İnsanlara hürriyət, millətlərə istiqlal!

“Valideynin siyasi fəaliyyətinə görə övladdan imtina hüququ yoxdur”

2355 26.10.2015 08:45 Siyasət A A

Azərbaycanda valideynlərin siyasi fəaliyyətinə görə öz övladlarından imtina etməsi son vaxtlar az qala ənənə halını alıb. Bu, Azərbaycanın milli mənəvi dəyərlərinə yaraşmayan hal olsa da, insanlar buna məcbur edilir. Bu məcburiyyət də bir övlada görə digərlərinin həbsi və ya yaxın qohumlarının incidilməsi, hədələnməsi şəklində olur.

Belə hallar sanki bizi 1937-ci illərə, Stalin repressiyası illərinə aparır. Ananı, atanı övladına qarşı qoymaq insanlığa sığmayan bir hərəkətdir ki, bunu 1937-ci illərin tarixindən xəbərdar olanlar  daha yaxşı bilir.

Son bir neçə ayda ailəsindən, övladından imtina edənlərin sayı artıb. Buna misal olaraq Hazırda Hollandiyada mühacirətdə olan müxalifətçi Rəsul Mürsəlovun ailəsinin oğlunun siyasi fəaliyyətinə görə ondan imtina etməsini, Meydan TV-nin direktoru Emin Millinin 23 qohumunun prezidentə məktub yazaraq ondan imtina etməsini, Qənimət Zahidin qohumlarının ondan imtinasını və başqalarını misal çəkmək olar. Son olaraq da Meydan TV ilə əməkdaşlığına görə iki qardaşı şərlənərək həbs edilən Günel Mövludun valideynləri ondan imtina etdi. 

Maraqlıdır, bəs qanun bu cür hallara nə deyir bu cür imtinalar hansı hüquqi nəticə doğura bilər? Ümumiyyətlə, qanunda valideynin siyasi fəaliyyətinə görə öz övladından imtina etmək hüququ varmı?

Hüquqşünas Müzəffər Baxış bildirdi ki, qanunda valideynin övladından, yaxud övladın valideynindən imtina etmək qaydası nəzərdə tutulmayıb: “Bizim qanuna və beynəlxalq hüquq normalarına, uşaq hüquqları haqqındakı Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə və bütün qanun, konstitusiyaya görə 18 yaşına çatmamış şəxs uşaq sayılır. 18 yaşından yuxarı hər bir şəxs isə müstəqil şəxsdir. Yəni qanunvericilikdə 18 yaşdan sonra kiminsə öz valideynindən, valideynin öz övladından imtina etmək qaydası nəzərdə tutulmayıb. 18 yaşına çatmamış uşaqlara münasibətdə valideynlik hüquqlarından məhrum etmə və yaxud valideynlik hüququnun məhdudlaşdırılması institutu var. Amma qanunda valideynlərin öz uşaqlarından imtina etməsi kimi bir hüquq nəzərdə tutulmayıb, tutula da bilməz. Yəni bu konstitusiyaya da, qanunlara da ziddiyyət təşkil edir. Natəmiz valideynlər bəzən öz uşaqlarını atırlar. Bu da baş verəndə belə uşaqlara valideynləri məlum olmayan uşaqlar kimi dövlət himayədarlıq edir və onları uşaq müəssisələrinə və digər yerlərə yerləşdirir”.

Günel Mövludun valideynlərinin ondan imtina məsələsinə gəlincə hüquqşünas bunun sırf siyasi bəyanat olduğunu və heç bir hüququ əsas daşımadığını dedi: “Günel Mövlud və onun kimi digərlərinin valideynləri Azərbaycanın reallığından çıxış edərək bəyanat verirlər ki, biz öz övladımızdan imtina edirik. Bunun heç bir hüquqi əsası yoxdur. Sadəcə olaraq, bu siyasi bir bəyanatdır və bu siyasi bəyanat Azərbaycan hakimiyyətini onurğa sütunundan vurub, hakimiyyəti məhv edir. Bəlkə də hakimiyyətin yerlərdə təmsil olunan ağılsız vəzifəli şəxsləri düşünür ki, bu yolla onlar ona xidmət edirlər. Günel Mövlud Meydan TV ilə əməkdaşlıq etdiyinə görə onun iki qardaşı tam məsuliyyətlə deyə bilərəm ki, heç bir günahı olmadan guya narkotik vasitələrdən istifadə etdikləri üçün cinayət məsuliyyətinə cəlb ediliblər. Valideynlərdə məcburiyyət qarşısında qalaraq, belə bəyanat veriblər. Hakimiyyətdə təmsil olunan şəxslərin son hərəkətləri bir daha təsdiq edir ki, onlar bu xalqa qarşı düşmənçilik siyasəti həyata keçirir”.

Günel MANAFLI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR