İnsanlara hürriyət, millətlərə istiqlal!

Üşüdən xatirələr... - İqbal Səfərov yazır

794 17.01.2024 02:49 Yazarlar A A

Şuşaya gedən şaxtalı yol...

Meşədə gizlənmişdik. Artıq gecə düşürdü.

Hava çox soyuq olduğundan qərara aldıq ki, ağac budaqlarından üç-dörd nəfərin içərisinə uzanmaq üçün yerləşə biləcəyi sığınacaqlar düzəldək.

Köməkləşib həm özümüzə həm də yaralılarımıza hazır elədik. Qaranlıq düşən kimi içərisinə girdik. Yer su olduğu üçün üzərimizdəki qoruyucu jiletləri çıxardıb altımıza sərərək üzərində uzandıq. (İçəridə dörd XTQ mənsubu bir də mən bir-birimizə qısılaraq uzanmışdıq)

Gecənin yarısı artıq soyuq dözülməz hal almışdı.

Paltarlarımız da sulu olduğundan əməlli titrədir nə edəcəyimizə qərar verə bilmirdik.

Axırda qərar verdik ki, uzandığımız yeri qazaq çala halı yaradaraq balaca ocaq qalayaq. Köz düşsün sonra o közlərin üzərini torpaqlayaq yenidən üzərinə uzanaq ki, istilik yaransın.

Ocaq qalamaq çox təhlükəli idi. Gizləndiyimiz meşənin qarşısında və sağ tərəfindəki yüksəklikdə ermənilər mövqelənmiş, sol tərəfimizdəki uzaqda olan yüksəklikdə isə bizim artilleriya bölmələrimiz var idi.

Demək istədiyim, ocağı hansı biri görsə, bizim üçün təhlükə yarana bilərdi.

Soyuqdan donmaq həddində olan insana artıq bütün bunların elə də əhəmiyyəti olmur.

Yeri qazıb ocaq qaladıq. İçərini tüstü bassa da, biz çox xoşbəxt idik. Günlər sonra o qədər sevinirdik ki...

Müharibədə nə sevinc... Zatən çox qısa çəkdi...

Üzərimizə yağmayan mərmi qalmadı...

Olduğumuz yerin 15-20 metr məsafəsinə nələr düşmədi ki...

Tez yerimizdən çıxıb meşəyə səpələndik... Gecənin qaranlığında, yağan yağışın altında yaralılarımızı qoyub gedə bilməzdik. Allaha ümid nə olacağını gözləyirdik... 

dc4ffb87-ea3d-426b-85d9-2abcc88d4cb1.jpg (105 KB)

Raketlər isə susmaq bilmirdi...

Raketləri bizimkilər atırmış... Gec də olsa bunu anladıq.

Bəli, biz ocaq qalamaqla böyük səhvə yol vermişdik. Onlarda günah yox idi. (Ayıq-sayıq olduqları üçün də təşəkkür düşür)

Rabitə əlaqəsinə çıxmağı bacardıq və vurduqlarının bizlər olduğu məlumatını verə bildik.

Xoşbəxtlikdən heç birimiz xəsarət almamışdıq.

Yenidən gecənin sakitliyi meşənin üzərinə çökmüşdü... Biz yağan yağış altında titrəyirdik, amma sabahın açılmasını gözləməkdən başqa da çarəmiz yox idi...

Bu günlərdə yağan qar, soyuq hava...

Hər il hava soyuyanda, qar yağanda yaşananları, məhz o günləri və bu gün səngərlərdə xidmət edən qardaşlarımı yadıma salıram..

Şəklimə baxıram. Xatırlayıram. Əllərim soyuqdan necə də göyərmişdi. Demək olar tutmurdu...

Xatirələrimi canlı tutub, yazımı hər dəfə paylaşıram.

Bu, soyuq, qarlı havada Vətən keşiyində dayanan oğullarımızın ürəklərini Allah özü isitsin. AMİN!

 

Müəllif: İqbal Səfərov

Silahlı Qüvvələrin zabiti, Gömrük Komitəsinin əməkdaşı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR