İnsanlara hürriyət, millətlərə istiqlal!

Uzun fasilədən sonra çəkilən ilk uşaq filmi təqdim edildi - FOTOLAR

1084 25.11.2015 18:35 Mədəniyyət A A
Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi “Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi davam edir.

Layihənin davamı kimi noyabrın 25-də Nizami Kino Mərkəzində layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinə həsr edilən layihənin ikinci mərhələsidir.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinomatoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov çıxış edib. 

O, layihənin uğurla davam etdiyini vurğulayaraq bədii kinoda uşaq mövzusu, uşaq film auditoriyasının ünvanlı seçimi, cizgi filmlərinin istehsalının durumu barədə söz açıb: “Hazırda kinoteatrlarımızda daha çox xarici filmlər nümayiş olunur. Bu cür filmlər uşaqların özünüdərk prosesinə xüsusi təsir edir. Zəngin uşaq ədəbiyyatı və kino dilinə çevirmək çətin prosesdir. Yeni texnologiyalardan istifadə etməklə bu ədəbiyyat nümunələrini müasir dilə çevirməyi bacarmaq lazımdır. Uşaq filmlərinin istehsalat baxımından çətinlikləri var”.

Yusif Şeyxov “Azərbaycanfilm” kinostudiyası tərəfindən uşaq filmi ilə bağlı müsabiqə olacağını bildirib.

Daha sonra cizgi filmlərindən söhbət açan Yusif Şeyxov bu sahədə vəziyyətin qənaətbəxş olduğunu deyib: “Azanfilm” studiyası tərəfindən əlifbaya, saya, rənglərə aid maarifləndirici filmlər çəkilib. Bu sıradan olan cizgi filmlərinin istehsalı davam edəcək. Həmçinin müstəqil studiyalarda da animasiya filmləri çəkilir. Cizgi filmlərinin istehsalı üçün bu sahəyə yaxşı bələd olan mütəxəsislərin yetişdirilməsi vacibdir. Bunun üçün kurslar təşkil olunacaq”.

Çıxışdan sonra  Rafiq Əliyev və Cavid Təvəkkülün rejissoru olduğu “Dərs” filmi tədbir iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir. Adıçəkilən ekran əsəri Azərbaycanda uzun fasilədən sonra çəkilən ilk uşaq filmidir. Filmin bəstəkarı Tünzalə Ağayevadır.

Nümayişdən sonra filmin yaradıcı heyəti və media nümayəndələri arasında müzakirə aparılıb, film barədə müxtəlif fikirlər səsləndirilib, jurnalistlərin sualları cavablandırılıb.

Xatırladaq ki, layihə çərçivəsində “Azərbaycanfilm” kinostudiyasında son iki ildə çəkilən filmlər Nizami Kino Mərkəzi, “Park Cinema” və “28 Cinema” kinoteatrlarında nümayiş etdirilir.

Sırada daha iki görüş - “Nabat” və “Yarımçıq xatirələr” filmlərinə baxış və müvafiq mövzular ətrafında fikir mübadiləsi nəzərdə tutulur.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR