“Mən prezident Armen Sərkisyanın tərəfləri masa arxasına oturtmaqla situasiyanı sakitləşdirmək istəyinə inanmıram”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan müxalifətinin formal lideri, “Vətəni xilas hərəkatı”nın baş nazirliyə namizədi Vazgen Manukyan jurnalistlərlə söhbətində bildirib.
V.Manukyanın sözlərinə görə, prezidentin ötən 2 il yarımda hadisələrin gedişatına təsir göstərmək və beləliklə, gərginlikdən qaçmaq üçün çox imkanı olub.
“Bu adam heç vaxt öz ölkəsinin deyil, başqalarının maraqları ilə hərəkət edib. Ona görə də onun xalqa çağırışları gözəl səslənir. Uzaqdan baxanda ölkədəki vəziyyətə görə narahat olan, hər kəsi bir araya toplayan, millətin atası kimi görünür. Lakin mənim onun motivləri ilə bağlı ciddi şübhələrim var. Armen Sərkisyan baş qərargah rəisi Onik Qaaryanın azad olunması barədə qərarı asanlıqla Konstitusiya məhkəməsinə göndərə bilərdi. Lakin o, bunu etmədi və nəticədə situasiyanın daha da dərinləşməsinə səbəb oldu”,-deyə o söyləyib.
Musavat.com






