İnsanlara hürriyət, millətlərə istiqlal!

VAŞİNQTON- BAKI SAVAŞININ PƏRDƏARXASI

13516 10.02.2011 09:59 Gündəm A A

Bu sensasion açıqlamanı müxbirimizə hakimiyyət düşərgəsinə yaxın olan şəxslərdən biri söyləyib. Onun deməsinə görə, prezident İlham Əliyev 2005-ci ildə demokratik islahatlara dair ciddi qərar vermiş və bu proses başlamışdı: “2005-ci ilin aprelindən etibarən qərar verildi ki, demokratik islahatlara gedilsin. Həmin il parlament seçkilərində müxalifətdən minimum 20, maksimum 25 nəfər parlamentə buraxılacaq, Milli Məclisin vitse-spikerlərindən biri müxalifətdən olacaqdı. Prezident Qərbdən gələnlərə açıq deyirdi ki, o, öz ölkəsində demokratik islahatlara hazırdır, bunu edəcək; lakin onu bu prosesin sürəti və nəzarətdən çıxaraq xaosa dönməsi narahat edir...”
Rino HarnışMüsahibimiz iddia edir ki, ABŞ bütün bunların qarşılığında Azərbaycanda dövlət çevrilişi etmək təşəbbüsü göstərən bir qrup avantüristi dəstəklədi: “O zamankı səfir Rino Harnışin, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Dövlət Departamentinin məsul əməkdaşlarının rəhbərliyi ilə Bakıda bir mərkəz quruldu. Bu mərkəz Əliyevi hakimiyyətin içərisindən devirəcək tərəfdarlar da tapmışdı. Beləliklə, 2005-ci ilin oktyabr ayında müxalifətin bir cinahı ilə hakimiyyətdəki müəyyən səbatsız adamlar əlaqələndirildi və rəsmən Rəsul Quliyevin adı ilə, əslində isə hakimiyyətdəki Fərhad Əliyev, Əli İnsanov kimi satqınların timsalında çevriliş prosesinə start verildi”.
Şərti olaraq “Cənab X” adlandırdığımız qaynaq iddia edir ki, ABŞ-ın o avantürası olmasaydı, indi Azərbaycanda tamamilə başqa vəziyyət ola bilərdi. Belə çıxır ki, bu olaylardan sonra Əliyev iqtidarı ABŞ-a və demokratiyaya küsüb. Və islahatlarla bağlı qərar dəyişib: “İmkanı olsa, Amerika bizi indi də devirmək istəyər. Lakin iqtidara gətirməyə alternativi yoxdur”.
“Cənab X” deyir ki, dünyada gedən proseslərin fonunda xarici bədxahlarımız Azərbaycanı yenə qarışdırmaq istəyir və bu baxımdan da gərək iqtidarlı-müxalifətli hamımız ayıq-sayıq olaq, vətənpərvər olaq, təhriklərə getməyək...
Bunu o deyir. Lakin gerçək vəziyyət nədir və həmin gerçəkliklər nə söyləyir? Belə bir aktual sual ətrafında bəzi düşüncələrimizi oxucularımızın diqqətinə çatdırırıq.

***

Ərəb ölkələrində gedən xalq hərəkatları və buna dünyadakı reaksiyalar Azərbaycan müxalifətinə ciddi təkan verib; onu bir növ ürəkləndirib. Total seçki saxtakarlıqları nəticəsində parlamentdən kənarda qalan və sıradan çıxarılmaq ərəfəsində olan ənənəvi müxalifət WikiLeaks-dan sonra daha bir stimul əldə edib. Hələlik müxalifət hər iki faktordan o qədər də uğurlu istifadə etməyib; lakin bu, danılmazdır ki, məhz bir-birinin ardınca gələn bu iki dalğa Azərbaycanda siyasi ləhcəni tamamilə dəyişdirib. Müxalifətimiz az da olsa toparlanıb. İndi qalıb yenidən təşkilatlanmaq və əsas alternativ iddiası ilə dünyaya “burada mən varam” mesajını vermək...
Belə bir durumda dünyanın əsas gücü hesab olunan ABŞ da Azərbaycan iqtidarını ciddi şəkildə vurmaqdadır. Bu ölkənin ən önəmli qəzetlərində kiçik Azərbaycan Respublikasına, onun iqtidarına, xüsusilə də prezidentinə böyük önəm verilməyə başlanıb. Bir-birinin ardınca ifşaedici faktların dərc olunması, ən son olaraq da prezidenti müsəlman ölkələrindəki diktatorlarla müqayisə edərək ona açıq təhdidlərin yağdırılması şübhəsiz ki, Azərbaycanın daxili siyasətindəki gedişatlara da təsir göstərir. Bir neçə ay öncəyə qədər bütün ümidlərini itirmiş müxalifətin fəal dəstəkçiləri eyforik həddə qədər dirçəlib. Hər şeyin sonuna gəlmiş kimi əlini yelləyənlər indi yumruq sıxmağa başlayıblar. Müxalifət elektoratı artıq müxalifətin liderlərindən daha inamlı, daha radikal əhval-ruhiyyədədir. Protest elektoratı inanır ki, ABŞ bu hakimiyyətdən üz döndərib və onun yıxılmasını istəyir. Bu baxımdan hesab edir ki, artıq vaxtdır, hərəkətə keçmək lazımdır. Təəssüf ki, belə bir vəziyyətdə müxalifətin strukturlaşmış hissəsi - partiyalar hərəkət üçün heç də hazır durumda deyil. Bu da o deməkdir ki, əgər müxalifət fəallarında olan eyforik əhval-ruhiyyə cəmiyyətə də yoluxsa, Azərbaycanda xalq etirazlarının başlanması qaçılmazdır. Elektorat onu təmsil edən təşkilatdan qabağa keçəndə adətən bu cür proseslər başlayır...
Azərbaycan hakimiyyəti isə artıq neçə gündür yazdığımız kimi, bütün bunların qarşısını almaq üçün işləyir. Dünənki manşetimizdə də var, bu gün də veririk; “Çistilişe” kod adı ilə hazırlatdıqları planı dövriyyəyə soxub və artıq hərəkətə keçiblər. Hələlik bu mərhələ müxalifəti və onun fəal elektoratını daha da ürəkləndirib. Hamı düşünür ki, Azərbaycan iqtidarı ərəb ölkələrindəki xalq hərəkatlarına baxdı, ondan gözü qorxdu və indi də öz xalqının qorxusundan kampaniyaya başlayıb...
Bu da var. Lakin hamısı deyil. Məsələ yalnız “ərəb dalğası” ilə də məhdudlaşmır. İş daha dərindədir. Gözümüzün qabağında dünyanın düzəni dəyişir və bu yeni düzəndə xalqlarını sıxışdıraraq nəticədə onun dağıdıcı qüvvəyə çevrilməsinə yol verən iqtidarlar gedəcəklər. Dünyanın nəhəng gücləri, xüsusilə də ABŞ özünün köhnə və ən sadiq dostlarını - müsəlman diktatorları yerli xalqların qəzəbindən qoruya bilmir. Xalqlar günün birində ayağa qalxır və Amerikanın dəstəklədiyi diktatura rejimlərini yıxır. İndi bu proses o dərəcədə geniş vüsət alıb ki, dalğanın hətta yarımavtoritar ölkə olan Azərbaycanı da əhatə edəcəyinə dair ehtimallar var. Yuxarıda iqtidar təəssübkeşinin də ifadə etdiyi kimi, heç şübhəsiz ki, eyni proses Azərbaycanda da başlasa, ABŞ bu dəfə 2003-cü ildən fərqli olaraq Azərbaycan xalqını, demokratik qüvvələri dəstəkləyəcək. Həm də ona görə ki, artıq Azərbaycanda ABŞ-ın ümid bəslədiyi, gələcəyində özünün maraqlarını gördüyü iqtidar da yoxdur...

***

Belə çıxır ki, doğrudan da Azərbaycan iqtidarı ABŞ-ın ona münasibəti barədə eynilə müxalifətin aktiv dəstəkçiləri kimi düşünür. İqtidar düşərgəsinə yaxın olan başqa qaynaqlardan bizə gələn xəbərlər də təsdiq edir ki, YAP iqtidarı ABŞ-ın ilk fürsətdəcə onun yıxılması üçün mümkün olan hər şeyi edəcəyini bilir. Sadəcə “alternativ siyasi qüvvə” anlayışı Qərb üçün, özəlliklə də ABŞ-dan ötrü çox önəmlidir. Yuxarıda deyilənlərə bu məqamda haqq verməli oluruq: bu iqtidar siyasi səhnədə elə bir dağınıqlıq yaradıb ki, onun alternativlərinin kritik anda ölkənin siyasi məsuliyyətini öz üzərinə götürə bilməsi hələlik mümkünsüz görünür.
Belə bir mülahizəni bəzi diplomatik qaynaqlar da bölüşür. Hesab olunur ki, bu səbəbdən də hələlik ABŞ qəti addımlara getmir. Həm də hazırlıqsız müxalifəti də təhrik etmir: “Lakin kiminsə qabağa çıxmasını da əngəlləməyəcəklər. Tam əksinə, kim önə çıxmaq və siyasəti küçələrə daşımaq təşəbbüsü göstərsə, ona dəstək də veriləcək”. Bu da Bakıdakı diplomatik qaynaqlardan gələn rəylərdən biridir.
Müşahidələr onu göstərir ki, hələlik vəziyyəti dəyərləndirərək önə çıxmaq təşəbbüsünü yalnız AXCP göstərir. Doğrudur, iqtidar düşərgəsinə yaxın olan fərqli qaynaqlar iddia edir ki, onlar müxalifətdən narahat deyillər; Azərbaycanda situasiyanı “ölkəmizi istəməyən xarici düşmənlər” qarışdırmaq istəyirlər. Lakin hakimiyyətin davranışları göstərir ki, onlar müxalif düşərgədəki qımıltılardan da rahatsız olurlar. Son vaxtlar həyata keçirilən həbslər buna bir sübutdur.

***

İqtidardakı başqa qaynaqlara görə, Qərbin, konkret olaraq Amerikanın Azərbaycan hakimiyyətini sıxışdırmasının altında yatan məqam əslində sadədir: “Amerika İlham Əliyevi və onun hakimiyyətini özünün sözəbaxan tərəfdarlarına çevirə bilmədi. Onlar gözləyirdi ki, prezident Qarabağ məsələsində güzəşt mövqeyi tutacaq, bu da olmadı. Münasibətləri korlayan əsas faktor budur”.
Hakimiyyət düşərgəsindən gələn bilgilərdə o da vurğulanır ki, rəsmi Bakı Azərbaycanın xüsusi xidmət orqanlarında yaxın zamanlara qədər mövcud olan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qeyri-rəsmi ofislərini qapadandan sonra ABŞ-ın iqtidara münasibəti daha da pisləşib. Bu bilgilərdən belə aydın olur ki, ABŞ kəşfiyyatı hətta yaxın zamanlara qədər Azərbaycanın hüquq-mühafizə orqanlarının baş ofislərində xüsusi otaqlara sahib imiş (Analoji vəziyyət vaxtilə Türkiyədə müşahidə olunub. Artıq rəsmən açıqlanan sənədlər də sübut edir ki, qardaş ölkənin xüsusi xidmət orqanlarının əsas ofislərində MKİ-nin ayrıca otaqları olub və Amerikanın Türkiyə dövlətinin bütün məxfi xəbərlərinə operativ çıxışı olub. Bu hal ötən əsrin 80-ci illərinə qədər davam edib. İndi aydın olur ki, eyni vəziyyət bizdə də təkrar olunub).
Doğrudur, iqtidar texnoloqlarından biri müxbirimizə söyləyib ki, bu hadisənin başlanğıcı Elçibəy hakimiyyətinin son aylarından hesablanmalıdır; onu məhz indiki prezident ABŞ-ı narazı salmaq bahasına və dövlətçilik naminə aradan qaldırıb. Ancaq milli hakimiyyətin rəhbərliyində olmuş şəxslər bu məlumatı qəti şəkildə inkar etdilər. Ciddi hadisədir və buna görə hər iki tərəf - həm ABŞ, həm də Azərbaycan iqtidarı xalq qarşısında izahat verməlidir.

***

2005-ci ildə Azərbaycanda “başqa vəziyyət” olmadı. Bilgilərdən belə anlaşılır ki, Rusiya və ABŞ kəşfiyyatının Bakıdakı örtülü müharibəsini o zaman Amerika uduzdu. İndi bunun üstündən 5 ildən də artıq zaman keçir. ABŞ-ın revanşa oynayıb-oynamadığını söyləmək bizim üçün çətindir. Lakin bir məsələ yəqindir: artıq ölkəmizdə “başqa vəziyyət” başlayıb. Bundan sonra heç nə əskilərdəki kimi olmayacaq. Bunu da deyəsən, hər kəs bilir və... hazırlaşır. Hamıdan xəbər var... Birindən başqa... Xalq... O, nə deyir...
Bir il öncə Tunis və Misirdə də xalqdan xəbər yox idi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR