İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəhdət - rəhmətin mayası, təfriqə isə əzabın səbəbidir

1110 17.01.2014 08:25 Mənəviyyat A A

lVəhdət həftəsi»ndə yaşayırıq. Təbərrük üçün Əziz Peyğəmbərimizin (s) vəhdətlə bağlı nəql etdiyi hədislə bəhsimizi başlayaq: “Vəhdət - rəhmətin mayasıdır, təfriqə isə əzaba səbəb olar”. Vəhdətin - müqəddəs bir dəyər, qarşıdurmanın isə əzabla nəticələnən bir kateqoriya olduğunu bəyan edir bizə mübarək dinimiz. Lakin, burada çox önəmli bir məqam vardır. Müəyyən etmək gərəkdir ki, bəs nəyin ətrafında vəhdəti bərqərar etməli? Şəxsiyyətlərə pərəstiş ətrafında, bütlər ətrafında, nəfslər ətrafında, mənfiliklərin ətrafında deyil, yalnız və yalnız mübarək və müqəddəs İlahi dəyərlər ətrafında bərqərar ola bilər vəhdət. Və məhz belə vəhdətə nazil olar Mütəal Allahın rəhməti. Və burada ən önəmlisi - kəmiyyət deyil, keyfiyyət amilidir.  Hədislərimizdə gəlmişdir ki, həqiqi dəyərlərin ətrafına hətta 10 nəfər cəm olsa belə, oraya İlahi rəhmət nazil olar. Dua edək ki, Allah Təala bizləri həqiqi vəhdətdə olanlardan və rəhmətə səbəb olanlardan qərar versin.

"Vəhdət həftəsi"

Bir daha “Vəhdət həftəsi”nin meydana gəlməsi amillərinə toxunaq. "Vəhdət həftəsi"nin meydana gəlməsinin mübarək tarixcəsi vardır: müxtəlif mənbələrdə Həzrət Peyğəmbərin (s) dünyaya gəlişi ilə bağlı iki əsas nəzər üstünlük təşkil edir: bir nəzərə görə Peyğəmbərimiz (s) "Fil ili"ndə, rəbbiül-əvvəl ayının 17-də, cümə günü, sübh çağına yaxın vaxtlarda Məkkə şəhərində dünyaya gəlmişdir, digər tarixi mənbəyə əsasən isə o Həzrət (s), rəbbiül-əvvəl ayının 12-də dünyaya gəlmişdir. Müxtəlif İslam məktəblərində bu tarixlərdən birinə üstünlük verilirdi. Və böyük üləmaların təklifinə əsasən, bu məqam ziddiyyət yox, vəhdət mənbəyinə çevrildi - indi müsəlmanlar artıq mövlud həftəsi keçirirlər. Və dinimiz daima bizə vəhdəti yaşatmağı tövsiyə edir. Bu baxımdan, hər bir inanclı insan üçün lvəhdət həftəsi»ndə başlıca vəzifə - bütün səyləri birləşdirici məqamlara yönəltməkdir.

Ümmət maariflənməlidir və maarifləndirməlidir - sülh və məhəbbət rəmzi olan Peyğəmbərimizi (s) bütün dünyada tanıtmaq üçün əlindən gələni etməlidir. Dünyada İslamı gözdən salmaq istəyən qüvvələrin, İslamı dözümsüz, sərt bir təlim kimi təqdim etmək istəyən qüvvələrin niyyətlərini boşa çıxarmaq gərəkdir. Qeyd etmişdik ki, dünya indi həmişəkindən daha artıq Peyğəmbər (s) əxlaqına ehtiyaclıdır. İlk növbədə ona görə ki, elmin, texnikanın inkişaf templəri mənəvi dəyərlərin inkişafı ilə uzlaşmır. Bir mənəvi boşluq dünyaya hakim kəsilməkdədir. Bu baxımdan, hər bir inanclı insan çalışmalıdr ki, bəşəriyyəti Həzrətin (s) gətirdiyi mübarək təlimlə tanış etsin, nicat yoluna dəvət etsin. Allah-Təala bütün ümmətə Peyğəmbər (s) əxlaqının və dönməzliyinin daşıyıcısı olmağı nəsib etsin.

Yaranmışın əşrəfi olan insan

Heç kəs daşdan, torpaqdan, bitkidən, heyvandan "nə üçün belə etdin, elə etmədin?" - deyə soruşmur. İnsanı yaranmışın əşrəfi edən məhz budur - seçim qabiliyyəti, iradə azadlığı. Və yalnız insan Qiyamət günü etdiklərinin sorğu-sualına çəkiləcək, əməllərinə görə cavab verəcək. Zərrədək yaxşının və zərrədək pisin əvəzini görəcək. Özü ilə bağlı, ətrafı, mühiti ilə bağlı nə etdiyinin sorğusuna çəkiləcək. Və insanın sorğu-sualı ona çatdırılan məlumatın müqabilində olacaq. İnsanı məlumatlandırmadan onu sorğu etmək, ona düz yolu göstərmədən mühakimə etmək Böyük Yaradanın hikmətinə zidd olardı, ədalətinə uyğun gəlməzdi. Odur ki, zaman-zaman Elçiləri göndərməklə, müxtəlif qövmlərə, xalqlara, cəmlərə İlahi həqiqət çatdırılmış, hüccət tamam edilmişdir. Rəsuli-Əkrəm (s) isə bütün bəşəriyyətə göndərilmiş, Qiyamətədək halal-haramı, xeyir-şəri insanlara bəyan etmişdir. Bütün peyğəmbərlər (ə) eyni hədəfə vurmuş, təkallahlığa dəvət etmiş, bütlərə, xəbisliklərə, pisliklərə, mənfiliklərə tapınmaqdan çəkindirmişlər. İnsanları əxlaqa, düzgünlüyə, yaxşılıqlara çağırmışdır. Nübuvvətin missiyası budur: insanları sapmaqdan qorumaq və düzgün yolu göstərmək. Və Xatəmül-ənbiya - Peyğəmbərlərin sonuncusu olan Rəsuli-Əkrəm (s) bu missiyanı tamamlayır və kamala çatdırır. Və Peyğəmbərimiz insanın nəzəri həyatında, əməli həyatında bütün nöqtələri qoyur. Peyğəmbərimizin (s) dünyaya gəlişi də bu mənada xüsusi əhəmiyyət kəsb edir - bəşəriyyət sonuncu erasına - Qiyamətdən öncəki eraya daxil olur.

Nübuvvəti tamamlayan Peyğəmbər (s)

Əziz Peyğəmbərimizi (s) tanımaq üçün Əmirəlmöminin Həzrət Əlinin (ə) xatirələri çox önəmlidir. Ən yaxın adam idi o Peyğəmbərə (ə), onun tərbiyəsi ilə böyümüşdü, onun davamçısı olmuşdu. Həzrət Əli (ə) Peyğəmbərimizin (s) məbus olmasının hikmətini hansı ibarələrlə açıqlayır: “Sübhan olan Allah, Muhəmməd Rəsulallahı (s) elçi göndərərkən, bütün (öncəki) peyğəmbərlərdən onun nübuvvəti ilə bağlı əhd-peyman almış idi. Və göndərişdə məqsəd (bəşəriyyət qarşısında) vədəsini yerinə yetirmək və nübuvvətin əsasını tamamlamaq, xətm etmək idi. Məşhur əlamətləri olan və şərif mövludu olan bir Peyğəmbər idi”.

Beləliklə, bildirilir ki, Allah-Təala bəşər qarşısında vədəsini yerinə yetirir. Hansı vədəsini? Düzgün yola hidayət etmək üçün bələdçinin, yolgöstərənin göndəriləcəyi barədə olan vədəsini. İnsanı kamal üçün xəlq edən Allah, Öz hikmətinə əsasən məsum bir elçi göndərməliydi ki, bəşəriyyət düzgün yolu ayırd edə bilsin. Peyğəmbər (s) bəşərin hidayəti üçün bir mübarək vəsilə olmuşdur. Və bütün zamanlarda peyğəmbərlər (ə) olub və onlar Həzrət Muhəmmədin (s) mübarək gəlişi üçün zəmin hazırlamış, insanları, qövmləri sapmaqdan çəkindirmişlər. Onun təbii və ruhi işarələri öncəki ilahi kitablarda gəlmişdir və zikr əhli üçün məşhur məlumatlardan idi. Allah-Təala 124 000 peyğəmbər (ə) göndərmiş bütün cəmlərə, toplumlara, insanlara və Həzrət Rəsulullahın (s) göndərişi ilə bu nübuvvət əsasını - nəbi, elçi göndərmək əsasını tamamlamışdır, son nöqtə qoyulmuşdur. İslam dini bəşəriyyət üçün bəyənilən və kamil bir təlim olaraq təqdim edilmişdir. Beləliklə, cavid, yəni həmişəyaşar bir din olaraq İslamı gətirməklə, Peybəmbərimiz (s) nübuvvəti tamam etmişdir".

"Şərif mövlud» mövzusuna gəldikdə isə, bu - Peyğəmbərimizin (s) həm ata, həm ana tərəfdən pak və şərafətli nəslə mənsub olmasına, tövhidpərəstlər, təkallahlıq dinlərinə tapınanlardan olan nəslə mənsub olmasına işarədir. Və bildirilir ki, təqva əhli çox-çox öncədən nazil olmuş İlahi kitablarda Rəsulullahın (s) təbii və ruhi əlamətləri barədə xəbərdar idilər. O Həzrət (s) - bəşərin gözlədiyi, intizarında olduğu bir Elçi idi.

Tarixi şəxsiyyət

Çox önəmli bir mətləbə də toxunmaq lazımdır. Rəsuli-Əkrəm (s) yeganə peyğəmbərdir ki, tarix onun mövcudiyyətini birmənalı olaraq təsdiqləyir. Yəni bütün öncəki peyğəmbərlər (ə) barədə məlumatlar müxtəlif rəvayətlərdə, dini mətnlərdə gəlmişdir, əsasən burada tarixi mənbələrə istinad yoxdur. Qurani-Kərim onları təsdiqlədiyi üçün bütün inanclı insanlar qeyd-şərtsiz bütün öncəki peyğəmbərləri (ə) haqq İlahi Elçilər olaraq qəbul edirlər. Amma iman gətirib-gətirməməsindən asılı olmayaraq, bütün insanlar Rəsuli-Əkrəmi (s) ən azı bir tarixi şəxsiyyət kimi qəbul edirlər. Hamı qəbul edir ki, Məkkə şəhərində yaşayan Abdullah adlı bir Allahpərəst insanın və Aminə adlı bir təqvalı xanımın Muhəmməd (s) adlı bir övladı dünyaya gəlir. Bütün mətləblər təsdiq edir ki, valideynləri dünyadan çox tez köçən bu mübarək insanı, babası Əbdül-Müttəlib himayəsinə götürür. Həzrətin (s) 40 yaşında ikən öz peyğəmbərlik missiyasına başlaması, 13 il Məkkədə olmazın müsibətlər şəraitində İlahi həqiqətləri insanlara çatdırması, sonra Mədinəyə hicrət edərək burada ədalət və həqiqət üzərində bərqərar olan bir İslam cameəsi qurması da tarixi həqiqətlərdir. Bu - bir tarixdir. Mifologiya deyil, folklor səviyyəsində, əfsanə səviyyəsində olan məsələ deyildir, tarixi gerçəkliklərdir. Sözsüz ki, bu amil də bir çoxlarının həqiqət yolunu seçməsində öz müsbət rolunu oynayır.

İlahi vəhyin əmini

Həzrət Əlidən (ə) belə bir mübarək hədis nəql edirlər: “Allah Təala Həzrət Muhəmmədi (s) aləmlər üçün çəkindirən və Quranın göndərilməsi üçün bir əmin olaraq məbus etdi (vəzifələndirdi)”.

Mübarək hədisdə bildirilir ki, Həzrət Peyğəmbər (s) insanları, bəşəriyyəti haqq yola dəvət edən, haqqı təbliğ edən, insanları bütün eybəcərliklərdən, mənfiliklərdən, pisliklərdən çəkindirən, bu işlərin pis aqibətlə sonuclanması haqqında xəbərdar edən bir Elçidir (s). Eyni zamanda Peyğəmbəri-Əkrəm (s) Allah əmanətinin əmini kimi tanıtdırılır. Allah-Təala Qiyamətədək dəyişməyən, haqq olan sonuncu Kitabını göndərmişdir və Peyğəmbəri (s) İlahi vəhyin əmini, əmanətin qoruyucusu qərar vermişdir.

İnsanı kamala yetişmək üçün xəlq edən Uca Allah, ona mütləq hidayət üçün keçinməz, zəruri və kafi məlumatı çatdırmalı idi. Hətta mübarək dinimiz, bunu Mütəal Allahın bir vədəsi olaraq təqdim edir. Və insanlara çatdırılan bu məlumat, mütləq əmin vasitələrlə ötürülməlidir, əks təqdirdə yenə İlahi hikmətə zidd olardı - nə mənası var o məlumatın ki, ötürüləndə təhrif olunacaq? Və peyğəmbərlərin (ə) hamısının məsumluğu da məhz bu məsələdən qaynaqlanır - İlahi kəlamı insanlara çatdıran insan, mütləq məsum - günahsız, səhvsiz, xətasız olmalıdır. Mübarək hədisdə nəql edilən “Quranın göndərilməsi üçün əmin olaraq məbus etdi” kəlməsi də bu məsələyə işarədir. Əmin - yəni əmanətdə sadiq, hər bir halda əmanəti qoruyan, ünvanına çatdıran.

Bir ulduzdur ki, işığı açıq-aydın və aşkardır...

Həzrət Əlidən (ə) nəql edilən digər mübarək hədisdə bildirilir: “Sübhan (vəsfedilməz, təkrarolunmaz) olan Allah Təala Həzrət Muhəmmədi (s) Öz kərəmi, lütfü ilə onun olduğu zirvəyə çatdırdıqda, o müqəddəs vücudu (Həzrət Peyğəmbəri (s)) ən üstün, ən ali mədənlərdən əmələ gətirdi. Əkmək üçün ən əziz olan köklərdən yaratdı. E Peyğəmbərin itrəti (Əhli-beyti) ən yaxşı Əhli-beytlərdəndir, şəcərəsi ən yaxşı şəcərələrdəndir ki, hərəmdə (Məkkədə) bitib və inkişaf edib. Kərəm, şərafətli olan o şəcərə (ağac) üçün şaxələr, budaqlar var ki, ucalıq və meyvələri baxımından tükənməzdir. O Həzrət - təqva göstərənin rəhbəridir, hidayət olmuş kəsin görmə vasitəsidir. Bir çıraqdır ki, nuru parlayır, bir ulduzdur ki, işığı açıq-aydın və aşkardırE Yaşam tərzi - etidal, sünnəti - inkişaf, kəlamı - haqqı batildən ayıran, hökmü - ədlin özüdür”.

Çox az mövzular tapmaq olar ki, bu cür qısalıqla belə böyük mətləblər çatdırılır. Hədisdə gözəl Əli (ə) fəsahət və bəlağətilə Həzrət Peyğəmbərə (s) xas mübarək cəhətlər açıqlanır. Öncə zərif bir müqayisə aparılır. Necə ki, qiymətli daş-qaşı, qızıl-gümüşü mədənlərdən çıxarırlar, Allah-Təala Peyğəmbərimizi (s) varlıq aləminin, yaradılış aləminin ən üstün, ən gözəl gizlinlərindən üzə çıxarmışdır. Peyğəmbərimizin (ə) ən nəcabətli, Allahpərəst insanların nəsəbindən seçilməsi vurğulanır. Digər tərəfdən, mühitin insanın müqəddəratında olan rolu vurğulanır. Məkkənin məxsusi bir müqəddəsliyinə işarə edilir.

Həzrət Peyğəmbərin (s) və Əhli-beytin (ə) məqamına gəldikdə isə, burada yalnız iradəvi təkamüldən söhbət gedə bilər. Belə ki, bu mübarək insanlar Allaha edilən xalis ibadətləri, təvəkkülləri, kamala qovuşmaq səyləri sayəsində malik olduqları o üstün məqama yetişmişlər. Hədisdə işarə edilir ki, təqvada, şücaətdə, kəramətdə, mərifətdə, ürfanda, hikmətdə, şərafətdə Rəsulun (s) itrətinin tayı-bərabəri yoxdur. Və bu itrətin (Əhli-beytin) səmərəsi də çox bərəkətli və tükənməzdir. Bu mübarək nəsil ucalıq və təqva baxımından yenilməzdir.

Və birmənalı olaraq hədisdə vurğulanır ki, Rəsuli-Əkrəm (s) müttəqilərin, təqva əhlinin rəhbəridir. Yolunu azmışlar onun nurundan məhrum olar, azğınlar onun göstərdiyi yolu görməzlər. O, hidayət olmuşların görmə vasitəsidir. Düzgün yolu seçmişlər onun vasitəsilə, onun gətirdiyi təlim, təbliğ etdiyi dəyərlər vasitəsilə dünyaya baxarlar. Və doğru yolu görmək istəyənlər üçün Həzrət (s) açıq-aydın yolgöstərəndir, amma azmışlar onun nurunu görməkdən məhrum olarlar.

Haqla batili ayıran

Peyğəmbərimizin (s) yaşam tərzinin mötədil, "qızıl orta xətt" üzrə olması vurğulanır. Nə ifrat var burada, nə də ki, təfrit. Həyat tərzi - inkişafdır, daim tərəqqidir. Durğunluq yoxdur onun yolunu gedənlərdə. "Bu günü dünənindən fərqlənməyən bizdən deyil" - deyir dinimiz. Daima inkişaf, vücudi tərəqqi var burada.

Rəsuli-Əkrəm (s) haqla batilin ayırd edilməsində heç bir məchulluq qoymamışdır. Mübarək kəlamları yaxşını pisdən seçmək istəyən üçün bir örnək, bir gerçək proqramdır.

Buyurduqlarında zərrədək məchulluq və sapmaq üçün zəmin olmaz. Hökmləri - açıq-aydın, ədalət üzərindədir, ədalətin özüdür. Ədalət bu hökmlərlə, bu təlimlə anınar.

Allah-Təala bizləri həqiqətən Rəsuli-Əkrəmlə (s) olanlardan, onunla yaşayanlardan, onun irsini yaşadanlardan qərar versin, inşəallah! Amin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR