İnsanlara hürriyət, millətlərə istiqlal!

“Varlılarla bizimki tutmaz” deyən nazir – sovet səhiyyəsinin rəhbərinə sanatoriyada pis otaq veriblər, susub

5740 24.11.2018 11:50 Maraqlı A A

O, şəxsən Nikita Xruşovun təşəbbüsü ilə nazir təyin olunmuşdu. Bu təyinatda onun işgüzarlığı, yüksək təşkilatçılıq bacarığı, “təmiz əlləri”, Böyük Vətən müharibəsi illərindəki fəaliyyəti nəzərə alınmışdı. Amma yəqin ki, Xruşov Mariya Kovriginanın həddən artıq təşəbbüskarlığını, nöqsanlara göz yummayan bir xanım olduğunu, ən yüksək tribunalardan, hətta yeri gələndə hökuməti tənqid edə bilmək cəsarətini nəzərə almamışdı və bu “səhv”ini düzəltmək üçün Xruşov 1959-cu ildə öz kadrını “zəif kommunist” adlandıranda Kovrigina yenidən öz gücünü göstərmişdi, nazir vəziəsindən azad edilməsi ilə bağlı ərizəsini rəhbərə şəxsən təqdim edərək onun reaksiyasını gözləmədən kabineti tərk etmişdi...

Orta məktəb illərindən fəal komsomolçu olan Kovrigina Sverdlovsk Tibb institutunda təhsil alarkən komsomol təşkilatının katibi olub, ali təhsilini əla qiymətlərlə başa vurub. Həkim kimi ilk fəaliyyətinə Çelyabinskdə başlayıb. 1940-cı ildən fəaliyyətini partiya orqanlarında davam etdirib, Çelyabinsk vilayət partiya komitəsində təlimatçı, kadrlar şöbəsinin rəisi vəzifələrində çalışıb.

Müharibə başlananda Kovrigina Çelyabinsk vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə keçirilib. Sosial məsələlərə cavabdeh olan Kovrigina müharibənin ilk iki ağır ilində döyüş bölgələrindən Çelyabinskə təxliyyə edilənlərin yerləşdirilməsi, onların sosial problemlərinin həlli ilə məşğul olub. O, bu sahədəki fəaliyyətini elə bir səviyyədə qurub ki, Kovriginanın adı “arxa cəbhə qəhrəmanı” kimi Kremldə tez-tez hallandırılıb. Elə bunun da nəticəsi olaraq 1942-ci ildə 32 yaşlı Mariya Kovrigina Moskvaya dəvət olunub, onu SSRİ səhiyyə komissarlığına (nazirliyinə) müavin təyin ediblər.

Bu təyinatdan sonra Kovriginanın vəzifə karyerasında sürətli irəliləyiş başlayıb. O artıq 1950-ci ildə Rusiyanın səhiyə naziri, 1954-cü ildə isə SSRİ-nin səhiyyə naziri vəzifəsinə irəli çəkilib.

Hökumətdə təmsil olunan yeganə nazir xanımın Kreml müşavirələrindəki hər çıxışı böyük səs-küyə və həm də Siyasi Büronun iclaslarında müzakirə mövzusuna çevrilib.

Kovrigina SSRİ-nin səhiyyə sistemində ciddi islahatlar apararaq bir çox ilklərə imza atıb.

Onun gərgin əməyi və mübarizəsi sayəsində “Qəhrəman ana” fəxri adı təsis olunub.

Kovrigina tək və çoxuşaqlı analara dövlət qayğısının artırılmasına nail olub.

Məhz onun sayəsində vərəm xəstələri üçün xüsusi dispanserlər fəaliyyətə başlayıb, onların müalicəsi üçün dövlət proqramı qəbul edilib, mənzil bölgüsündə vərəm xəstələri üçün əlavə sahə ayrılıb.

Kovrigina 1936-cı ildən qüvvəyə minən “abortların qadağan olunması” qanununu ləğv etdirib.

Uşaq sağlamlığı ilə bağlı Kovriginanın işləyib hazırladığı proqram dövlət səviyyəsində qəbul olunub.

SSRİ-də dekret məzuniyyətinin uzadılması da onun fəaliyyətinin nəticəsi olub.

Kovriginanın Kreml məmurlarını narazı salan təkliflərindən biri müalicə müəssisələrində sıravi vətəndaşlara gündəlik ayrılan vəsaitin 8 manat 10 qəpik olduğu halda, dövlət məmurları üçün bu məbləğin 46 manat 80 qəpik olmasına narazılığını bildirməsi və bu sosial ədalətsizliyin aradan qaldırılması ilə bağlı sərt çıxışı olub.

Daha sərt çıxışlardan biri isə başçılıq etdiyi nazirliyin tabeliyindəki, əsasən Kreml məmurlarının sağlamlıq durumu ilə məşğul olan 4-cü idarənin əməkdaşlarına “yuxarıların” verdiyi xüsusi imtiyazların aradan qaldırılması, ümumiyyətlə, bu idarənin ştat vahidlərinin süni surətdə şişirdilməsi ilə bağlı olub.

Kovriginanın kurort şəhəri olan Soçidə acınacaqlı ekoloji vəziyyətlə bağlı sərt çıxışı, müvafiq partiya rəhbərlərini tənqid etməsi Siyasi Büroda müzakirəyə çıxarılaraq kadr dəyişikliyi ilə nəticələnib.

Xanım nazirin qaldırdığı məsələlərdən biri də atom sınaqlarının keçirilməsi zamanı əhalinin sağlamlığının təhlükə altında qalması ilə bağlı olub. Kovrigina Dövlət Statistika Komitəsindən əldə etdiyi şüalanma ilə əlaqədar xəstələnənlərin siyahısını təqdim edib və vurğulayıb ki, faktla bağlı rəqəmlər hər il artır. Bu çıxışından sonra Kreml rəhbərliyi nazirin Statistika Komitəsinə “giriş”inə qadağa qoyub.

Təbii ki, bu kimi sərt çıxışlar Kovriginanı Kremldə arzuolunmaz şəxsə çevirib və nəhayətdə Xruşov onu “zəif kommunist” adlandırıb. Hədəfdə olduğunu hiss edən nazir ərizəsini yazaraq çox sakit şəkildə vəzifəsini tərk edib.

O, nazir kürsüsünü təhvil verdikdən sonra 1959-cu ildən 1986-cı ilə qədər həkimlərin təkmilləşdirmə institutuna rəhbərlik edib.

Mariya Kovrigina olduqca sadə həyat tərzi sürüb. Dövlət tərəfindən verilən mənzilindəki bütün əşyalar da dövlətə məxsus olub. Mebeldən tutmuş mətbəxdəki stol və stullara qədər bütün avadanlıqların arxasında işlər idarəsinin “birka”ları olub.

Nazir xidməti maşınından yalnız işə gedib-gəlmək üçün istifadə edib. İstirahət günlərində Kovrigina dükan-bazara piyada gedib, alış-veriş etdikdən sonra isə evə ictimai nəqliyyatla qayıdıb.

Kovriginanın şəxsi həyatı uğursuz olub. O, ailə həyatı qurmayıb, Tatyana adlı qızı rəsmi övladlığa götürüb və o kiçik qız illər sonra Tatyana Kovrigina adı ilə SSRİ-nin tanınmış rəssamlarından biri sayılıb. Öz xatirələrində anasını parlaq bir sima kimi xatırlayan Tatyana nazir xanım haqqında fikirlərini belə bölüşüb:

“Anam çox sadə bir qadın idi. İşdən sonrakı həyatında o heç vaxt özünü nazir statusunda olan bir insan kimi təqdim etmirdi. Hamı kimi bazara gedər, piroq bişirər, xörək hazırlayar, paltar yuyardı. Yaxşı xatırlayıram, bir dəfə məzuniyyətə çıxanda ona Soçidəki sanatoriyaların birinə göndəriş vermişdilər. Həmin yayı biz Soçiyə getdik. Tutduğu vəzifəyə görə ona sanatoriyada lüks otaq verilməli idi. Ancaq bizi nəinki lüks, heç normal olan bir otaqla da təmin etmədilər. Biz yay istirahətimizi sanatoriyanın birinci mərtəbəsində, günəş şüaları düşməyən bir otaqda keçirdik. Anam səs-küy salmadı, ümumiyyətlə, heç nə demədi. Ona veriləcək otağı isə səs-küy salan tanımadığımız bir general üçün ayırdılar. Sonralar anam heç vaxt dəbdə olan sanatoriyalara getmədi. Səbəbini soruşanda cavab verdi ki, bizim varlılarla birlikdə istirahətimiz alınmaz. Anamın tez-tez işlətdiyi bir fikri var idi: “Hər kəs əlini və vicdanını təmiz saxlamalıdır”. Və onun əlləri, vicdanı ömünün sonuna qədər təmiz qaldı...”

Mariya Kovrigina 1995-ci ildə 84 yaşında vəfat edib. O, Moskvada, Kuntsevo qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.som

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR