İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqlarda COVİD ağırlaşmaları - Baş pediatr səbəblərdən danışdı, xəbərdarlıq etdi

1392 09.01.2021 10:30 Yaşam A A

Nəsib Quliyev: “Biz böyüklər özümüzü necə qoruyuruqsa, uşaqları da o qaydada, diqqətlə qorumalıyıq”

Azərbaycanda son günlər azyaşlılar arasında COVİD 19-un ağır formasının yayıldığı bildirilir. Valideynlər övladlarında yüksək hərarət, mədə-bağırsaq pozuntuları, pnevmoniya kimi halların olduğunu deyirlər. Virus yayılandan bəri mütəxəssislər uşaqların xəstəliyi yüngül keçirdiyini qeyd edirdilər. Bəs səbəb nədir? Koronavirusun yeni ştammı bizdə də yayılıbmı?

Yeri gəlmişkən, Böyük Britaniyada koronavirusun müəyyən edilmiş yeni ştammının uşaqlar üçün çox təhlükəli olduğu aşkarlanıb. Londonun Kraliça Meri Universitetinin epidemiologiya üzrə baş müəllimi Dipti Qurdasani bildirib ki, aşkar olunmuş koronavirusun yeni mutasiyası 19 yaşınadək olan uşaqlar və gənclər üçün daha çox yoluxucudur: “Həm də uşaqlarda bu növ koronavirusun simptomlarının yaranma ehtimalı daha yüksək ola bilər”, - Qurdasani belə deyib. Onun sözlərinə görə, yeni koronavirus ştammı uşaqlardan böyüklərə də keçə bilər ki, bu da daha ağır xəstəliyə gətirib çıxarır.

Görəsən, İngiltərədə yayılan yeni virus Azərbaycana da gəlibmi, uşaqlar arasında yayılan virus həmin virusdurmu?

Respublikanın Baş pediatrı Nəsib Quliyev “Yeni Müsavat”a bildirib ki, uşaqlarda ağırlaşmaların səbəbi virusun mutasiyaya uğraması ilə bağlı deyil: “Uşaqlarda koronavirus infeksiyası böyüklərlə müqayisədə dəfələrlə yüngül keçir. Bu dünyada da təsdiq olunmuş faktdır. Ölüm göstəricisi də dəfələrlə aşağıdır. Orta hesabla hər  xəstələnən min nəfərə 0.02 ölüm sayı düşür, bu da say etibarilə iki nəfər edir. Amma bu, o demək deyil ki, uşaqlarda ağır vəziyyətlər olmur. Uşaqlarda koronavirus infeksiyasının müxtəlif fəsadları görünür, onun bir ağır fəsadı var, bədəndə damar patologiyası gedir, qansızmalar olur, dəridə çoxlu səpgilər olur. Bundan başqa, uşaqlarda xəstəlik zamanı bəzi hallarda angina, diareya tipli gedişlər olur. Bütün dünyada da var ki, uşaqlarda koronavirus infekasiyasının fəsadları böyüklərdən qat-qat artıq ola bilər. Yəni  demək istəyirəm ki, bu o demək deyil ki,  uşaqlarda problem olmur. Yəni biz özümüzü necə qoruyuruqsa, uşaqları da o qaydada, diqqətlə qorumalıyıq”.

Azərbaycanın baş pediatrı valideynlərə xəbərdarlıq etdi - son xeberler

Baş pediatr onu da qeyd edib ki, uşaqlarda koronavirus aşkarlanırsa, dərhal həkimə müraciət olunmalıdır: “Koronavirusun müalicəsini özbaşına aparmaq olmaz. Tibb işçisi təyinat verməlidir və müalicəsi də aparılmalıdır. Uşaqda virus aşkarlanarsa, qayda belədir ki, yaşadığı yerdə sahə - poliklinika həkiminə məlumat verilməlidir. Ondan sonra test götürülür, nəticə müsbət olursa, onda sahə həkimi ümumi qəbul olunmuş, uşağın vəziyyətinin ağırlığından asılı olaraq müalicə təyin edir. Fəsad görülürsə, ağırlaşma varsa, xəstəxanaya yerləşdirilir. Uşaqlar üçün ayrılmış 7 saylı uşaq xəstəxanası COVİD xəstələrini qəbul edir. Təcili Yardım çağırılır və ora aparılır. Əgər xəstəlik yüngül gedişə malikdirsə, onda evdə müalicə olunur. Bildiyiniz kimi, koronavirus infeksiyasına qarşı öldürücü dərman hələ ki tapılmayıb. Ona görə də simptomatik müalicə edirlər. Hər ehtimala qarşı virus əleyhinə preparat təyin edirlər.

Burda əsas məsələ orqanizmin ümumi müqavimət qabiliyyətini, reaktivliyini artırmaqdır. İmmuniteti gücləndirmək lazımdır. Hərarət olanda onu aşağı salmaq üçün Parasitamol tərkibli preparatlardan istifadə olunur. Və yüksək dozada C vitamini qəbul edilməlidir. 50-100 il bundan əvvəl sübut olunub ki, virus əleyhinə təsir göstərə bilən qeyri-spesifik preparatlardan birincisi C vitaminidir. Bir də uşaqlara içərisində müxtəlif mikroelementlər olan polivitaminlər verilir. Bunlar əlamətlərə qarşı müalicə sayılır. COVİD əleyhinə dərman icad olarsa, onda bu səbəbə qarşı müalicə sayılacaq. Bu gün yeganə çıxış yolu qorunmaq və peyvənddir. Uşaqlarda bəzən çox ağır fəsadlar baş verir, ölüm halları olur, düzdür bu böyüklərlə müqayisədə 10 dəfələrlə aşağıdır. Amma var. Ona görə də uşaqları maksimum dərəcədə qorumaq lazımdır. Amma bunun  mutasiya ilə bağlılığı yoxdur. Uşaqların orqanizminin xüsusiyyətləri ilə bağlı olaraq  ağırlaşmalar olur. Uşaqları daha çox qorumaq lazımdır".

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı fikirlərini bölüşüb: “Bilmirəm bu nə dərəcədə doğru məlumatdır. İndi kəskin respirator virus infeksiyaları da yayılıb. Bunu o zaman biz dəqiqliklə deyə bilərik ki, mutasiyaya uğrayan virusun dəqiq diaqnozu qoyulsun. Rinovirus, rotovirus, paraqrip infeksiyaları var. Bu virus uşaqlarda adətən qarın ağrısı, qarın işləmə, qızdırma ilə müşahidə olunur. O xəstəliyi olan uşaqlara baxmaq lazımdır. Qrip əlamətləri varmı, bunu klinik əlamətlərindən də koronavirusdan ayırmaq olar.

Uşaqlarda koronavirus adətən yüngül keçir, ağır keçməsini müşahidə etməmişəm. Bir gün yüksək qızdırma olanda sonra düşür. Digərləri isə ümumiyyətlə qızdırma olmadan, yüngül keçirir. Düşünmürəm ki, bizdə virusun yeni ştammı əmələ gəlib. Mutasiyaya uğrayan virus hələ sübut olunmayıb. Onun sürətlə yayılma ehtimalı var. Bu da klinikada əksini tapmayıb, təsdiqlənməyib. Virusun genetik materialını tədqiq edəndə (mutasiya baş verib ya yox), məlum olub ki, həmin gen daha çox sürətlə yayılmağa meyllidir. Ona görə təxmin edirlər ki, bu virusun digərlərindən fərqi 70 faiz daha sürətlə yayılma ehtimalının olmasındadır.  Yeni ştammın daha ağır gedişi barədə  məlumat yoxdur".

Texasdakı uşaq xəstəxanasının azərbaycanlı həkimi “Yeni Müsavat”a danışdı

Texas uşaq xəstəxanasının azərbaycanlı həkimi Yusif Hacıyev də İngiltərədə mutasiyaya uğrayan virusun uşaqlar üçün təhlükəli olub-olmamasına münasibət bildirib: “Təbii ki, bu cür xəbərlər hər zaman çıxacaq. Mən bu xəbərlərdən daha çox elmin nəticələrinə inanıram. Elmi araşdırmaların bizə nə verəcəyini gözləməkdə fayda var. İndi ciddi, təhlükəyə səbəb olacaq hər hansı elmi araşdırma oxumamışam, görməmişəm. Bizim xəstəxana çox ağır, onkoloji xəstələri qəbul edən klinikadır. COVİD olub, onkoloji xəstəlikdən müalicə olunan uşaqlar da daxil, bu problemin öhdəsindən gəlmişik. Uşaqlarla işləyəndə biz daha çox özümüzü, yaşlıları qoruyuruq. Bilirik ki, uşaqlar üçün bu virus təhlükəli deyil”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR