İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzeyir Cəfərov: “Paşinyanın özündən asılı olsaydı, çoxdan sülh sənədinə imza atardı”

1186 18.11.2023 11:00 Müsahibə A A

“Bəzi məsələlər sona çatana kimi qardaş türk hərbçilərinin bölgədə olması bizim üçün çox önəmlidir”

ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul etdikdən sonra rəsmi Bakı Vaşinqtonun ev sahibliyi ilə keçirilməsi planlaşdırılan danışıqlarda iştirakdan imtina etdi və mövqeyini kifayət qədər ciddi arqumentlərlə əsaslandırdı.

Məlumata görə, ABŞ Konqresinin yuxarı palatası Azərbaycana hərbi yardımın dayandırılmasını nəzərdə tutan və “2023-cü il tarixli Ermənistan Müdafiə Aktı” olan S.3000 qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin müəllifi 2023-cü ilin sentyabrında Ermənistana səfər etmiş ABŞ nümayəndə heyətinə rəhbərlik edən senator Cerri Pitersdir. S.3000 qanun layihəsi Azərbaycanla bağlı 907-ci düzəlişin dayandırılmamasını nəzərdə tutur ki, bu da ölkəmizə qarşı qərəzli və münasibətlərə zərbə vuran qərardır. Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir ki, bu da işğalçı və təcavüzkarın açıq dəstəklənməsidir. Düzdür. qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edildikdən və ABŞ Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Amma hər halda ilk atəş açılıb.

“Yeni Müsavat” olaraq mövzunu hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovla müzakirə etdik.

- Qərbin (ABŞ və Fransanın) Bakıya qarşı davam edən “ikili standartı” və Qarabağda Rusiyanı əvəzləmək planı ortadadır. ABŞ Konqresində növbəti anti-Azərbaycan dinləmələri, səslənən hədələr, bir gün sonra Senatın Ermənistana hərbi dəstəyə icazə verən akt qəbul etməsi bunun əyani sübutudur. Sizcə, Vaşinqton nə etmək istəyir?

- Əslində başa çatmış Qarabağ münaqişəsinə görə Amerikanın indi sərgilədiyi siyasət çox yersiz və yerində olmayan bir addımdır. Biz ABŞ kimi bir dövlətdən daha ədalətli və praqmatik addımları gözlədiyimiz halda, rəsmi Vaşinqton Azərbaycana qarşı bu cür qərarlar verir. Onu da unutmayaq ki, bu qərarı verən siyasətçilərin bəziləri 1992-ci ildə ABŞ siyasətində olmuş şəxslərdir. Elə prezident Bayden o vaxt bu 907-ci düzəlişi qəbul etdirən aktiv şəxslərdən biri idi və o vaxt ABŞ prezidentinin yanında vitse-prezident vəzifəsində idi. İndi isə prezident kimi Bayden seçki öncəsi erməni seçicilərinin səslərini əldə etmək üçün bu avantüranı həyata keçirməyə başlayıb. Məncə, bu addımın uzun perspektivi olmayacaq. Cənubi Qafqazda Amerika üçün çox önəmli portnyor olan Azərbaycana qarşı tez bir zamanda müəyyən, hiss ediləcək düzəlişlər edilməlidir və yəqin ki, ediləcək. ABŞ istəməz ki, Azərbaycan kimi önəmli dövlətlə iqtisadi, siyasi və hərbi əlaqələrini zəiflətsin. Ermənistanın və ermənilərin könlünü almaq üçün atılan bu addım istisna deyil ki, tez bir zamanda aradan qaldırılacaq. Onların Qarabağda Rusiyanı əvəzləmək arzularını da birbaşa başa düşmək lazım deyil. ABŞ sadəcə Rusiyanı siyasi mənada əvəzləməyi nəzərdə tutur. Düşünmürəm ki, amerikalılar rusları Qarabağdan çıxarıb, özləri orada oturmaq haqqında düşünürlər. Bu, ciddi söhbət deyil. Burada rus faktoruna görə Azərbaycana qarşı bir münasibəti də sezmək mümkündür. Təbii ki, bu, mənim subyektiv qənaətimdir.

“ABŞ tərəfindən tələskən və ədalətsiz addım atılıb”

- ABŞ bu yolla nələrəsə nail ola biləcəkmi? Azərbaycan hazırda nə etməlidir?

- Azərbaycan öz davranışlarında və siyasi addımlarında heç bir emosiyaya yol vermədən baş verənləri izləməli və XİN vasitəsiylə öz mövqeyini açıqlamalıdır, necə ki, biz bunu görürük. ABŞ ilə münasibətlərin gərginləşməsinin əsla tərəfdarı deyiləm. Bu, əsla qorxu və ya hansısa başqa amillə bağlı deyil. Sadəcə, səbr və təmkinlə biz münasibətlərin əvvəlki məcraya qayıtmasına çalışmalıyıq. Biz indiki halda dünyanın supergüc sahibi olan dövlətinin bəzi qərəzli və yerində olmayan münasibətini görürük. Amma, biz onlardan fərqli olaraq, arqument və faktlarla izah etməliyik ki, o paytaxtların müdafiə etdikləri Ermənistan dövləti təcavüzkar və işğalçı dövlət olub, Azərbaycan da BMT sənədlərinə əsaslanaraq Ermənistanı döyüş meydanında, əzəli ərazisi olan Qarabağda və ətraf ərazilərdə cəzalandırıb. Bu qədər sadə və aydın! ABŞ unutmamalıdır: Cənubi Qafqazda amerikalıların hələ çox maraqları qalır ki, onlar Azərbaycanla əlaqələrini gərginləşdirməklə heç nəyə nail ola bilməyəcəklər. Ona görə də, ABŞ tərəfindən tələskən və ədalətsiz addım atılıb.

- Üzeyir bəy, ABŞ Konqresinin son sənədi Azərbaycanı hərbi yardımdan məhrum etmək niyyəti güdür. Sizcə, bu, Azərbaycana ciddi problem yaradacaqmı?

- Sənəd gələn ilin birinci yarısına kimi yəqin ki, yumşaldılacaq. Və bu müddət ərzində də düşünmürəm ki, bizim üçün hər hansı bir önəmli əhəmiyyət kəsb etsin. Onsuz da sonuncu dəfə 2018-ci ildə ABŞ tərəfindən Azərbaycana bir qədər sanballı hərbi yardım göstərilmişdi. Yəni, 1992-ci ildən bu yana ilk dəfə 5 il bundan öncə belə bir yardım göstərilmişdi. Biz ABŞ-ın yardımdan dəfələrlə çox sərmayəni Silahlı Qüvvələrimizə sərf etmişik və edirik. Sadəcə o yardım da bizə əlavə bir dəstək idi. Zabit və gizirlərimizin peşəkar hazırlıq kurslarında təhsili və təlimi, o cümlədən Hərbi Dəniz və Dövlət Sərhəd Xidmətimiz üçün bəzi avadanlıqalrın verilməsi və sairə. Düşünürəm ki, biz tez bir zamanda əlaqələrimizi yenə əvvəli məcraya qaytara biləcəyik. Bu, hər iki ölkənin maraqlarına xidmət göstərmiş olacaq.

- Rəsmi Bakının Vaşinqtondakı görüşdən imtina qərarını necə dəyərləndirirsiniz?

- Vaşinqtondakı görüşdən imtinanın səbəbini Azərbaycan XİN aydın şəkildə geniş şəkildə izah edib. Məncə, nə isə əlavəyə ehtiyac yoxdur. Bu, bizim qərarımızdır və ona hər kəs, o cümlədən də ABŞ hörmətlə yanaşmalıdır.

- Sizcə, yenə “sülh” deyib sülhdən qaçan Paşinyanın beynindəki nədir, bu adam nə istəyir?

- Paşinyan artıq 3 ildən çoxdur ki, guya sülh müqaviləsini imzalayır, amma imzalayıb başa çatdıra bilmir. Bu il də artıq başa çatır və düşünmürəm ki, sülh müqaviləsi ilin sonunadək imzalansın. Biz başa düşməliyik ki, Paşinyanın özündən asılı olan məsələ olsaydı, o bəlkə də çoxdan sülh sənədinə imza atardı. O, oyun oynuyur və hələ bir müddət də eyni metoddan istiafadə edəcək.

- Bəs, Nikol Paşinyanın “KTMT-dən çıxıram-çıxmıram” oyunu bitəcəkmi və nə vaxt, hansı sonluqla?

- Ermənistanın baş naziri hələ 2022-ci ildə bəyan etmişdi ki, onun ölkəsi 2023-cü ilin fevralında KTMT-dən çıxacaq. Özü də rəsmi şəkildə. Artıq, 2024-cü ilin fevralına yaxınlaşırıq, ancaq hələ də Ermənistan bu amorf təşkilatdan “çıxır”, amma çıxa bilmir ki, bilmir. Onu da qeyd etmək lazımdır ki, KTMT-nin yaranması tarixindən indiyədək bu təşkilata ən ağır və sarsıdıcı zərbəni vuran da məhz Paşinyan olub. İndi ona qarşı olan təzyiqlərin və basqıların bir səbəbi də məhz bu amildir. Paşinyan iki gündən bir bəyan edir ki, biz o təşkilatla bundan sonra da əlaqələrimizi sərinləşdirmək niyyətindəyik. Məhz buna görə də, bəzi məsələlər hələ tam həll olunmadığına görə, yaxın bir neçə ilə Ermənistanın KTMT-dən çıxması gözlənilən deyil.

- Avropa İttifaqı və ABŞ hansı ortaq plan hazırlayıb, sizcə? Ermənistandakı patrulların gerçək niyyəti nədir?

- Avropa və ABŞ-ın Ermənistanla bağlı niyyətləri bəllidir. Onlar çalışırlar ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartsınlar. Bu istiqamətdə onlar müxtəlif kanallarla hərəkət edirlər. Burada təkcə siyasi-iqtisadi deyil, eyni zamanda hərbi yönümdə də ciddi addımları görürük. Həm qərb silahlarının İrəvana verilməsi, həm Ermənistan Silahlı Qüvvələrinin kadr potensiyalının gücləndirilməsi dediklərimizə aiddir.

- Sülh danışıqlarının dalana dirəndiyi, Ermənistanın silahlandığı bir zamanda Azərbaycan və Ermənistan arasında növbəti savaş gözləniləndirmi?

- Son vaxtlar tez-tez səslənən fikirlərdən biri də guya Ermənsitanla Azərbaycan arasında hansısa savaşın baş verəcəyi ilə bağlı fikirlər, proqnozlar, xəbərdarlıqlardır. Amma mən bu savaşın harada və nə üstündə olacağını görmürəm və düşünmürəm. Bəziləri bunu Ermənistanın nəzarətində qalan anklavlarımızla bağlı ola biləcəyini deyirlər. Amma, düşünmürəm ki, o ərazilər üçün bundan sonra hansısa silahlı ciddi toqquşmalar baş versin. O ərazilər danışıq və sülh yolu ilə bizim yurisdiksiyamıza qaytarılacaq, bunu Ermənistan da gözəl bilir.

- Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin Azərbaycandakı kontingentinin vəzifə müddətinin daha 1 il uzadılması ilə bağlı prezident fərmanının qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin qanunu qüvvəyə minib. Ağdamdakı Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin daha bir il ölkəmizdə qalması nə vəd edir? Ümumiyyətlə, gələcəkdə Azərbaycanda xarici təsirlərin qarşılığında Türkiyə hərbi bazası qurula bilərmi?

- Türkiyə Silahlı Qüvvələrinin Ağdamdakı Monitorinq Mərkəzində fəaliyyəti daha bir il uzadıldı. Bu ona görə edildi ki, hələ ki Rusiya qoşunları Qarabağ ərazisindədirlər və oranı nə vaxt tərk edəcəkləri tam dəqiq deyil. Baxmayaraq ki, 2020-ci ilin 9-10 noyabr Bəyannaməsi mövcuddur və orada Rusiya sülhməramlı kontingentinin olma müddəti 2025-ci ilin noyabrına kimi göstərilib, görünən budur ki, Rusiya tərəfi israrla daha bir müddət ərazilərimizdə qalmağı arzulayır. Düşünmürəm ki, Türkiyə Azərbaycan ərazsində indiki şəraitdə baza kimi qalıb fəaliyyət göstərsin. Amma, bəzi məsələlər sona çatana kimi qardaş türk hərbçilərinin bölgədə olması bizim üçün çox önəmlidir. Kimin nə deməsindən asılı olmayaraq, biz öz yolumuza davam etməli və qarşımıza qoyduğumuz məqsadlərə çatmalıyıq.

Elşad Paşasoy,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR