İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkili Tofiq Yaqublunun istintaqında iştirak edə bilmir

720 12.04.2013 18:38 Son xəbər A A



“Media forum” saytına açıqlamasında Əsabəli Mustafayev deyib ki, aprelin 2-də Tofiq Yaqublunun ailə üzvləri ilə müqavilə imzalayıb, lakin indiyədək müdafiə etdiyi şəxslə görüşə bilmir: “Baş Prokurorluğun müəyyənləşdirdiyi qaydalara görə, vəkil orderini bu quruma təqdim etməlidir. Baş Prokurorluq orderi qeydiyyata alıb Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərir. Əslində, qanunsuz tələbdir. Cinayət-Prosessual Məcəlləsinə əsasən, vəkil orderi birbaşa istintaqı aparan müstəntiqə təqdim etməlidir. Mən bu qanunsuz tələbə görə Baş Prokurorluğu məhkəməyə də vermişdim. Baş Prokurorluğun nümayəndəsi məhkəmədə and-aman edirdi ki, belə bir qayda yoxdur. Amma bu qaydalar indi də davam edir. Vəkillər bu qayda ilə razı olmasalar da, fəaliyyətlərini həyata keçirmək üçün orderləri Baş Prokurorluğa təqdim etməyə məcbur olurlar. Mən sonuncu dəfə təxminən iki həftə əvvəl, həbsdə olan “Nida“ Vətəndaş Hərəkatının üzvü Rəşad Həsənovun işi ilə bağlı Baş Prokurorluğa order təqdim etmişəm”.

Əsabəli Mustafayev bildirib ki, Tofiq Yaqublunun ailəsi ilə müqavilə imzaladıqdan sonra orderi Baş Prokurorluğa göndərib: “Müstəntiqlə dəfələrlə əlaqə saxlamışam və orderin istintaq idarəsinə göndərilmədiyi cavabını almışam. Ona görə də Tofiq Yaqublu ilə görüşə, istintaq hərəkətlərində iştirak edə bilmirəm. Aprelin 12-də müstəntiqdən eyni cavabı alandan sonra Baş Prokurorluqla əlaqə saxladım. Məni bir idarəyə yönəltdilər. Məlum oldu ki, orada olan sənəd tamamilə başqa bir sənəddir. Ona görə də təkrar əlaqə saxladım. Məlum oldu ki, mənim orderimi Baş Prokurorluqda saxlayıblar. Dedilər ki, orderin üzərinə bir məktub da əlavə olunmalıdır, orderi verən hüquq məsləhətxanasının rəhbəri məktub yazmalıdır və orada orderin qeydiyyata alınmasını xahiş etməlidir. Orderi bir həftə Baş Prokurorluqda saxlayıblar, indi də deyirlər ki, gəl götür, məktubu nə vaxt gətirsəniz qeydiyyata alınar”.

Vəkilin dediyinə görə, belə qaydaların olub-olmadığını dəqiq göstərən sənəd yoxdur: “Əgər belə qayda varsa, hansı sənədlərlə rəsmiləşdirilib? Bu qaydaların hansı tələblərdən ibarət olduğu da dəqiq deyil. Orderi götürüb məktubla birlikdə yenidən təqdim edəcəm. Amma müdafiə etdiyim şəxsin işi üzrə istintaq hərəkətlərində iştirakıma maneə yaratdığına görə Baş Prokurorluğu məhkəməyə verəcəm”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Media forum” saytına bildirib ki, Tofiq Yaqublu təqsirləndirildiyi cinayət işi üzrə tutulduğu andan indiyədək müdafiəçilərlə təmin olunub: “Onunla bağlı həyata keçirilən istintaq hərəkətlərində müdafiəçiləri iştirak ediblər. Ona görə də vəkil Əsabəli Mustafayevin Tofiq Yaqublunun hüquqlarının müdafiəsində iştirakına Baş Prokurorluq tərəfindən guya mane törədilməsi haqda iddiaları tamamilə əsassızdır”.

Bu ilin yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrdə günahlandırılan Tofiq Yaqublu barəsində fevralın 4-də həbs qətimkan tədbiri seçilib. O, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəal iştirak etmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə ittiham edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR