İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üzrlü sayın, cənab Tolstoy, arzunuz gözünüzdə qalacaq!”

1090 21.07.2023 21:32 Siyasət A A

“Biz zaman-zaman Rusiyanın dövlət rəsmilərindən iki ölkə arasındakı münasibətlərə yaraşmayan tərzdə açıqlamaların şahidi oluruq. Əlbəttə, bu, bizi məyus edir. Çünki Rusiya münaqişədə sülhməramlı funksiya yerinə yetirməklə yanaşı, sülh prosesinin inkişafında da rol oynamağa çalışır. Ancaq bu o demək deyil ki, bizim Rusiyadan hər hansı bir asılılığımız var. Azərbaycan bu gün güclü və müstəqil bir dövlətdir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Millət vəkili qeyd edib ki, Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun “Rusiya olmadan Ermənistan, Azərbaycan, Ukrayna mövcud ola bilməz” fikri anlaşılmaz və absurd bir mövqedir: “Bu, bir reallıqdır ki, Azərbaycan müstəqil siyasət yeridir. Ölkəmiz heç bir dövlətin daxili işlərinə qarışmır. Eyni zamanda özünün daxili işlərinə qarışmasına da yol vermir. Necə ki, Ermənistan aldığı zərbədən hələ də ayıla bilməyib. Ölkəmizə əl uzadanların əlini kəsmək üçün yetərli gücümüz var. Çünki bizim istər iqtisadi, istər hərbi, istərsə də siyasi cəhətdən heç kimdən asılılığımız yoxdur. Düzdür, Rusiya yaxın qonşumuz və dünyada güc mərkəzlərindən biri sayılır. Rusiya Azərbaycanla da müttəfiq ölkədir. Ölkələrimiz arasında müttəfiqlik haqqında bəyannamə mövcuddur. Zaman-zaman aramızda anlaşılmazlıqlar olsa da, ümumən münasibətlərimiz normaldır. Pyotr Tolstoy soyadını daşıdığı dahi Lev Tolstoy soyadının məsuliyyətini anlasa, yaxşı olar. Tolstoy və digər rəsmilər anlamalıdır ki, biz Ermənistan deyilik ki, bütün cəhətlərdən bu ölkədən asılı olaq. Əksinə, biz vaxtaşırı yeri gələndə Rusiyanın da əks mövqeyini görmüş və şimal qonşumuzun təzyiqlərini dəf etmişik. Ona görə də Pyotr Tolstoy bu iddianı Ermənistan üçün işlədə bilər”.

Vüqar İskəndərov bildirib ki, Azərbaycanı bu sıraya qatmaq heç bir məntiqə uyğun deyil: “Bu, yəqin ki, onun sadəcə arzusudur. Üzrlü sayın, cənab Tolstoy, arzunuz gözünüzdə qalacaq! Bu, həm də Azərbaycanın qlobal anlamda artan nüfuzuna və inkişafına kölgə salmaq üçün deyilən absurd bir fikirdir. 44 günlük Vətən müharibəsindən sonra bütün dünyaya göstərdiyimiz güc görünür, illər keçdikcə böyük gücləri daha çox narahat edir. Çünki biz mövqeyimizdə qətiyik. Biz torpaqlarımızın bir qarışını belə kiməsə güzəştə getmək niyyətində deyilik. Odur ki, bu cür yanaşmalar və açıqlamalar bizi yolumuzdan döndərə bilməz. Vassallıq və forpostluq Ermənistanın boynuna biçilib. Tolstoy, zatında problem olan Zatulin və digərləri belə fikirlərini Ermənistan barəsində danışanda söyləsələr, daha doğru olar.

Azərbaycan tarixən də, bu gün də öz ayaqları üzərində durmağı bacaran bir dövlətdir. Siyasətimiz isə qonşularımızla sülh şəraitində yaşamaqdır. Əgər qonşularımız bizim daxili işlərimizə qarışmasa, Azərbaycan heç bir qonşu dövlətə problem yaratmaz. Belə absurd fikirlər əslində iki ölkə arasındakı münasibətlərə xələl gətirir. Düşünürəm ki, Tolstoy bu fikirlərini təkzib edəcək və saydığı siyahıda Azərbaycanın adını səhvən ifadə etdiyini dilə gətirəcək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR