Deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı çıxışında bir sıra vacib məqamlara toxundu.
Musavat.com-un məlumatına görə deputat bildirdi ki, Mikayıl Cabbarovun təyinatından sonra vergilər sistemində xeyli mütərəqqi dəyişikliklərin şahidi olub: “Vaxtilə sahibkarları ayın axırında məcbur edirdilər ki, filan qədər vəsait ödəsinlər, indi belə hal yoxdur”.
V.Əhmədov qeyd etdi ki, bu dəyişikliklərdə 65 milyon manatlıq əlavə büdcə vəsaitlərindən söhbət gedir. Bununla yanaşı, deputat vətəndaşların marağına xidmət edən dəyişikliklərdən də bəhs etdi. Deputat söylədi ki, vətəndaşlarımıza 20 milyonluq güzəştdən də söhbət gedir: “Təklif olunan dəyişikliklərdə vətəndaşlara 20 milyonluq güzəştdən söhbət gedirsə, bunu cəmiyyətə çatdırmaq lazımdır”.
V.Əhmədov Vergi Məcəlləsinin yenidən işlənməsini istədi və bildirdi ki, bu, bizim ən yaralı yeridir. Deputat yerli əhəmiyyətli tikinti materiallarına tətbiq olunan vergilərin bələdiyyələrdən alınıb, dövlət büdcəsinə verilməsindən bəhs etdi.
Deputat dedi ki, bu mövzu ona yaxşı tanışdır: “Burada kifayət qədər rüşvət, korrupsiya elementləri var, icra hakimiyyətlərinin də maraq dairəsindədir. Amma dəyişikliyi elə etməliyik ki, bələdiyyələr də öz gəlirlərini itirməsinlər”.
Deputat qeyd etdi ki, ölkədə vergidən yayınma halları kifayət qədər genişdir. İnsanlar çalışırlar ki, daha az vergi ödəsinlər.
V.Əhmədov ƏDV-nin ləğv olunacağı ilə bağlı yanlış olaraq məlumat yayıldığını qeyd etdi. Eyni zamanda bildirdi ki, ilk dəfə olaraq tibb sahəsində ƏDV tətbiq olunacaq. Amma deputat ölkə daxilində 10 min, xaricdə 40 min manatlıq müalicə xərclərinə görə vergi tutulmasını düzgün saymadı. Dedi ki, insanlar sağlamlığı üçün kifayət qədər vəsait xərcləyir.
“Niyə biz bütün məhsullara 18 faizlik ƏDV tətbiq etməliyik? Avtomobilə də, qida məhsuluna da, geyimə də 18 faizlik ƏDV tətbiq olunur, niyə belə olmalıdır? Xarici ölkələrdə 6-8 faiz olanlar da var, 26 faiz olanlar da. Ona görə də xahiş edirəm ki mənim, Əli Məsimlinin və Ziyad Səmədzadənin bununla bağlı irəli sürdüyümüz bu təklifə baxılsın”,- deputat əlavə etdi.
V.Əhmədov nağdsız ödənişlərlə bağlı narahatlığın olduğunu da qeyd etdi. Eyni zamanda dedi ki, ölkədə kölgə iqtisadiyyatı ilə mübarizə istəniln səviyyədə getmir.
Ümumilikdə isə deputat layihəni müdafiə etdi.
Komitə sədri Tahir Mirkişili də razılaşdı ki, yeni Vergi Məcəlləsinin hazırlanmasına ehtiyac var. Qeyd etdi ki, bu il artıq gecdir, amma gələn il bununla bağlı addımların atılacağını gözləyir.
E.Paşasoy,
Musavat.com






