Bu ilin aprel-may aylarında Beynəlxalq Valyuta Fondu (BVF-İMF) tərəfindən Azərbaycana növbəti missiya həyata keçirilib. Missiya qurumun nizamnaməsinə əsasən baş tutub.
Missiya nəticəsində BVF-nin hazırladığı hesabatda bildirilir ki, ölkə iqtisadiyyatının məhsuldarlığının artırılması və dayanıqlı inkişaf üçün Azərbaycanda struktur islahatlara ehtiyac var. IMF analitiklərinin fikrincə, Azərbaycanda bu fəaliyyət daha çox dövlətə məxsus olan şirkətlərin idarəetməsinin yaxşılaşdırılması, rəqabətə həvəsləndirmə, şəffaflığın və hesabatlılığın artırılması, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, təhsil, səhiyyə və sosial müdafiə kimi sahələri əhatə etməlidir. Missiya qərara gəlib ki, ölkənin inkişaf perspektivlərini artırmaq və yeni iş yerlərinin açılmasına şərait yaratmaq baxımından iqtisadiyyatın şaxələndirilməsi mütləq əhəmiyyət kəsb edir. Hesabatda Azərbaycan iqtisadiyyatının gözlənilməz şoklara dayanıqlı hala gətirilməsindən ötrü də islahatların vacibliyi qeyd edilib.
BVF mütəxəssisləri bildirirlər ki, Azərbaycanda kredit siyasəti yumşalsa da, faizlər enməyib. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində pul-kredit siyasəti lazımi dərəcədə yumşaldılsa da, ölkə iqtisadiyyatında zəif pul-kredit transmissiyası ucbatından bank kredit faizləri yalnız orta dərəcədə azalıb və yüksək səviyyədə qalmaqda davam edib. Pul siyasətinin transmissiya mexanizmi dedikdə, Mərkəzi Bankın pul siyasəti qərarlarının iqtisadiyyata təsiri (ötürülməsi) prosesi nəzərdə tutulur.
Hesabatda qeyd edilir ki, Azərbaycanda dövlət vəsaitindən daha səmərəli istifadə, bu sahədəki şəffaflığın artırılması, subsidiya və vergi sisteminin daha da təkmilləşdirilməsi, maliyyə riski və nəzarəti sahələrində fəaliyyətin yaxşılaşdırılması ölkənin maliyyə sisteminin sağlamlaşdırılmasında önəmli rol oynaya bilər. Hesabatda pandemiyanın əhaliyə və biznes subyektlərinə təsirini azaltmaq baxımından maliyyə balansının profisitdən kəsirə keçməsi məqsədəuyğun sayılıb. Eyni zamanda o da vurğulanır ki, iqtisadi fəaliyyətin sağlam şəkildə davam edəcəyi vaxtadək hökumətin iqtisadiyyata dəstəyi ara verməməlidir.
Hesabatda Azərbaycanda icmal büdcənin kəsrinin ümumi daxili məhsula (ÜDM) nisbəti də yenilənib. Beynəlxalq Valyuta Fondu əvvəlki açıqlamasında sözügedən kəsirin ÜDM-ə nisbətinin 5.2 faiz olacağını proqnozlaşdırmışdısa, artıq bu göstəricini 5.6 faizə yüksəldib. Qurum kəsirin həcmcə artmasını karantin rejimi və Azərbaycanın işğaldan qurtardığı ərazilərdə aparılan bərpa işlərinin çoxaltdığı xərclərə bağlayıb.
Azərbaycanda peyvəndləmə prosesi koronavirus pandemiyasını dayandıracaq və bu proses iqtisadi fəaliyyətin bərpa edilməsinə dəstək olacaq. Bu şərtlər daxilində BVF ölkədə iqtisadi artımın 2.3 faiz həddində olmasını gözləyir. Beynəlxalq Valyuta Fondu mütəxəssislərinin fikrincə, neft qiymətlərinin yüksəkliyi səbəbindən cari hesablar balansındakı ötənilki kəsir bu il ÜDM-in 2.4 faizi həcmində profisitə çevriləcək. Qurum Cənub Qaz Dəhlizi kəmərinin fəaliyyətinin qaz ixracını artıracağını və bu səbəbdən azalan neft gəlirlərinin qaz ixracı hesabına kompensasiya edilə biləcəyini düşünür.
BVF-nin son missiyası nə qədər obyektiv həyata keçirilib? Qeydə alınan problemlər, irəli sürülən tövsiyələr reallığa uyğun və əsaslıdırmı?

Rəşad Həsənov: “Tövsiyələrin icrası çox radikal dəyişikliklər tələb edir”
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, missiya əhatəli qiymətləndirmə aparıb: “Hesabatdan görünən budur ki, fundamental problemlər - şəffaflıq, dövlət şirkətlərinin idarə olunmasında səmərəliliyin təmin olunması, insan kapitalının inkişafı, o cümlədən təhsil sisteminin təkmilləşdirilməsi, sosial müdafiə mexanizmlərinin, səhiyyə sisteminin özünün müasir tələblərə uyğunlaşdırılması və əhatəliliyin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi zərurəti, iqtisadiyyatın xarici şoklara davamlılığının artırılması, institutsional dəyişikliklərin aparılması kimi əhəmiyyətli məsələlər öyrənilib və müvafiq tövsiyələrdə əksini tapıb. Bu baxımdan qiymətləndirsək hesabat kifayət qədər əhatəliliyə malikdir. Lakin eyni zamanda bəzi istiqamətlərdə tövsiyələr daha da dəqiqləşdirilməli, genişləndirilməlidir”.
Ekspertin fikrincə, BVF-nin zəruri saydığı addımlar Azərbaycandakı fundamental problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu tövsiyələrin hökumət tərəfindən icrası daha ciddi yenilənmələrin olmasını, daha liberal iqtisadi siyasətin yürüdülməsini tələb edir. Hökumət bu addımları atmaq üçün ciddi siyasi iradə ortaya qoymalıdır. Yalnız belə iradə olarsa, problemlərin həlli istiqamətində əhəmiyyətli dəyişiklik əldə etmək mümkündür. Çünki bu problemlərin hər birinin kökündə Azərbaycanda institutlaşmış çatışmazlıqlar - korrupsiyalaşma, dövlət vəsaitlərindən qeyri-səmərəli istifadə, dövlət şirkətlərinin subyektiv maraqlarla idarə olunması, təhsil sistemində uzunmüddətli dövrdə formalaşmış aşağı standartlar və sair kəskin problem şəklində özünü göstərməkdədir. Aşağı keyfiyyətli təhsil sistemi islahatları aparacaq müasir tələblərə cavab verən, peşəkar kadrların yetişməsinin qarşısını alır. Xaricdə təhsil alıb yüksək bacarıqlar əldə edən kadrların mütləq əksəriyyəti elə xaricdə qalıb işləməyə üstünlük verir, ölkədən beyin axını yüksək səviyyədə qalmaqda davam edir. Bunlar insan kapitalının əlavə dəyərə çevrilməsinin qarşısını alır”.
R.Həsənov bildirir ki, kadr seçimindəki qeyri-bərabərlik ölkədə mövcud olan azsaylı bacarıqlı kadrların potensialından istifadəyə imkan vermir: “Subyektiv maraqlar əksər hallarda dövlət maraqlarından üstün tutulur. Beynəlxalq Valyuta Fondunun tövsiyələrinin icrası çox radikal dəyişikliklər tələb edir: dövlət idarəetməsindən tutmuş təhsilə, səhiyyəyə, sosial müdafiəyə qədər hər bir sahədə. Daha liberal dəyərlərə əsaslanan iqtisadi, sosial və idarəetmə münasibətlər qurulmalıdır. Azərbaycanda konservativ hökumət radikal dəyişikliklərdən çəkinir, ona görə də tövsiyələri daha çox özünə uyğunlaşdırılmış formada icra etməyə çalışacaq. Bu isə yaxın 10 ildə ən yaxşı halda tövsiyələrin 50 faiz səviyyəsində icra olunmasına ümid etməyə əsas verir”.

Elşad Məmmədov: “Bu tövsiyələr əvvəlkilərlə ziddiyyət təşkil edir”
İqtisadçı-alim Elşad Məmmədov qeyd edir ki, BVF-nin ölkə iqtisadiyyatına dövlət dəstəyinin davam etdirilməsi, təhsil, səhiyyə sistemlərinin inkişafı, sosial müdafiə sahəsinə diqqətin davamlılığının təmin olunması sahəsindəki tövsiyələri əsaslı və zəruri addımları ehtiva edir: “Eyni zamanda dayanıqlı maliyyə resurslarına çıxışla bağlı məsləhətlər kifayət qədər konstruktivdir. Bütövlükdə tövsiyələr Azərbaycanda həyata keçirilən sosial-iqtisadi idarəetmə siyasətinin təkmilləşdirilməsinə yönəlmiş təkliflərdir. Lakin məni bir sual düşündürür ki, uzun illər ərzində Beynəlxalq Valyuta Fondunun tövsiyələri əsasında Azərbaycanda sərt pul-kredit siyasəti həyata keçirilirdi, büdcə qaydası tətbiq olunurdu. Bu qaydaya əsasən hesab olunurdu ki, büdcədən sosial-iqtisadi dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün əlavə vəsaitlərin yönəldilməsi iqtisadi iderəetmə, inflyasiya artırıcı təsir baxımından problemlər yarada bilər. Ona görə də sərt pul-kredit siyasətinin yürüdülməsi, büdcə kəsirinin, büdcə xərclərinin artırılmaması məqsədəuyğun hesab edilirdi. Büdcə xərclərinin artırımaması isə reallıqda təhsil, səhiyyə, sosial müdafiə yönümlü xərclərin çoxaldılmasına imkan vermirdi. Çünki bu xərclərin əhəmiyyətli hissəsi büdcə üzərindən reallaşır. Bütün bunları nəzərə aldıqda, beynəlxalq qurumlar tərəfindən ikili yanaşmanın şahidi oluruq”.
Ekspertin sözlərinə görə, BVF uzun illər ərzində Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrə iqtisadiyyatın inkişafı üçün zəruri olan maliyyənin ayrılmasına imkan verməyən sərt tövsiyələrlə çıxış edib: “Həm BVF, həm də digər beynəlxalq qurumların bu tövsiyələri olmasaydı, bəlkə də indi Azərbaycan daxil olmaqla, bir çox bölgə dövlətlərində maliyyə resurslarına əlçatanlıq daha yüksək olardı, iqtisadiyyatda daha liberal münasibətlər hökm sürərdi. Bu baxımdan, hesab edirəm ki, BVF-nin özünün və digər qloballaşma institutlarının son hesabatlarında əvvəlki mövqeləri ilə ziddiyyət təşkil edən tövsiyələr əksini tapır. Bunun da əsas səbəbi düşünürəm ki, dünyada iqtisadi nöqteyi-nəzərdən formalaşan yeni çağırışlarla bağlıdır. Məhz yeni çağırışlar beynəlxalq maliyyə qurumlarını məcbur edir ki, dövlətlərə tamam fərqli tövsiyələrlə çıxış etsinlər. Digər tərəfdən, ümumiyyətlə, biz unutmamalıyıq ki, məhz Beynəlxalq Valyuta Fondu və digər qloballaşma institutlarının səhv tövsiyələrinin Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına xeyli dərəcədə maneçilik törətməsi bir reallıqdır. Ona görə də hesab edirəm ki, iqtisadi inkişafa, sosial müdafiəyə, təhsil, səhiyyə, elm kimi mühüm əhəmiyyətli sahələrə daha çox maliyyələşmə yönəlməli, yumşaq pul-kredit siyasəti həyata keçirilməlidir”.
Yeri gəlmişkən, qeyd edək ki, hazırda BVF və Dünya Bankı Azərbaycanın maliyyə sektoru üzrə qiymətləndirmə həyata keçirirlər. Qiymətləndirmə Dünya Bankının FSAP (Financial Sector Assessment Program) proqramı çərçivəsində həyata keçirilir. Bu barədəd, mətibata Dünya Bankının Bakı Bürosunun rəhbəri Sara Maykl məlumat verərək qiymətləndirmə təşəbbüsünün Azərbaycan hökumətindən gəldiyini deyib: “Azərbaycan hökuməti ölkənin maliyyə sektorunun Beynəlxalq Valyuta Fondu ilə birgə növbəti qiymətləndirməsinin aparılması üçün müraciət edib. Bu işə 2020-ci ilin sonlarında start verilib və onun yaxın 2-3 ay ərzində tamamlanması gözlənilir”.
Qeyd edək ki, qiymətləndirmə maliyyə sektorunun mümkün risklərini nəzərdən keçirir və maliyyə sisteminin möhkəmləndirilməsi üzrə müxtəlif tədbirləri müəyyənləşdirir. BVF və DB Azərbaycanda maliyyə sektorunun ilk qiymətləndirməsini 2003-cü ildə həyata keçirib. Ölkənin maliyyə sektorunun ikinci qiymətləndirməsi 2015-ci ildə baş tutub. İndi isə üçüncü qiymətləndirmə həyata keçirilir.
Dünya SAKİT,
“Yeni Müsavat”






