“Valletta”nın prezidenti: “Qarabağ”la maraqlı oyun gözləyirik
“Valletta” futbol klubunun prezidenti Viktor Skiriha (Victor Sciriha) eunews.az-ın suallarını cavablandırıb:
- Cənab prezident, oyun haqqında nə düşünürsünüz? “Qarabağ” Avropa oyunlarında yaxşı nəticələr göstərib. Komandanız bu klubun öhdəsindən gələ biləcəkmi?
- “Valletta” ötən mövsümdə ölkə çempionu və 2 dəfə kuboka sahib olub. Klub qoşa oyunda da yaxşı performans sərgiləyəcəyindən əmindir. Bəzi məşqçi və oyunçu dəyişiklikləri etmişik. Prezident olduğum dövrdə müəyyən təcrübə də qazanmışıq. Mən prezident olduqdan bəri Avropa liqasında 7-ci çıxışımızdır. Hazırda klubumuz Maltanın Avropada ən uğurlu klubudur.
“Qarabağ”ın çox güclü komanda olduğu hamıya məlumdur. Hər şey bizim ev oyununda yaxşı nəticə göstərməyimizdən asılıdır. Futbolda elədir ki, statistikada ən güclü olan komanda reallıqda həmişə qalib gəlmir. Hər halda, maraqlı oyun gözləyirik. Bu, bizim ilk Azərbaycan komandası ilə görüşümüzdür.
- Komandanız Azərbaycanın qaçqın komandası ilə oynadığını eşidəndə, buna reaksiyanız necə oldu? Azərbaycan haqqında təsəvvürləriniz nədir?
- Düzünü desəm, coğrafi mövqeyimizə görə, bizim az əlaqələrimiz var. Azərbaycan haqqında elə də çox məlumatımız yoxdur. Biz Azərbaycanı ancaq televiziya reklamlarından, "Avroviziya" müsabiqələrindən tanıyırıq. Son zamanlar Azərbaycan Maltada daha çox tanınmağa başlayıb, çünki sizin enerji şirkətiniz Maltanın yeni elektrik stansiyasını enerji ilə təchiz edəcək.
Bircə onu bilirik ki, “Qarabağ” mənşəli olduğuna və regiondakı vəziyyətə görə komandaya ölkədə dəstək böyükdür. Bu o deməkdir ki, çılğın yerli azarkeşlərin səs-küyü şəraitində oyun çox maraqlı keçəcək. Biz oyunu və Azərbaycan haqqında yeni məlumatlar əldə etməyi səbirsizliklə gözləyirik.






