İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəfa Quluzadədən yəhudi kəşfiyyatçının dediklərinə reaksiya

8346 28.05.2014 08:40 Gündəm A A

“Dini ekstremizm heç vaxt özbaşına baş vermir. Azərbaycanda da kortəbii surətdə dini ekstremizmin yaranması mümkün deyil”. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bu sözləri İsrailin nüfuzlu ekspertlərindən biri, sabiq diplomat Yakov Kedminin Azərbaycanla bağlı açıqlamasını şərh edərkən bildirdi. Xatırladaq ki, yəhudi ekspert Azərbaycanda dini ekstremizmi real təhlükə sayıb. “Məncə, dini zəmindəki ekstremist əhval-ruhiyyənin güclənməsi Azərbaycan dövləti üçün ən ciddi təhdidlərdən biridir. Bu və ya digər islamçı qrupların yaraqlılarının Suriyadan Azərbaycana qayıtması ölkədəki daxili sabitliyin kəskin şəkildə pozulmasına və terrorçuluq fəaliyyətinin artmasına səbəb ola bilər” deyə, ekspert bildirib.  

V.Quluzadə isə dini ekstremizmin arxasındakı qüvvələrə işıq salmağı vacib sayır: “Artıq hamıya aydındır ki, müxtəlif qüvvələr dini ekstremizmi özləri yaradır, öyrədir, silahlandırır və lazımi istiqamətlərdə istifadə edirlər. Yaxın Şərqdə, Əfqanıstanda dini ekstremizm geniş vüsət alıb. İndi Ukraynada guya çeçenlər könüllü döyüşür. Çeçen heç vaxt özbaşına gedib orda döyüşməzdi. Onu silahlandıran, təlimləndirən, maliyyələşdirən var. Heç Azərbaycandan Suriyaya gedənlər də özbaşına getmir. Bunların hamısının arxasında hansısa qüvvələr var. Ona görə də  dini ekstremizm məsələsində olduqca ayıq olmaz lazımdır”.

Qeyd edək ki, uzun illər ərzində İsrailin MDB və Baltikyanı ölkələr üzrə ixtisaslaşmış “Nativ” adlı xüsusi xidmət orqanına rəhbərlik edən Kidmi postsovet məkanının ən yaxşı bilicilərindən hesab olunur. “Bakı ilə Tehran arasında zaman-zaman gərginlik yaşanır. Səbəb Azərbaycanın İsraillə sıx müttəfiqlik münasibətləridir. Azərbaycan İsrail üçün doğrudanmı bu qədər vacib ölkədir” sualına cavabında o deyib: “İran Azərbaycanla İsrail arasındakı sıx münasibətlərdən, xüsusilə də müdafiə və kəşfiyyat sahəsindəki əməkdaşlıqdan bərk narahatdır. Amma İranın təzyiqlərinin effekti azdır. Çünki bu əməkdaşlıq daha çox Azərbaycanın maraqlarına uyğundur və Azərbaycanın təhlükəsizliyi, xüsusilə də İrandan gələn təhlükələrin önlənməsi baxımından vacibdir. İsraildən Azərbaycana silah göndərilməsi məsələsi ABŞ tərəfindən koordinasiya olunur. Bizim ölkələrimiz arasında xüsusi xidmət orqanlarının əməkdaşlığı sahəsindəki münasibətlər çox yaxşı səviyyədədir və səmərəlidir. Bu da hər iki tərəfi məmnun edir və onların maraqlarına uyğundur”.

Cavid TURAN


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR