Deputat Vahid Əhmədov Milli Məclisin iclasında hökumətin hesabatı barədə danışarkən Rəqabət Məcəlləsinin qəbulunun zəruri olduğunu qeyd etdi. Bildirdi ki, bu, çox ciddi qanun layihəsidir. “Bu qanunun qəbul olunması həm qiymət siyasətinə, həm də azad rəqabəti təmin edəcək. Ona görə də Azərbaycan hökumətindən xahiş edirəm ki, Rəqabət Məcəlləsinin qəbulunu sürətləndirsinlər”, - deyə, millət vəkili əlavə etdi.
V.Əhmədov iqtisadi göstəricilər barədə danışarkən dedi ki, neft-qaz məhsullarının ixracı təqribən 90 faizdir. Odur ki, digər məhsulların istehsalı və ixracı üzərində dayanılmasını da vacib saydı. Qeyd etdi ki, 7,4 milyardlıq idxalın 1,4 milyardını ərzaq məhsulları təşkil edir. Ona görə də ərzaq təhlükəsizliyinə diqqət yetirilməli, Azərbaycanda ərzaq məhsullarının istehsalına ciddi diqqət yetirilməlidir. V.Əhmədov dedi ki, bir vaxt var idi vergi sistemilə əlaqədar sahibkarlardan çoxsaylı şikayətlər alırdıq: “Amma indi vergi sistemilə bağlı ciddi şikayətlər yoxdur, olan nöqsanlar da operativ həll olunur”.
Deputat bildirdi ki, bizi ən çox maraqlandıran məsələlərdən biri məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsi, məhkəmə sisteminin tam azad olması və məhkəmə qərarlarının azad şəkildə qəbul olunmasıdır. V.Əhmədov işğaldan azad edilmiş ərazilərin bərpası məqsədilə 2,2 milyard vəsait ayrıldığını deyərək bildirdi ki, bu, çox az vəsaitdir: “Bəlkə də o əraziləri bərpa etmək üçün 10 milyarddan artıq vəsait gərəkdir”. V.Əhmədov özəl şirkətlərin də bu sahədəki bərpa prosesində iştirakını zəruri saydı.
E.Paşasoy,
Musavat.com






