Uşaq telekanalında biabırçı tərcümə fikir ayrılığı yaratdı - Video
Zeynal Məmmədli: “Günəş TV”-nin günahı ANS-dən çoxdur”
ANS TV-nin yerinə gecə saatlarında ümumrespublika yayımına keçən "Günəş TV"də gecə saatlarında efirə gedən "Mən yaramazam" cizgi filmində personajlardan biri təhqiramiz sözlər işlədib. Belə ki, personaj "o sənin dalını dağıdacaq" sözünü deyib və bu sözlər ana dilimizdə efirə verilib. Sözügedən kadrlar sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bundan əlavə media nümayəndələri arasında fikir ayrılığı yaradıb. Bəziləri gecə saatlarında təhqiramiz fikirlərin səslənməsini normal hal kimi qiymətləndirsə də, çoxları bu hadisəni birmənalı qarşılamayıb və telekanal barədə ölçü götürülməsini tələb edib.
“Yeni Müsavat” qəzetinin əməkdaşı yaşananlara münasibət öyrənmək üçün Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədovla əlaqə saxlayıb. O, sözügedən hadisədə hüquqi cəhətdən qanun pozuntusunun olmadığını bildirib: ”Şuranın qəbul edilmiş qərarlarına əsasən, uşaqlar üçün verilişlər səhər saat 7-dən axşam 11-ə kimi efirə verilməlidir. Saat 23:00-dan sonra hər hansı ədəbsiz ifadənin işlənməsi qanun pozuntusu sayıla bilməz. Nəzərə alsaq ki, bu hal uşaq telekanalında yaşanıb, biz onlara xəbərdarlıq etmişik. Onlar da bildirdilər ki, ədəbsiz sözə görə telekanal əməkdaşları xalqdan üzr istəyib və proqramın rəhbəri cəzalandırılıb”.
Media eksperti Zeynal Məmmədli isə qəzetimizə açıqlamasında cizgi filmdə təhqiramiz ifadən işlənməsini mənfi hal kimi qiymətləndirib: “ANS-in taleyi həll olunmamış onun tezliyində başqa bir telekanalı efirə vermək etikadan kənardır və cəmiyyətə normal, etik davranış diktə etmir. Bu pis haldır. Dünyada bir telekanal yayımdan qaldırılanda onun tezliyində məcburi, amma sosial, maarifləndirici sənədli filmlər və uşaqlar üçün verilişlər təqdim edilir. Amma bir telekanalın səhvi təsdiq olunmayıb, rəhbərləri də günahsız olduqlarını israrla deyirlərsə, orada başqa telekanal yayımlanmamalıdır. “Günəş TV”-nin yayımlanması bir ayıb, orada təhqiramız ifadələrin işlənməsi ikinci ayıbdır. Uşaq telekanalı efirə verdiyi tərcümə olunmuş cizgi filmlərinə də diqqətlə yanaşmalıdır. Cizgi filmdə istifadə olunan cümlə cəmiyyətə ANS-nin təsdiqlənməyən səhvindən çox ziyan vurur. “Günəş TV”-nin günahı ANS-dən çoxdur. MTRŞ burada qaş düzəldən yerdə göz çıxarıb”.
Ekspert MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədovun sözügedən hadisədə qanun pozuntusunun olmadığı barədə açıqlamasına da münasibət bildirib: “Sözügedən telekanal ictimai əxlaqa sıxmayan, ədəb çərçivəsini aşan bir telekanaldır. O telekanalda bununla bağlı işarə də var. İnsanlar saat 23:00-a kimi tərbiyəli olur, ondan sonra tərbiyəsiz olur? MTRŞ rəsmisinin cavabı çox məntiqsizdir. Deməli, Azərbaycanda 23:00-dan sonra tərbiyəsiz olmaq olar. Bu məntiqə sığmır. Gözəl dilimizə uyğun gəlməyən sözləri necə işlədə bilərik? Gerçəyi elə ifadə etmək lazımdır ki, ədəbsiz səslənməsin, amma ədəbsiz mənanı saxlasın. MTRŞ-nin mətbuata verdiyi cavab ağlasığmazdır”.
Qeyd edək ki, "Günəş TV"nin icraçı direktoru Rəşad İsayev yayımlanan "Mən yaramazam" cizgi filmindəki biabırçı tərcümə ilə bağlı mətbuata məktub göndərib. O, açıqlamasında bildirib ki, telekanal rəhbərliyi görüntülərə görə tamaşaçılardan üzr istəyir: "Baş verən yanlışlığa görə təəssüf hissi keçiririk. Məsələ ilə bağlı bir neçə əməkdaş, artıq, cəzalandırılıb. Aparılan araşdırmaların nəticəsində, bu xoşagəlməz halın yaşanmasına səbəb olan, cavabdeh şəxslər işdən azad olunacaq. Eyni zamanda, bir daha belə halların yaşanmaması üçün telekanal əməkdaşları qarşısında xüsusi tələb qoyulub. Bu xoşagəlməz duruma görə tamaşaçılarımızdan üzr istəyirik".
Könül İbrahim
Musavat.com






