Vəkilin Naxçıvanın abadlığı haqda dedikləri mübahisə yaratdı
Son zamanlar Naxçıvanda aparılan abadlıq işləri media tərəfindən tez-tez işıqlandırılır. Bununla əlaqədar sosial şəbəkələrdə də tanınmış simalar fikirlər bildirib, Naxçıvanın son zamanlar xeyli abadlaşdırıldığına diqqət çəkirlər.
Buna misal olaraq bugünlərdə vəkil Namizəd Səfərovun sosial şəbəkədə yazdığı statusu göstərə bilərik. Vəkil bildirib: “10 gün idi ki, Naxçıvanda idim. Hər yeri qarış-qarış gəzdim. Təəccübümü heç cür gizlədə bilmirəm. Gəldiyim ümumi nəticə budur ki, Naxçıvan dünyanın tanıdığım ən abad diyarıdır. Bir sözlə, heyran qaldım”.
Lakin Namizəd Səfərovun bu fikirləri digər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İnsanlar daha çox bu məqamı vurğulayıblar ki, Naxçıvanda abadlıq işləri aparılsa da, insan haqları tapdalanır. Həmçinin qeyd olunub ki, burada insanların yaşayış səviyyəsi, maddi vəziyyətləri də aşağı həddədir.
Xüsusilə Naxçıvanda işsizliyin olması daha çox vurğulanıb. Misal üçün, Mübariz Rza adlı istifadəçi bildirib: “Ən ucqar kəndlərdən biri olan Şərur rayonunun Y.Yaycı və Şahbulaq kəndlərinə ömründə ilk dəfə olaraq asfalt və qaz çəkilib. Zibil maşınları hər həftə kəndin zibilini təmizləyir. Bunlar faktlardır. Lakin kənd əhalisinin beşdə biri kənddə yaşamır. İşsizlikdən ya Türkiyənin, ya da ki, Bakının küçələrində iş axtarırlar. Bu da bir başqa faktdır”.
Eləcə də tarixçi Altay Göyüşov bu kimi məqamlara diqqət çəkərək yazıb: “Bəs o ”abadlığın" nəyin hesabına əldə olunması məsələsi? Ona qalsa, Hitler Almaniyasında, Stalin Rusiyasinda az abadlıq olmayıb".
N. Səfərov rəylərdə də yuxarıdakı fikrini təsdiqləyərək qeyd edib ki, ən ucqar kənd yollarına belə asfalt döşənib: “Bütün kəndlərdə ikimərtəbəli müasir məktəblər tikilib. Fakt odur ki, hər yer abadlıqdır, yaşıllığa qərq olub. Bunu digər rayonlarda niyə etmirlər, təəccüblü olan budur? Kəndlərdən zibil mərkəzləşmiş qaydada daşınır. Hər yer təmizlik nümunəsidir. Burada yerə zibil atılmır”.
Məsələ ilə bağlı ictimaiyyətdə tanınan digər naxçıvanlıların da fikirlərini aldıq. Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, son zamanlar Naxçıvana getməsə də orada yaşayan qohumlarından razılıqlar eşidir: “Bizim qohumlar Naxçıvanda yaşayırlar, onların hamısı razılıq edirlər. Naxçıvan ərazi baxımdan da elə bir yerdədir ki, bir tərəfi Türkiyə, digər tərəfi İran, Ermənistandır. Ora doğrudan da Vasif Talıbov kimi bir adam lazımdır ki, Naxçıvanı saxlaya bilsin. Bu gün, doğrudur, insan haqları pozulur, çox adam Naxçıvandan çıxıb Bakıya gəlib. Ancaq bütün bunların da düzəlməsi üçün zaman lazımdır. Zaman gələcək, bunlar da düzələcək - baxmayaraq ki, məni Naxçıvanda döyürdülər, indi də ora gedəndə arxamca məni izləməsi üçün adam salırlar. Bütün bunlara baxmayaraq, deyirəm ki, Naxçıvana Talıbov kimi adam lazım idi. İstəyirlər məni söysünlər, ya nə deyirlər desinlər. Ən çox əzabı Naxçıvanda mən çəkmişəm. Bu faktdır ki, bizim qohumlar oradan razılıq edirlər”.
Naxçıvanda tez-tez olan jurnalist Çingiz Özgürün də oradakı hazırkı vəziyyətlə bağlı fikrini aldıq. Ç. Özgür bildirdi ki, Naxçıvanda xüsusi təmizlik qaydaları var: “Küçələr yuyulur, taksi sürücülərinin hamısı formadadır. Heç kim siqareti belə küçəyə ata bilməz. Şəhərin özü Avropanın balaca bir qəsəbəsi kimidir. Abadlığına söz ora bilməz. Deyilən digər məsələlərin abadlığa nə aidiyyəti var? Naxçıvanda kiminsə hüzrü düşəndə nə qəbir yerinə, nə də yas yerinə ölü yiyəsinin heç bir xərci çıxmaya bilər. Maşınla da təmin olunur, məscidlərdə də pulsuz yas saxlamaq üçün yer verilir. On ildən çoxdur ki, Naxçıvanda belədir. Naxçıvanın ən ucqar kəndinə belə fasiləsiz qaz verilir. 4-5 ildir ki, bu belədir”.
Əli RAİS






