İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üzeyir Hacıbəyovu qınayır, Məşədi İbada haqq veririk – Xalid hoca min cavana dəyər...”

1404 11.11.2015 17:32 Media A A

Musavat.com saytının redaktoru, tanınmış köşə yazarı Xalid Kazımlının 50 yaşı tamam oldu


“50-ni aşırdın, yüzə nə qaldı...” deyib başlamaq da olar sözə. Ya da ən klassik azərbaycanlı zarafatı ilə “Məşədi İbad yaşına gəldinsə, sənə zaval yoxdur” deməklə də. 50 yaşın elə bir energetikası var ki, ünvanına bütün xoş sözləri maqnit kimi çəkir zatən. Bu gün də “Yeni Müsavat” qəzetinin tanınmış köşə yazarı, musavat.com saytının  redaktoru Xalid Kazımlı 50 yaşına qədəm qoyanda sosial şəbəkədəki dost-tanış təbriki elə bu ruhda idi. Təbrik edənlər, beşinci onluğun yükünə baxmayaraq, cavan görünüdüyünü iddia edənlər, uğurların xatırladılması və s. və i. 

Yubilyar “bizim” olduğu üçün ilkin, kiçik qutlamanı da elə redaksiyada etdik. Tort, çay, çiçək.. Klassik. Öncə sözü qəzetimizin baş redaktoru Rauf Arifoğlu alaraq dedi ki, əslində X.Kazımlını Azərbaycan mətbuatında, özündən də əvvəl, nömrə 1 hesab edir. Yubilyarı siyasi jurnalistikanın ağır toplarından biri kimi təqdim edən baş yazar onunla tanışlıq və iş tarixçəsini də yada saldı. Məlum oldu ki, bundan 30 il əvvəl Gəncədə, tələbə ikən tanış olublar. Maksim Qorki 44 ünvanlı evdə. Xalid Kazımlının 20, Rauf Arifoğlunun 19 yaşları varmış. Hər ikisi yazırmış o vaxt. Şeir, yazı, siyasi analizlər. 

Baş yazarın sözlərinə görə, az sonra “Yeni Müsavat” adlı yani yaranan qəzeti Gəncə potensialı hesabına irəli aparıblarmış. Qabil Abbasoğlu, Mahir Məmmədli, Şirzad Məmmədli, Sədrəddin Soltan, X.Kazımlı... və daha bir neçə imza sahibi ilə birgə. 

Redaksiyanın gənclərinə və özünü gənc hiss edənlərinə bu tarixçəni xatırladandan sonra isə yenidən Məşədi İbad bənzətmələri “havada uçuşdu”: “İndi biz 50 yaşa istehza edə bilərik. Çünki Xalid hoca da, elə biz də xeyli gənc qalmışıq. Üstəgəl, Üzeyir Hacıbəyovu da qınayır və Məşədi İbadı da haqlı sayırıq. Çünki 50 yaşlı insan həqiqətən də min cavana dəyir. Gələn il mənim də 50 yaşım olacaq, ona görə bu qədər ürəkdən deyirəm. (gülür)”

X.Kazımlı isə “Yeni Müsavat”la 20, R.Arifoğlu ilə 30 illik yol yoldaşlığının çox xoş olduğunu dedi: “Adam heç bacı-qardaşı ilə bu qədər müddət, fasiləsiz bir arada olmur”, deyən yubilyar bildirdi ki, əslində bu, iş yoldaşlığından daha çox müharibə yoldaşlığına bənzəyir. Birgə yol getmək, mübarizə aparmaq, maneələri dəf etmək... 

Xalid bəyi qutlayanlardan biri də siyasətçi Pənah Hüseyn oldu.  Pənah bəy dedi ki, Azərbaycanın xilas yolu əslində bu cür savadlı, mədəni, intellektual insanlarla olacaq. P.Hüseynin fikrincə, o insanlardan biri də X.Kazımlıdır. 

“Xalid Kazımlı insanlara qiymət verənlərdəndir”, bunu da az danışmağı sevən, qəzetimizin kriminal yazarı Elşən Balaxanılı dedi. 

Baş redaktorun müavini Azər Ayxan isə bu 20 ildə dəfələrlə sınaqdan çıxdıqlarını bildirdi: “Xalidlə ayrı-ayrı kollektivlərdə çalışanda da həmişə bir yerdə idik. Bizi bir arada tutan dəyərlər olub hər zaman”. 

P.Hüseynin “Əslində həyat budur da, Xalid bəy... Elə indi, bu otaqda yaşananlar bir ömrə bərabər andır”, yanaşması, R.Arifoğlunun “20 yaşında düşünürdüm ki, 50 il yaşasam bəsimdir. İndi isə deyirəm ki, 100 yaş nədir ki?”  sözləri 50 yaşın xofunu tamamən yox etdi. Tort kəsildi, təbriklər səsləndi və “inşallah gələn ad gününü Füzulidə, doğma Seyidəhmədli kəndində qeyd edərik” kimi pafoslu təbrikin əvəzinə... həftə sonu geniş bir ad günü məclisi keçirmək  qərarlaşdırıldı. Daha real və gözəl bir plan. 

Təbriklər, Xalid bəy, 100 yaşayın... Ən azı 100 təbii ki... 


Sevinc TELMANQIZI 
Fotolar Məhəmməd Türkmənindir 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR