Məlum olduğu kimi ölkədə koronavirusla bağlı vəziyyət xeyli gərginləşib. Dekabrın 8-nə olan məlumata görə ölkədə son sutkada 4387 nəfər virusa yoluxub, koronavirus testi pozitiv çıxan xəstələrin 38 nəfəri isə dünyasını dəyişib. Hazırda ölkədə aktiv xəstə sayının 59028 nəfər olduğu bildirilir. Məlum məsələdir ki, virusa yoluxan xəstələrin demək olar ki, böyük əksəriyyəti evdə müalicə almağa üstünlük verir. Ümumilikdə isə artıq xəstəxanalarda da artıq yer tapmaq, lazımi tibbi yardım almaq müşkül məsələyə çevrilib.
Xəstələrin sayı artdıqca insanların virusla bağlı narahatlığı da bir xeyli artıb. Özündə müəyyən simptomları olan, virusa yoluxmasından şübhələnən şəxslər Təcili Tibbi Yardıma müraciət edir. Lakin artıq bir çoxları üçün Təcili Tibbi Yardıma müraciət etmək də müşkülə çevrilib. İddialara görə bəzən müraciətdən 2-3 gün sonra Təcili Tibbi Yardım evə gəlib, çata bilir. Hətta tanınmışlar da artıq bu barədə sosial şəbəkələrdə öz narazılıqlarını bildirirlər. 
Məsələn, Əməkdar artist, müğənni Səbinə Babayeva bu barədə qeyd edib:
"Qoca adamlar xəstələnib öz evlərində günlərlə 103-ə zəng edirlər "siz 39-cusunuz xəttə gözləyin" eşidirlər, onlar nə sahə həkimindən müalicə görür, nə dərman... Heç bir diqqət görmürlər. Uşaq xəstələnir zəng edirsən həkimə, deyir bizdə protokol yoxdur, özün dərman verərsən. Cavan isə xəstələnsə, o halda gedib öz ayağıyla, öz puluna test etməlidir. Çünki 103 yalniz 3 gün ərzində gəlir və təbii ki, öz puluna da dərman almalısan... “
Şikayətlərin çoxluğunu nəzərə alaraq Səhiyyə Nazirliyi ötən gün açıqlama yaydı. Nazirliyin baş infeksionisti Təyyar Eyvazov koronaviruslu xəstələrin və COVID-19-a şübhəli insanların hansı hallarda poliklinikaya, hansı hallarda isə təcili tibbi yardıma müraciət etməli olduqları məsələsinə aydınlıq gətirib. O, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif sualların məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna biləcəyini deyib.

Təyyar Eyvazov qeyd edib ki, bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur: "Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir. Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağrışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın gecikməsinə səbəb olur".
T.Eyvazov eyni zamanda vətəndaşların hansı qaydalara riayət etməli olduqlarını da bildirib: "Gəlin məsulliyyətli olaq, qoruyucu vasitələrdən hamılıqla və düzgün istifadə edək, özümüzü, yaxınlarımızı qoruyaq, təmaslarımızı azaldaq, xəstəlik əlamətləri hiss etdikdə özümüzü təcrid edərək həkimə müraciət edək və digərlərinin həyatını riskə atmayaq”.
Səhiyyə Nazirliyindən gələn bu açıqlama bir çoxlarını qane etməsə də, mütəxəssislər hazırkı vəziyyətin ağır olduğunu və bu baxımdan Təcili Tibbi Yardımın işinin xeyli çətinləşdiyini qeyd edir.
Bu da bir faktdır ki, evdə müalicə alan xəstələrin bir çoxu qeydiyyatda olduğu poliklinikalar ilə əlaqə saxlaya, həkim məsləhəti ala bilmirlər. Artıq təkliflər var ki, televiziyalarda və sosial mediada 24 saat ərzində koronavirusun müalicəsi ilə məşğul olan növbətçi həkimlər zəng vuran insanları konsultasiya etsin. Və yaxud bütün poliklinikalarda, tibb müəssisələrində növbətçi həkimlər ayrıla bilər ki, görüntülü olaraq xəstələr 24 saat ərzində onlarla yaşayış yeri üzrə əlaqə saxlaya bilsin.

Məsələ ilə bağlı tanınmış həkim Vasif İsmayıl “Yeni Müsavat”a danışıb:
“Bu artıq hər kəsə məlumdur ki, ölkədə virusa yoluxanların sayı artıq və həkim personalının bütün xəstələrə qulluq etmək imkanı çətinləşib. Bu baxımdan mövcud vəziyyət anlaşılandır.
Tutaq ki, həkimlər televiziyalar, mətbuat vasitəsi ilə xəstələrə öz tövsiyələrini, məsləhətlərini versin. Lakin əgər sadə vətəndaş dərman tapa bilmirsə, adi məsləhət hansı işə yaraya bilər? Bunun da düşünmək lazımdır. Bu gün koronavirusla bağlı dərmanlar tapılmır. Həmin dərmanları indi “qara bazar”da tapmaq mümkündür, hansı ki, qiymətləri dəfələrlə bahadır. Məsələn, bir dərmanın qiyməti 450 manatdan yuxarıdır. Bunun sadə vətəndaş necə alsın?
Görünəni odur ki, hər kəs öz şirkətini qurub bu məsələ inhisarlaşıb. Aylardır, illərdir ki, biz həkimlər bu barədə danışırıq. Bəli, indiki vəziyyət inhisarlaşmanın bir nəticəsidir”.
Xalidə Gəray
“Yeni Müsavat”






