İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzr istəyin, xanım “psixoloq”!

Qarabağ savaşı başlanandan bəri 3888 nəfər azərbaycanlı Itkin düşüb. 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi dəqiqləşib. Onlardan 104-ü qadındır... Özünü psixoloq sayan Nərmin Şahmarzadə həmin “104-lər”dən biri olsaydı, yaxud doğmalarından kimsə bu taleyi yaşasaydı, yəqin “erməni mənim düşmənim deyil” deməzdi.

Neçə gündür ki, 19 yaşlı bu tələbə xanımın dedikləri sosial şəbəkədə və mediada müzakirə olunur. Bəlkə də istəyinə çatıb, mənim kimi onun adını ilk dəfə eşidən nə qədər insana özünü tanıtdıra bilib. Amma çox təəssüf ki, nə qədər böyük qəbahətə yol verdiyini, nə qədər yanlış yolla məşhurlaşmağa cəhd etdiyini başa düşməyib.

Təbii ki, təhqir yolverilməzdir, xüsusilə də xanımı. Amma bu xanım də nəzərə almalıydı ki, insanlarımızın ürəyindən qan daman bir vaxtda reaksiyalar ölçülü-biçili olmayacaqdı. Bu, intellekt yarışı deyil ki.

Görəsən, gənc xanım nəyin, hansı öhdəliyin müqabilində bu qədər ağır təhqirlərə hədəf olmağı özünə rəva bilib?  Şəxsən mən birmənalı şəkildə hesab edirəm ki, bu, təsadüfün nəticəsi deyil. Biri erməni ilə qol-boyun şəkil çəkdirir, o biri qız-gəlinlərimizin qisasını alan Mübarizi “qatil” adlandırır.

Nərmin deyir müharibə şəraitində olsaydıq, Mübariz İbrahimovun addımını qəhrəmanlıq sayardı. Doğrudanmı o, Azərbaycanın müharibə şəraitində olmasından xəbərsizdir? Bəs, hər gün Tovuzdan-Horadizədək dinc əhalinin, əsgərlərin atəşə tutulmasının adı nədir? Bu xanım müharibə şəraitini necə təsəvvür edir? O, doğrudanmı 9 yaşlı Farizin, 2 yaşlı Zəhranın elə onun dediyi kimi “müharibə şəraiti olmayan” dövrdə erməni gülləsinə tuş gəldiyini unudub?

Təhlükəlisi odur ki, o, evdar xanım deyil. Bu fikirləri o, hansısa auditoriyalarda deyir, yaxud deməkdə davam edəcək. Ona uşaqlar, yeniyetmələr, gənclər qulaq asır və asmaqda davam edəcək. Sabah o uşaqlar vətənə xidmətə yollanacaqlar və aralarından kimlərsə çıxıb deyə bilər ki, insan öldürmək olmaz - düşmən olsa belə. Bu, ciddi təhlükədir.

Onun nəzərincə, “Xocalıdakı əsgər, Xocalıda olan müharibə bambaşqa bir şey” olub. Nərmin deyir Qarabağdakı əsgərin də “anası, bacısı var. Bütün qarşı tərəf düşmən deyil. Sənin düşmən dediyin adamın duyğuları var”. Bu iddiaları səsləndirən “psixoloq”un özünün psixoloqa ehtiyacı var.

Azərbaycan torpağında “yatan” erməninin “duyğularının” qayğısına qalan Nərmin xanım görəsən Mübariz İbrahimovun son məktubunu oxuyubmu?

Azərbaycanın çağdaş nəslinə örnək olan bir adı indi aşağılamağa çalışmaq böyük cinayətdir. Mübariz 22 yaşında bəy kostyumunu geyinmədən ölümü seçdi - Vətən yolunda! Ona dil uzatmağa kimsənin haqqı çatmır! Həmçinin bütün şəhidlərə!

Kimlərsə özünü ağıllı göstərib söz, fikir azadlığdan bəhs edir. Azərbaycanın şəhid övladını aşağılayan şəxsə bəraət qazandıranlar məntiqlə “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə haqqının olması” iddialarına da haqq qazandırmış olur. Hansısa fikir ərazi bütövlüyümüzün qəsdinə, təhlükəsizliyimizə, gənc nəslin vətənpərvərlik tərbiyəsinə mənfi təsir göstərirsə, ona meydan vermək olmaz!

Bir insan Azərbaycan uğrunda həyatını qurban veribsə, kimsənin ixtiyarı yoxdur onun keçdiyi yolu təftiş etsin! Bu kimi cəhdlərin qarşısı alınmalıdır! Həmçinin hüquq öz sözünü deməlidir. Mübariz İbrahimov Azərbaycan gəncinin adını yüksəklərə qaldırıb, dünyaya səs salan qəhrəmanlıq nümunəsi göstərib. Qardaş Türkiyədə bu qəhrəmanımızın adı filmlərdə əbədiləşdirir, hətta İranda Mübarizin yolu örnək göstərilir, Azərbaycanda isə məşhurlaşmaq istəyən bir xanım onu aşağılayır. Hansı ki, bu yüksək adı ona dövlət verib. Xalqın, dövlətin dəyər verdiyi şəhidə çamur atanlar isə öz cəzasını almalıdır ki, başqalarına da ibrət olsun!

Ermənistan bu qədər cinayətlər törədib, görün bir erməni çıxıb deyirmi ki, bizim əsgər başkəsəndir, işğalçıdır? Əksinə. Ötən həftə Londonda “Arsenal”-"Qarabağ" oyununda meydançaya Qarabağ ermənilərinin “bayrağı” ilə çıxan erməninin köynəyində Kaliforniya ermənisi, terrorçu Monte Melkumyanın şəkli var idi. Ermənistanın milli qəhrəmanı olan Monteni qəhrəman oğullarımız Ağdamda gəbərtmişdi. Təsəvvür edirsiniz, dünyanın o başından gəlib bizə qarşı döyüşən qatili, işğalçını, başkəsəni qəhrəmana çevirirlər.

“Bizim” Nərminsə öz torpağı uğrunda şəhid olana həqarət edir. Üzr istəməlidir, əfv diləməlidir, özü də Mübarizin məzarı başında! Onda bəlkə qəhrəman qardaşımızın ruhu onu bağışladı...

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR