İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəfa Quluzadə: “Tehran Ukrayna-Rusiya qarşıdurmasında öz məqsədinə çatdı”

3558 07.04.2015 08:35 Siyasət A A

Rəsmi Tehran illərdir davam etdirdiyi dirənişlərinin məntiqi nəticəsi olaraq böyük bir uğura imza atdı. Azərbaycanın ikinci böyük qonşusunda sevinclə qarşılanan Lozanna anlaşmasının müsbət və mənfi cəhətləri barədə ən müxtəlif rəylər, proqnozlar səslənir.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Qərb-İran anlaşmasını mühüm siyasi hadisə kimi qiymətləndirib.

Qərb-İran anlaşmasının Azərbaycanın Qərbdə önəminin azalması ilə bağlı iddialarının müəyyən mənada həqiqəti əks etdirdiyini etiraf edən mərkəz rəhbərinin fikrincə, bu anlaşma eyni zamanda Azərbaycan üçün yeni imkanlar açır: “Azərbaycan da dünyanın yenilənmə  istiqamətindən düzgün  nəticə çıxararaq ölkəmizin demokratikləşməsi, azad dünya ilə əlaqələrin gücləndirilməsi istiqamətində addımlar atmalıdır. Bu halda Qərb-İran anlaşması Azərbaycanın da maraqlarına köklü dərəcədə faydalı olacaq”. 


Bir sıra ekspertlərin qənaətincə isə bu anlaşma İranı özünə “nəfəslik” hesab edən Ermənistana əlavə imkanlar yaradır. Belə ki, işğalçı ölkə müsəlman qonşumuzun əl-qolunun açılması şəraitində daha geniş imkanlar əldə edə bilər. Böyük neft-qaz ehtiyatlarına malik İranın Qərblə dil tapması şəraitində Avropa üçün alternativ enerji mənbəyi sayılan Azərbaycanın önəminin azalacağı, üstəlik, ölkəmizin coğrafi əhəmiyyətinin arxa plana keçəcəyi də təxmin olunur. 

ABŞ-İran qarşıdurmasının ən pik dönəmində müharibə anonsları verən, lakin ehtimalları doğrulmayan ekspertlərimizlə də danışdıq. 

“Həqiqətən də 2006-2010-cu illərdə Corc Buş dönəmində ABŞ-ın bu məsələni hərb yolu ilə həll etmək planı olub və müharibənin başlanma ehtimalı da çox yüksək olub. Zamanı gələndə, arxivlər açılanda bu barədə faktlar ortaya çıxacaq. Mənim o zaman istifadə etdiyim məlumatlar isə kəşfiyyat məlumatları idi. Bu barədə mən şəxsən məlumatlar almışdım”. 

Bu fikirləri politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında söylədi. İndiki barış vəziyyətinə gəldikdə, o bildirdi ki, Obama hakimiyyəti dövründə xarici siyasətdə ciddi korrektələr olub: “Həmin dövrdə ABŞ cəmiyyətində bir yorğunluq da var idi. Bəzi dövlətlərin sərt mövqeyinə baxmayaraq, Obama ”yumşaq güc"dən istifadə etdi və son nəticədə İranla müəyyən razılaşma əldə olundu. Onu da deyim ki, tərəflər indiki situasiyada çox ehtiyatlı mövqe sərgiləyirlər. Çünki hələ hansısa saziş imzalanmayıb. İndiki halda ABŞ-ın özündə də narahatlıqlar var. O baxımdan mən də situasiyaya ehtiyatlı yanaşanlardanam". 


ABŞ-İran anlaşmasının konkret nəticələrinə gəldikdə, S.Əkbər hesab edir ki, Azərbaycanın maraqları baxımından birmənalı fikir bildirmək çətindir: “Bakıdan baxış bucağı altında yanaşdıqda, birincisi, İran neft və qaz ölkəsidir, neft ehtiyatına görə dünyada dördüncüdür. İran enerji bazarında mühüm yer tutur. Bu anlaşma dünya bazarında neftin və qazın qiymətinin kəskin aşağı düşməsinə səbəb olacaq. İkincisi, enerji bazarında Azərbaycanın, o cümlədən Rusiyanın çox güclü rəqibi ortaya çıxacaq, enerji təhlükəsizliyində Azərbaycanın önəmi aşağı düşəcək. Eyni zamanda coğrafi mövqeyimizin önəmi aşağı düşəcək”. 

S.Əkbərə görə, ilk baxışdan belə görünür ki, bu razılaşma Bakı ilə Tehranın münasibətlərini normallaşdırmaq üçün şərait yaradacaq: “İran-Azərbaycan münasibətlərinin normallaşması üçün şərait yaransa, bu, qonşu ölkənin Azərbaycana yatırım qoymasına imkan verəcək. O cümlədən Azərbaycanın İranla ticarət, iqtisadi əlaqələrini gücləndirmək, enerji layihələrində iştirak imkanları artacaq. Amma digər tərəfdən, İran hələ sanksiyalardan ciddi zərbələr aldığı dövrdə aqressiv xarici siyasət aparırdı. Yəni İran o vəziyyətində belə Suriya, Livan və Yəməndə çox aqressiv xarici siyasət aparır, hərbi əməliyyatları dəstəkləyirdi. Təsəvvür edin ki, sanksiyalardan sonra İran hansı siyasət yürüdəcək. O baxımdan bu məsələ hərtərəfli analiz olunmalıdır. Ən müsbət tərəfi İranın nüvə silahı əldə etməməsi, böyük potensial təhlükənin ortadan qalxmasıdır”.


Zamanında müharibə proqnozu verən politoloq Vəfa Quluzadə dedi ki, o vaxt ABŞ-İran müharibəsi lap yaxında olub: “Suriya ilə də müharibə az qala başlayacaqdı. Amerika gəmilərini Suriya sahillərinə çəkmişdi, bir həmləyə Əsəd rejimini məhv edəcəkdi. Ancaq buna getmədi, geri qayıtdı, bu böyük strateji məsələdir. İran o zaman İsrail üçün böyük təhlükə sayılırdı, İsrail də istəyirdi ki, Amerika İranı vursun. Yaxşı ki, baş vermədi. Əgər baş versəydi, dünyada başqa hadisələr yaşanacaqdı. ABŞ başa düşdü ki, əsas təhlükə İran deyil. Çünki İran hələ nüvə silahını yaradacaqdı. Amma sovetlər dövründən qalmış nüvə raketlərinin hamısı Amerika və NATO-ya tuşlanmış vəziyyətdədir. Yəqin ABŞ bunu nəzərə alaraq və Suriyada yeni müharibəni arzuolunmaz sayaraq buna getmədi. Yəni böyük strateji maraqlar İrana zərbə vurmağa qoymadı və Tehran Ukrayna-Rusiya qarşıdurmasında öz məqsədinə çatdı. Amerika bir daha gördü ki, dünyaya əsas təhlükə Rusiyadan gəlir”.

V.Quluzadə güman etmir ki, bu şərait Ermənistanın faydasınadır: “Ermənistanın gələcəyi Qarabağ məsələsinin həllindən keçir. Bu həll də Rusiyanın zəifləməsinə bağlıdır”. Politoloq hesab edir ki, İranla anlaşma neftin ucuzlaşmasına səbəb olacaq və bu da daha çox Rusiyaya ziyandır: “Biz Rusiya qədər neftdən asılı ölkə deyilik. Bu anlaşmanın Azərbaycana xeyri var, ziyanı yox. İranla Qərbin yaxınlaşması şəraitində Azərbaycanın boru kəmərlərindən İranın da neft-qazı gedə bilər. Üstəlik, İranın  Amerika ilə yaxınlaşması Azərbaycana Tehranın sərt tənqidlərini də azaldacaq”.

E.PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR