14 noyabr tarixində Vaşinqtonda Alman Marşal Fondunda keçirilən və ABŞ-da səfərdə olan Ermənistan Parlamenti Spikerinin müavini Vahe Enfiajyanın, Lilit Makuntsun (Paşinyanın “Mənim addımım” alyansının rəhbəri), Edmon Marukyanın və Tatevik Hayrapetyanın çıxış etdiyi “Ermənistanda məxməri inqilabın vədləri: demokratik islahatların irəli aparılması və ABŞ ilə strateji əməkdaşlığın gücləndirilməsi” adlı tədbir erməni parlamentariləri üçün uğursuzluqla nəticələnmişdir. Ermənistanın yeni hökumətinin təbliğinə yönəlmiş bu tədbirə bir neçə həftə hazırlığa baxmayaraq, tədbirə 13-14 nəfər iştirakçı qatılmışdır. Bu bir daha Ermənistanın “islahat” iddialarına ABŞ tərəfindən skeptik yanaşmanı nümayiş etdirmişdir. Bununla yanaşı, Türkiyə Prezidentinin ABŞ-a səfəri erməni deputatlarının bu səfərini kölgədə qoymuşdur.
Musavat.com-un məlumatına görə, çıxış edən erməni deputatlar iddia edilən “demokratik islahatların” mahiyyəti məsələsinə aydınlıq gətirməmiş, iqtisadiyyatın gücləndirilməsi və Ermənistan əhalisinin rifahının yaxşılaşdırılması üzrə Paşinyan hakimiyyətinin hansı işlər gördüyü barədə suallara cavab verməmişlər. Erməni parlamentariləri “məxməri inqilab” adlandırdıqları prosesin xarici siyasətdə dəyişikliyə səbəb olmayacağı barədə tezisi təkrarlamışlar. Onlar, ABŞ-la strateji dialoqa başladıqlarını qeyd etsələr də, bu dialoqun hansı məzmuna malik olduğu ilə bağlı sualın cavablandırılmasında çətinlik çəkmişlər.
“Ermənistanın sülh səylərinə sadiq olduğu” və “Ermənistan və Azərbaycan ilə yanaşı “Dağlıq Qarabağ əhalisinə” sərf edən həll yolunun tapılmasına çağırışa” dair Paşinyan hakimiyyətinin mövqeyini təkrarlanması qarşılığında Azərbaycan diplomatı tərəfindən verilən sual erməni parlamentarilər arasında çaşqınlıq yaratmışdır. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərindən 750 mindən yuxarı əhalinin qovulduğu, eləcə də məcburi köçkünlərin geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bölgənin gələcək statusunun müəyyənləşdirilməsi barədə münaqişənin həlli mexanizmi kontekstində “Dağlıq Qarabağ əhalisi” anlamının hansı mənanı ifadə etdiyi, habelə bir qonşu ölkənin ərazisini işğalının, digərinə (Türkiyə) qarşı isə ərazi iddialarının Ermənistanın “demokratik və islahatçı” siyasətinə nə qədər uyğun gəldiyi suallarına cavab verə bilməmişlər.
Tədbirdə bununla yanaşı, Ermənistanın ABŞ-ın maliyyə dəstəyi ilə tikdiyi bioloji laboratoriyalara Rusiyaya girişə icazə verməsinin ABŞ tərəfinə necə izah olunduğu və Ermənistanda Rusiya bazasının saxlanmasının hansı məqsədlərə xidmət etdiyi ilə bağlı Azərbaycan əsilli jurnalist Rafiq Qurbanzadə tərəfindən verilən suallar erməni deputatların narahatlığına səbəb olmuşdur. Erməni parlamentarilər bundan əlavə Ermənistanda məhkəmə islahatlarının müddəti, Suriyaya missiya göndərməsinin səbəbləri, ABŞ ilə əməkdaşlığın məzmununun nədən ibarət olduğu kimi digər iştirakçılar tərəfindən verilmiş suallara olduqca səthi cavablar verməklə kifayətlənmişlər.
Beləliklə, erməni Parlament üzvlərinin çıxışı Ermənistanda iddia edilən “islahatlar” ilə bağlı məlumat kasadlığı ilə yanaşı, ünvanlanan suallara əsassız və səthi cavab verməkləri ilə yadda qalmışdır.
Musavat.com






