Vəkil nazirdən günahsız insanları narkotiklə şərləyənlərin cəzalandırılmasını istədi
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alan Gürcüstan vətəndaşı, 1984-cü il təvəllüdlü Bayram Niyazovun vəkili Ceyhun Yusifov daxili işlər naziri Ramil Usubova müraciət edib. Vəkil müvəkkilinin şərlənməsində iştirak edən şəxslərin cəzalandırılmadığını və onların digər vətəndaşları da şərləyəcəkləri ehtimalının real olduğunu söyləyib.
Vəkil deyib ki, müvəkkili Bayram Niyazov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin və Gəncə stansiyası Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub və üzərində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanması protokollaşdırılıb. B.Niyazov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə B.Niyazovun günahsızlığı sübuta yetirilib. Məhkəmə araşdırması zamanı B.Niyazovun uşaqlıqdan xəstə olması müəyyən olunub.
Vəkil deyib ki, proses zamanı iş üzrə hal şahidləri olmuş Kəramət Məmmədovun və Tofiq Hüseynovun başqa çoxsaylı narkotik vasitələrlə bağlı cinayət işlərində şahidlik etmələri sübut edilib.
Vəkilin Gəncənin Nizami və Kəpəz rayon Məhkəmələrinə, Gəncə Ağır Cinayətlər Məhkəməsinə verdiyi sorğulara aldığı cavablardan məlum olub ki, ibtidai istintaq zamanı Bayram Niyazov tutularkən hal şahidi qismində dəvət edilmiş Kəramət Məmmədov və Tofiq Hüseynov mütamadi olaraq, müxtəlif cinayət işləri üzrə keçirilmiş şəxsi axtarış və götürmə hərəkətləri zamanı hal şahidi qismində iştirak ediblər.
Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi arayışlardan o da müəyyən olunub ki, hər iki hal şahidi 2011-2013-cü illər ərzində baxılan 27, məhkəmə istintaqı zamanı 2 cinayət işində iştirak edibər. Kəramət Məmmədov və Tofiq Həsənov ümumilikdə 29 cinayət işi üzrə hal şahidi olublar.
Həmçinin Bayram Niyazovu Gəncə şəhərinə aparan Elşad Məsiyevin polisin təhrikçisi olması müəyyənləşib. Məhkəmədə Elşad Məsiyevi polisin təhrikçisi olması, 5 başqa rayonda da belə cinayət işlərində iştirak etməsi üzə çıxıb. Məhkəmədə B.Niyazovun həbsi zamanı iştirak edən Elşad Məsiyevin polisin təhrikçisi olması nəticəsinə gəliblər. Buna görə də Elşad Məsiyevin və əməliyyatda iştirak edən əməliyyatçıların barəsində xüsusi qərardad çıxarıblar.
İş üzrə ekspertiza rəyindən məlum olub ki, Bayram Niyazovda tapılması iddia edilən narkotik vasitənin tərkibi digər cinayət işləri üzrə olan narkotik vasitələrin tərkibi ilə eynidir.
Vəkilin sözlərinə görə, bu şəxslər hazırda azadlıqda gəzirlər və onların başqa vətəndaşları da şərləyib, qanunsuz həbsə göndərməyəcəklərinə təminat yoxdur.
C.Yusifovun sözlərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvəkkili haqda bəraətverici hökmündən Baş Prokurorluq əvvəlcə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti, sonra isə Ali Məhkəməyə kasasiya şikayəti verib. Prokurorluq şikayətində B.Niyazova ittiham verilməsini istəyib.
Amma şikayət təmin edilməyib. Hökmün nəticəsinə uyğun olaraq, Bayram Niyazovun külli miqdarda narkotik vasitənin satışında təqsirsiz olması sübuta yetirilib: “Bayram Niyazovun şərlənməsi ilə bağlı tədbir görülməlidir. Onun şərlənməsi ilə bağlı polis əməkdaşları və polisin təhrikçiləri məsuliyyətə cəlb olunmalıdır.
Hörmətli nazir!
Bu şəxslərin hərəkəti polisin imicinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salır. Bu günədək adları birbaşa məhkəmə aktı ilə təhrikçilikdə və günahsız şəxsi narkotik vasitənin satışında şərləyən şəxslər barəsində heç bir tədbir görülmür. Həmin şəxslər bu gün də hüquq-mühafizə orqanlarında öz fəaliyyətlərini davam etdirirlər. Həmin şəxslərin qanunsuz hərəkəti nəticəsində uzun müddət həbsdə saxlanılan Bayram Niyazovun haqqı çatır ki, bu qanunsuzluqla bağlı görülən tədbirlərin real nəticəsi barəsində məlumatlandırılsın. Buna görə də mən və müvəkkilim cənab nazirdən bu hadisəni nəzarətinə götürməsini və məsələyə hüquqi qiymət verilməsi üçün lazımı tədbir görülməsi üçün göstəriş verməsini xahiş edirik”.
Vəkil cinayət işinin materiallarına və məhkəmə hökmünə əsasən 3 kiloqrama yaxın narkotik vasitənin qanunsuz olaraq, dövriyyədə olması ehtimalı mövcud olduğundan, həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsini və təqsirli şəxslərin cinayət məsulyətinə cəlb olunmasını da istəyib.
E.MƏMMƏDƏLİYEV






