İnsanlara hürriyət, millətlərə istiqlal!

Uyğurlar üçün “tərbiyələndirmə düşərgələri”: BBC-nin araşdırması

504 08.06.2022 10:32 Gündəm A A

Sincan polisinə aid kompüterlərinin serverindən Çinin son dərəcə məxfi bölgəsində çəkilmiş minlərlə fotoşəkil oğurlanıb. BBC-nin əlinə keçmiş bu materiallarda başqa dəlillər də var – ordan qaçmağa çalışanları odlu silahla öldürürlər. 

"Sincan polisinin faylları" BBC-yə bu ilin əvvəlində verilib. Biz onların həqiqiliyini müəyyənləşdirmək üçün aylarla çalışmışıq. Sızdırılan məlumatlar həmin bölgədə uyğurların və türk mənşəli digər xalqların internirasiyasıyla bağlı yeni və mühüm informasiya mənbəyidir. 

Faylların dərc edilməsi BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin Sincanla tanışlıq üçün Çinə gəlməsiylə eyni vaxta təsadüf edib. Çin hökumətinin tənqidçiləri Baçeletin səfər proqramına hakimiyyətin ciddi şəkildə nəzarət edəcəyindən narahatdırlar. 

Sənədlər bir-birilə əlaqəli iki fərqli kütləvi həbs sistemindən - "tərbiyələndirmə düşərgələri”ndən və həbsxanalardan uyğurlara qarşı istifadənin görünməmiş təfərrüatlarını ortaya qoyur. Bu təfərrüatlar Çin hakimiyyətinin uyğurlar haqqında dərc etdiyi məlumatların doğruluğuna ciddi şübhə yaradır. 

Hökumət Sincanda 2017-ci ildə tikilmiş düşərgələrin sadəcə “məktəb” olduğunu iddia etsə də, polis sisteminin daxili instruksiyaları, gözətçilərin siyahısı və məhbusların indiyə qədər heç yerdə dərc olunmamış şəkilləri bu bəyanatla kəskin ziffiyyət təşkil edir.

Minlərlə insanın terrorçuluqda ittiham olunaraq həbs edilməsi internirasiya üçün bəhanə xarakteri daşıyır, polis sənədlərində isə çox sayda və son dərəcə sərt hökmlərə rast gəlinir. 

Sözügedən sənədlər uyğurlara aid identiktliyin, mədəniyyətin və inancının hər hansı formada təzahürünə qarşı yönəlmiş siyasəti və bu məsələrlə bağlı qərarların 

Çin lideri Si Tsinpin səviyyəsinə qədər gedib çıxdığını ifşa edən ən inandırıcı sübutlardır. 

Serverlərdəki fayllarda 2018-ci ilin yanvar-iyul aylarında 5 mindən çox uyğurun polislər tərəfindən çəkilmiş fotosu var. 

Digər məlumatlarda onlardan 2884-nün həbs olunduğu qeyd edilib. 

“Tərbiyələndirmə düşərgələri”ndəki uyğurlara gəlincə, bəzi əlamətlər gösətrir ki, Çin hakimiyyətinin iddiasına rəğmən, onlar ora heç də könüllü getməyiblər.

çin, uyğur

50 yaşlı Havagül Təvəkkül tərbiyələndirilmək üçün 2017-cü ildə saxlanıb – səbəb göstərilmədən

Həmin düşərgələrdə çəkilmiş şəkillərdən məlum olur ki, orda dəyənəklə silahlanmış gözətçilər var. 

Buna baxmayaraq çinli məmurlar insanların orda zorla saxlandığını israrla təkzib edirlər. 

"Sincandakı tərbiyə və təhsil mərkəzləri insanlara ekstremizmdən qurtulmağa kömək edən məktəblərdir" - 2019-cu ildə Çinin xarici işlər naziri Vanq Yi belə deyib.

Çin, uyğur

30 yaşlı İlham İsmayıl, tərbiyələndirilmək üçün 2018-ci ildə saxlanıb – səbəb göstərilmədən

Bir çoxlarını xarci görünüşü islam dininə mənsubiyyətini nişan verdiyinə və ya müsəlmanların sayca çox olduğu ölkələrə getdiklərinə görə saxlayıblar.

Çin, uyğur

60 yaşlı Tacıgül Tahir, tərbiyələndirilmək üçün 2017-ci ilin oktyabr ayında saxlanıb, “qeyri-qanuni vəəz”də günahlandırılıb

Tacıgül Tahirin fotosunun arxa planında əlidəyənəkli şəxslər görünür. Bu, hakimiyyətin geniş istifadə etdiyi “assosiasiya görə günah” vəziyyətinin bariz nümunəsidir. 

Sənədlərdə Tacıgülün oğlunu “güclü dini mövqeyi” olan şəxs kimi təsvir ediblər – spirtli işki içmədiyinə və siqaret çəkmədiyinə görə. Və terrorçuluq ittihamıyla haqqında 10 il həbs qərarı verilib. 

Tacıgülün özünü isə “saxlananların qohumları” kateqoriyasına aid ediblər. Onun kimi minlərlə insan ailə üzvlərinin “cinayətlərinə” görə şübhəli sayılır.

çin, uyğur

Bu kollaj saxlanan 2884 şəxsin fotosundan hazırlanıb

Bu şəkillər uyğur cəmiyyətinin bütöv təbəqələrinin ard-arda düşərgələrə və türmələrə göndərilməsinin unikal hesabatıdır.

Çin, uyğur

Saxlananlardan ən kiçiyini – Rahilə Öməri düşərgəyə aparanda onun cəmi 15 yaşı olub

Çin, uyğur

Saxlananların ən yaşlısı Anihan Həmid 73 yaşında düşərgəyə aparılıb

Sincan polisinin fayllarında (BBC-nin də daxil olduğu beynəlxalq jurnalistlər konsorsiumu sözügedən sənədləri belə adlandırır) minlərlə foto və sənəd var. 

Bunlara yüksək vəzifəli məmurların məxfi çıxışları, polis sisteminin daxili təlimatları və personalı haqqında şəxsi məlumatlar, 20 mindən çox uyğurun internasiya olunmasının təfərrüatları və məxfi yerlərdə çəkilmiş fotoşəkillər daxildir.

Çin, uyğur

Mərkəzdə nəzarət altında saxlanmanın nadir görüntüsü. Görünür, uyğurları belə “tərbiyələndirirlər”

Faylları jurnalistlərə verən mənbə iddia edir ki, onları Sincan polisinin bir neçə kompüterinin serverini sındırmaqla əldə edib, sonra da Amerika Kommunizm Qurbanlarının Xatirə Fondunda çalışan tədqiqatçı Adrian Zentsə göndərib. Daha əvvəl Sincanda baş verənləri araşdırdığı üçün Çin rəsmiləri Zentsə qarşı sanksiya tətbiq ediblər. 

Doktor Zents faylları BBC-yə verib. Biz bu sənədləri əldə edən şəxslə birbaşa əlaqə saxlasaq da, o, adının çəkilməsini istəməyib. 

Sənədlərdəki son tarix 2018-ci ilin sonlarına aiddir – ola bilsin, 2019-cu ilin əvvəlində şifrələmə standartları sərtləşdirildiyinə görə. Sonrakı sənədlər bu səbəbdən əlçatmaz olmuş ola bilər. 

Zents Sincan polisinin sənədləri haqqında Avropa Sinologiya Assosiasiyasının jurnalı üçün məqalə yazıb və bütün məhbusların şəkillərini və bəzi digər sübutları internetdə paylaşıb. 

"Material redaktə olunmayıb, müxtəlif sənədlərdən ibarətdir. Bizdə hər şey var - məxfi sənədlər, liderlərin öz düşüncələrini açıq şəkildə ifadə etdikləri çıxışların stenoqramları, elektron cədvəllər, şəkillər. Bu, indiyə qədər görünməmiş vəziyyətdir və Çin təbliğatının maskasını cırıb atır" - Zent BBC-yə belə deyib. 

Sincan polisinin dosyelərində Pekinin israrla "könüllü təhsil müəssisələri" adlandırdığı “tərbiyələrndirmə düşərgələri”nin həbsxana xarakterini fotoşəkillərdən daha yaxşı ifşa edən sənədlər var. 

Sistemin daxili protokollarında düşərgələrin hər yerində həmişə silahlı mühafizəçilər olduğu, gözətçi qüllələrində pulemyotların və snayper yuvalarının yerləşdirildiyi bildirilir, qaçmağa cəhd edənlərin odlu silahla öldürülməsi siyasətinin mövcudluğundan bəhs edilir. 

Düşərgələrdə hansısa idarəyə və hətta xəstəxanaya aparılan hər bir "tələbənin" mütləq gözlərini bağlamaq, əllərinə və ayaqlarına qandal vurmaq qaydası var. 

Onilliklər ərzində Sincanda separatçı əhval-ruhiyyə artıb və bu, ara-sıra zorakılıq hallarıyla nəticələnib. Dövlət tədricən əyalət üzərində nəzarəti gücləndirib. 

2013 və 2014-cü illərdə Pekində və Çinin cənubundakı Kunmin şəhərində piyadalara və sərnişinlərə qarşı ölümlərlə nəticələnmiş iki hücum baş verib, hökumət bunda uyğur separatçılarını və radikal islamçıları günahlandıraraq siyasətdə sərt dəyişikliklərə start verib. 

Dövlət uyğur mədəniyyətini problem olaraq görməyə başlayib və artıq bir neçə il sonra peyk fotoşəkillərində uyğurların məhkəmə qərarları olmadan göndərildiyi yüzlərlə nəhəng "tərbiyələndirmə düşərgəsi" peyda olub. 

Digər nəzarət vasitəsi kimi Sincan həbsxanalarından istifadə olunub - xüsusilə də düşərgələrdə normal məhkəmə prosesinin olmamasıyla bağlı beynəlxalq tənqidlər artandan sonra. 

Bu ikili sistem 250 mindən çox uyğurun adlarının, ünvanlarının və identifikasiya nömrələrinin, o cümlədən, kimin nəyə görə və hansı tip müəssisədə saxlanmasıyla bağlı təfərrüatların qeyd olunduğu 452 elektron cədvəldə daha aydın görünür. 

Sənədlər həm düşərgələrdəki, həm də həbsxanalardakı amansız internasiyanı əks etdirir, minlərlə insanı rastgələ həbs etmək üçün əyalətə göndərilən Çin məmurlarının qərəzli münasibətini göz önünə sərir. İnkişaf etmiş müşahidə sistemi və insanlar haqqında toplanmış böyük məlumat bazası bu işdə onların köməyinə gəlir. 

Sənədlərdə insanların uzun illər, hətta onilliklər əvvəl törədilmiş “cinayətlərə” görə köhnə tarixə rəsmiləşdirilən cəzalara məruz qalmasıyla bağlı saysız-hesabsız nümunələr var. Məsələn, bir nəfər 2010-cu ildə bir neçə gün “nənəsiylə islam mətnlərini öyrəndiyinə” görə 2017-ci ildə 10 il həbs cəzasına məhkum edilib. 

Yüzlərlə insanı cib telefonundan istifadəyə görə tutublar - əsasən "qanunsuz dini mühazirələr" dinləmək və ya məlumatları şifrələyən proqramlardan istifadə etmək ittihamıyla. 

Digərlərinə isə əksinə, cihazlarından az istifadə etdikləri üçün 10 ilə qədər həbs cəza verilir - telefondakı “sıfır balans” vəziyyətinin daimi rəqəmsal nəzarətdən yayınmaq cəhdi kimi şərh edildiyi yüzdən çox hal var. 

Cədvəllərdən görünür ki, kiçik də olsa bəhanə tapmaq üçün uyğurların həyatları süzgəcdən keçirilir, sonra da "mübahisələr" və ya "asayişi pozmaq" kimi geniş ittiham siyahısına çevrilərək ciddi terror aktları səviyyəsində - 7, 10, 25 illik həbslə cəzalandırılır. Əgər bu siyahılarda həqiqi terrorçular varsa belə, onları əməllərinə görə deyil, milli kimliklərinə görə tutulan minlərlə insan arasında tapmaq olmaz. 

Dursun Qədirlə bağlı məlumatlarda onun 1980-ci illərdə bəzi xütbələri və islam mətnlərini öyrəndiyi, daha sonrakı illərdəsə “dini ekstremizmin təsiri altında saqqal uzatması” cinayətini törətdiyi qeyd edilir.

çin, uyğur

Dursun Qədir “dini ekstremizmin təsiri altında saqqal uzatdığına görə” həbs edilib

Buna görə 58 yaşlı kişini 16 il 11 ay müddətinə azadlıqdan məhrum ediblər. Sənədlər arasında Dursunun dövlət onu öz uyğur kimliyini qeyri-qanuni formada ifadə etməkdə günahlandırandan əvvəlki və sonrakı fotoşəkilləri var. 

Sincan polisinin sənədləri çoxsaylı yoxlamaların və daimi nəzarətin hətta düşərgədə və ya həbsxanada olmayanlar üçün də yorucu nəticələrini ortaya qoyur. 

Görüntülərdən məlum olur ki, öz evlərində yaşayan uyğurları da kütləvi şəkildə şəkil çəkdirməyə çağırıblar. Çəkilişlərin vaxtı göstərir ki, azyaşlı uşaqları olan ailələr və qocalar da daxil olmaqla, icmaları günün istənilən vaxtında, o cümlədən, gecə saatlarında da polis bölmələrinə yığıblar. 

Fayllara adqoyma sistemi düşərgələrdə və həbsxanalarda çəkilmiş fotoşəkillər üçün istifadə olunan sistemin eynidir. Ola bilsin ki, bu, üztanıma texnologiyası vasitəsilə toplanmış informasiyanı Çinin uzun müddətdir hazırladığı məlumat bazasına yerləşdirmək üçün edilir. 

Sızdırılan sənədlər həmin insanları gözləyən təhlükələri nümayiş etdirir. 

2018-ci ildə polis əməkdaşları Tursun Memetimin və Aşigül Turgun cütlüyünün fotolarını çəkiblər, 5 aydan sonrasa onları 6 il əvvəl başqasının mobil telefonunda “qeyri-qanuni mühazirəni dinləmək” ittihamıyla istintaq təcridxanasına göndəriblər.

Çin, uyğur

Tursun Memetimin və Aşigül Turqun 2018-ci ildə saxlanıblar

Çin, uyğur

Həmin vaxt onların övladları Ruzigülün 10, Ayşəmin 6 yaşı olub

Ələ keçirilmiş fayllarda onların üç qızından ikisinin - valideynləri yoxa çıxanda 10 yaşı olan Ruzigül Turqunun və altı yaşlı Ayşem Turqunun fotoları da tapılıb. 

Dosyelərdə valideynləri saxlanan uşaqların taleyi haqqında təfərrüatlar yoxdur. 

Çox güman, onların bir çoxunu Sincanda düşərgələrlə eyni vaxtda tikilmiş dövlət internat məktəblərinin uzunmüddətli qəyyumluğuna veriblər. 

Şəkillərin çoxunda uşaqların saçı qırxılmış vəziyyətdədir. Çindən kənarda yaşayan uyğurların BBC-yə dediyinə görə, bu saç kəsimi hətta valideynlərdən birinin və ya hər ikisinin nəzarətində olan uşaqların da ən azı həftəiçi günlərdə həmin məktəblərə getməyə məcbur edilmələrinin nişanəsi hesab oluna bilər. 

Fotoşəkillər sübut edir ki, uyğur ailələrini milli kimliyin və mədəniyyətin qoruyucusu hesab edən Pekin onlara qarşı cəbhə alıb. Çin hakimiyyəti açıq şəkildə 

bildirir ki, bu siyasətin məqsədi “onların köklərini qoparmaq; nəsillərini, əlaqələrini və mənşəyini məhv etməkdir”. 

Sincan polisinin sənədləri təkcə Çinin azadlıqdan məhrumetmə sisteminin detalları haqqında yox, həm də bu sistemin əhatə dairəsi haqqında yeni informasiyalar verir. 

Cədvəllərin əksəriyyəti Sincanın cənubunda uyğurların Konaşəhər, çinlilərin Şufu adlandırdıqları yerə aiddir. 

Doktor Zentsin araşdırmaları göstərir ki, 2017 və 2018-ci illərdə təkcə bu əyalətdə 22 762 uyğur - yəni yetkin yaşlı əhalinin 12%-indən çoxu düşərgələrdə və ya həbsxanalarda olub. 

Bu o deməkdir ki, bütövlükdə Sincanda həbsdə 1,2 milyondan çox yetkin yaşlı uyğur və türk mənşəli digər azlıqların nümayəndələri var. Bu statistika Sincan üzrə ekspertlərin rəsmi Pekin tərəfindən israrla tədd edilən qiymətləndirmələriylə tamamilə üst-üstə düşür. 

11 ölkənin14 media qurumundan ibarət konsorsiumla işləyən BBC Sincan polisinin sənədlərindəki vacib elementlərin doğrulunu dəqiqləşdirə bilib. 

Avropa və ABŞ-da yaşayan uyğurlardan Sincanda itkin düşmüş qohumlarının adları və identifikasiya nömrələri istənib, həmin məlumatlarla cədvəllərdəki inflromasiyalar arasında bir neçə uyğunluq tapılıb və bu, bir daha sübut edib ki, sənədlərdə qeyd olunan məlumatlar real insanlara aiddir. 

Eyni zamanda, BBC Berklidəki Kaliforniya Universitetinin görüntülər üzrə məhkəmə-tibb eksperti professor Hani Fəriddən fotoların bir qismini qiymətləndirməyi xahiş edib. 

O, şəkillərin saxta olduğuna dair heç bir dəlil tapmayıb - nə kompüterdə sintez edilən "dərin saxtakarlıq" izləri, nə də rəqəmsal manipulyasiyaya aid hər hansı bir əlamət aşkar edib.

çin, uyğur

Bəzi şəkillərin kənarları əyri görünür

Bəzi şəkillərin kənarlarında görünən qəribə effekt də (Sanki əvvəlcə kopyalayıb sonradan bir qədər fırladılıblar) onların Sincandakı nəhəng müşahidə şəbəkəsi tərəfindən çəkilməsi iddiasının doğruluğunu təsdiqləyir. 

Professor Fərid hesab edir ki, çox güman, bu, üztanıma bazasını standartlaşdırma prosesinin nəticəsidir – həmin proses zamanı gözlərin üfüqi vəziyyətə gətirilməsi üçün şəkillər avtomatik olaraq fırlanır. 

"Bu, əlbəttə ki, tamamilə zərərsiz bir manipulyasiyadır" - BBC-yə hesabatında professor belə yazıb. 

Fotoşəkillərin həqiqiliyini onları faylların metadatasındakı vaxta uyğun şəkildə yerləşdirməklə və sonra da fonda görünən ümumi detalları araşdırrmaqla da yoxlamaq olar. Bu detallar fotoların real vaxtda və real yerlərdə çəkildiyini göstərir. 

Media konsorsiumu Çin hökumətinə serverləri sındırmaqla əldə edilmiş sənədlərdəki dəlillər barədə ətraflı suallar ünvanlayıb və Çinin Vaşinqtondakı səfirliyindən yazılı cavab alıb. 

“Sincanla bağlı məsələlər insan haqları və ya dinlə yox, mahiyyət etibarilə terrorizm, radikallaşma və separatizmə qarşı mübarizəylə əlaqəlidir” – səfirliyin cavabında belə deyilir. Eyni zamanda vurğulanır ki, Çin hakimiyyəti “deradikalizasiya üçün çox sayda qəti, etibarlı və effektiv tədbirlər” həyata keçirib. 

Cavabda həmçinin qeyd olunub ki, “Hazırda regionda sosial sabitlik və harmoniya, o cümlədən, iqtisadi inkişaf hökm sürür”. Məktub müəlliflərinin fikrincə, Pekinin regionda əldə etdiyi bu nailiyyətlər “Sincan haqqında hər cür yalana və dezinformasiyaya ən güclü cavabdır”. 

Bununla belə, məktubda Sincan polisinin fayllarındakı sənədlərin heç birinə münasibət bildirilməyib. 

Polis dosyelərində uyğurların milli kimliyini zorla dəyişdirməyə yönəlmiş fiziki nəzarət cəhdlərinin ən yüksək səviyyədə həyata keçirildiyini göstərən fotoşəkillər də var. 

Həmin şəkillərdə istintaq təcridxanalarındakı məhbuslara polis dosyelərində təsvir edilmiş ramedici təlim məşqlərini xatırladan hərəkətlər əks olunub.

Çin, uyğur

Başını aşağı salaraq çöməlmiş məhbus dəyənəkli zabitlərin əhatəsində

Fayllarda ideoloji təlim seanslarını - müvəqqəti saxlama düşərgələriylə həbsxanalar arasındakı oxşarlığı növbəti dəfə nümayiş etdirən fotoşəkilləri də var. 

Məhbusların geyimlərinin üzərindəki yazılar onların Sincanın şimalındakı Tekes həbsxanasında olduğunu göstərir

Çin, uyğur

Belə görünür ki, məhbusları ideoloji təlim seanslarına cəlb edirlər

Tekes şəhərindəki bu məşhur təcridxananın peyk görüntüləri polis dosyelərindəki bəzi fotoşəkillərlə ideal səviyyədə üst-üstə düşür və bu onların həqiqiliyini təsdiqləyir, ələ keçirilmiş sənədlərə əlavə etibarlılıq qazandırır. 

Yüksək rütbəli partiya rəsmilərinin çıxışlarının polis sənədlərindəki stenoqramları isə “tərbiyələndirmə” siyasətinin arxasındakı zehniyyəti ortaya qoymaqla yanaşı, bu siyasətin həyata keçirilməsinə əsas kimin cavabdeh olmasının ən bariz sübutlarından biridir. 

Çinin ictimai təhlükəsizlik naziri Zhao Kezhi 2018-ci ilin iyununda Sincandakı məxfi çıxışı zamanı deyib ki, təkcə bu bölgədə ən azı iki milyon insan “ekstremist düşüncələrə” yoluxub. 

Çinin sədri Si Tsinpinə istinadlarla dolu çıxışında Kezhi ölkə rəhbərini yeni obyektlərin tikilməsi və həbsxanalara maliyyə yardımının artırılmasıyla bağlı "vacib göstərişlərinə" görə tərifləyib. Məhbus axınının öhdəsindən gəlmək, həmin iki milyonu yerləşdirmək üçün yeni həbsxanalar lazımdır. 

Uyğurların və türk mənşəli digər azlıqlarının kütləvi həbsi həqiqətən də Çin liderinin göstərişinə əsasən baş verirsə, Sincan polisinin sənədləri bunun üçün hansı müddətin nəzərdə tutulduğunu təxmin etməyə imkan verir. 

Sənədlərdə başqa bir məxfi çıxış haqqında da məlumat var – yaxın vaxtlara qədər Sincan Kommunist Partiyasının katibi olmuş Çen Quanquo 2017-ci ildə yüksək rütbəli hərbçilər və polislərə bunları deyib: 

"Bəzilərini tərbiyələndirməyə hətta beş il də kifayət etməyə bilər. Onları həbsxanadan buraxan kimi yenə problemlər yaranacaq. Bu, Sincan reallığıdır". 

Quanqonun sözlərini bu gerçəyin etirafı kimi də qiymətləndirmək olar - uyğurlar öz köklərinə Kommunist Partiyasına sədaqətdən geri qalmayan bağlılıq hiss etdikcə, repressiyalar bitməyəcək.

Bu material BBC-nin Avropa, Böyük Britaniya və ABŞ-da olan əməkdaşları tərəfindən hazırlanıb; Brüssel, London, Nyu-York və İsveçdə yazılıb və redaktə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR