Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına valideynlər tərəfindən uşaqlara Tufan, Sunami, eləcə də Qazax rayonunun adının qoyulması üçün müraciətlər edilib.
Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, bu müraciətlərə mənfi cavab verilib:
“Valideynlər bizə müraciət edərək bildiriblər ki, uşaq 8 aydır, lakin adsızdır, biz ona Sunami adını qoymaq istəyirik. Bundan başqa, dünən oğlan uşağına Tufan adının qoyulması üçün müraciət edilib. Daha bir oğlan uşağı isə Qazaxda dünyaya gəldiyi üçün onun adını Qazax qoymaq istəyirdilər. Biz bu müraciətlərin hər üçünə mənfi cavab vermişik”.






