məhbuslarının Şəki İstintaq Təcridxanasında saxlanılmamasıdır. Mən yenə deyirəm , əslində İsmayıllı məhbusları Gəncə İstintaq Təcridxanasında saxlanılmamalıdır. Çünki Şəki İstintaq Təcridxanası 4 aydan çoxdur ki, istifadəyə verilib. Amma istifadə olunmur. Bu ölkədə qanuni heç nə yoxdur. Hər şey saxta yolla həll olunur. Bu hakimiyyət seçkidə saxtakarlıq etdiyi kimi digər sahələrdə də saxtakarlıq edir. Bina tikilir, açılış edirlər, amma həmin bina istifadəyə verilmir. Müəssisə açılır, amma işçiləri işə çıxmır və s. Sual yaranır, əgər Şəki İstintaq Təcridxanası işçi heyəti ilə təmin olunmayıbsa, niyə 4 ay bundan qabaq təmtəraqlı açılışı elan edib, istifadəyə verdiklərini dedilər? Bir müəssisə rəsmən açılıbsa, deməli, işləməlidir. Hər şey açıq-aydın ortadadır ki, İsmayıllı məhbuslarını sırf işgəncə xarakteri olaraq Gəncə İstintaq Təcridxanasında saxlayırlar. Hər məhkəmə prosesi zamanı həmin məhbusların aparılıb-gətirilməsi kimi zülmlü heç nə yoxdur. Digər məsələ isə sovqat aparılanda gətirilən qəzetlərin bilərəkdən verilməməsidir. Hər gün siyasi prosesləri izləyə bilməmək Tofiq Yaqublu üçün çox çətindir”. 

Nemət Kərimli ailəsinin Tofiq Yaqublu ilə hələ görüşmədiyini də dedi.   

REAL Hərəkatının sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev bildirdi ki, hələ Gəncə İstintaq Təcridxanasında saxlanılan müvəkkili ilə görüşməyib. F.Ağayev dedi ki, hazırda İ.Məmmədovla Gəncədə görüşmək və məhkəmədə iştirak etmək üçün onu müdafiə edən vəkillər öz aralarında iş bölgüsü aparırlar.

Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədova Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar  yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. 

NƏRGİZ 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR