İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşağı ölən ananı əxlaqsız çıxarmaq... sizə nə qazandırdı?

1424 04.05.2023 17:47 Yazarlar A A

Xalqımızın şanlı kəsimi yenə 7 yaşlı Fərid Bakarovun məşqçi tərəfindən öldürülməsinə orijinal baxış gətirməyə çalışır. Hadisədən bir neçə gün keçib.

Amma sağ olsunlar, artıq körpənin anasını əxlaqsız, məşqçi ilə sevgili kimi təqdim etməyi bacarmışıq. Uşaq torpağın altında, ana affekt vəziyyətdə... Amma şanlı jurnalistikamız mikrafonu ananın ağzına dirəyib ki, bəs siz niyə məşqçiyə öz adıyla müraciət edirsiz, məşqçi sizi idman zalından çıxaranda niyə etiraz etmədiz, niyə uşağı məşqçi ilə birlikdə evə gətirdiz? Məşqçi evə girəndə birbaşa uşağı yataq otağına aparıb, oranı hardan tanıyırdı? Olmaya... Əcəba? Bir başqa ağıllı da çıxıb deyir ki, uşağı ölən ana mediaya müsahibə verəcək durumda olmamalıdır axı. Müsahibə verirsə... İnanın ki, belə suallar verildi. İnanın ki, belə yanaşmalar izlədik bu bir neçə gündə.

Affekt vəziyyətində, hələ nə yaşadığını, nə faciənin içində olduğunu dərk etməyən ananı psixoloq ədası ilə təhlil edib, onu əxlaqsız çıxaranlar da var.

Hələ uşağın atası ilə məşqçinin anasının evinə hücum edib, onun az qala gözünü çıxarırcasına sual verənlərdən danışmıram. Heç kimə jurnalistika dərsi keçməyəcəm. Amma ortada hər biri ayrıca cinayət predmeti sayılacaq hallar baş verib. Onları araşdırmaq lazımdır. Onları üzə çıxarmadan dərdli insanların üstünə şığımaq yumşaq desəm, cinayətkarla əlbir olub, olaydan diqqəti yayındırmaq məqsədi daşıyır. Qanında narkotik tapıldığı iddia edilən məşqçi – oxu, narkoman – niyə yoxlanılmadan, qan analizi vermədən yarışlara buraxılır? Sambo üzrə məşq keçməyə icazəsi olmadığı halda(şanlı federasiya deyir ki, o, bizim üzvümüz deyil) niyə bu sahə üzrə məşq keçə bilir? Qapılarını medianın üzünı bərk-bərk bağlayan məktəb hansı haqla o idman zalını bu məşqçi pozuntusuna icarəyə verib? Niyə direktor yaxasını rahat şəkildə kənara çəkə bilir? Nədir bu? Məktəblər artıq direktorların dədəsindən qalan mülk hesab olunur? İstədikləri otaqları individual məşğələ üçün icarəyə verdikləri kimi idman zalını da narkomanlara kirayəyə verirlər? Uşağı müayinə edib, “heç nəyi yoxdur, evə apara bilərsiz” deyən tibb müəssisəsinin heç bir günahı yoxdur? Hansı cəhənnəmdədir ona “sağlamdır” deyib, evə göndərən həkim? Nə ilə baxıb o uşağa? Tasa su qoyub, falına baxandan sonra evə göndərib?

Ana savadsız ola bilər. Ana anlaqsız da ola bilər. Ana lap psixoloji baxımdan normal olmaya da bilər. Bundan başqa, bütün insanlar eyni dərəcədə haqlarını bilən, savadlı, lazım gələndə davakar da deyillər. Məşqçi deyib, “çıx, zaldan”, ana da çıxıb. Həkim “uşaq normaldı, apar evə” deyib, ana da aparıb. İndi suçlu qalıb qıraqda, düşüblər dünyası başına yıxılmış ananın üstünə: Niyə məşqçi ilə dalaşmadı? Niyə xəstəxanadan evə gətirdi? Eşşəyə gücü çatmayanlar palan döyəcləməyə başlayıblar. Fikrini başa salmaq istəyirsən, heç biri anlamır. Günəşi g...təş kimi başa düşənlərin əhatəsində kimə nə başa salasan axı?

Sabah hamınız, hamımız bu olayı unudub, həyatımıza davam edəcəyik. Hələ ana üçün də isti-istidir. Bir azdan anlayacaq nə yaşadığını, kimi itirdiyini, nələrdən keçdiyini. Hamı evinə-eşiyinə çəkiləndən sonra uşağının qoxusu gələn paltarları qucaqlayıb ağlayanda anlayacaq nə baş verdiyini. O körpənin fotoları telefonun ekranına çıxanda dünyası başına təkrar-təkrar yıxılacaq... Mən atamı 17 gün komada qalandan sonra itirmişəm. Onu itirdiyim gün, ondan sonrakı günlərdə affekt vəziyyətdə idim. Yasa gələn hamıya dəqiqələrlə atamın həkim səhvi ucbatından öldüyünü danışırdım, həm də dəqiqələrlə. Hadisəni nəql edirdim - hansı həkim nə dedi, analizlər necə oldu. Normalda dünyam yıxılmış, altında qalmışdım, danışmağa heyim olmamalıydı. Amma o böyüklükdə acı yaşayan insan necə dəqiqələrlə danışır deyə irad bildirmək olmaz. Acını yaşamaq da, onu ifadə etmək şəkli də individualdır. Hər kəs acısını, faciəsini bir cür yaşayır. Biri dava-dərmanla ayaq üstə dayanır, ya da yataqdan çıxa bilmir. Bir başqası, yaşadığı faciəni bütün dünyaya hayqıraraq ağrısını xəfiflətməyə çalışır. Buna görə heç kimi günahkar çıxara bilməzsiz. Hələ-hələ o ananı? Əsla! Buna, yumşaq desəm, haqqınız yoxdur.

Baxın, hədəfi o qədər yayındırır, məqsədindən o qədər uzaqlaşdırırsız ki, məşqçi bu gün məhkəmədə ifadə verib və özünü təqsirli bilmədiyini deyib. Alın sizə ədalət! Bunu istəyirdiz? Gənclər və idman naziri deyir ki, 7 yaşlı yeniyetmənin ölümü ilə bağlı məsələ diqqətimizdədir. Bu boyda ölkənin o boyda gənclər naziri bilmir ki, yeniyetmə 7 yaşında olmur. Aeroportda VİP-dən keçməyib, növbədə gözləməklə deyil eee. İnsanların növbə ilə bəzi mərhələləri adladığını kimsə o nazirə başa salsın: öncə körpəlik, sonra uşaqlıq, ardınca yeniyetməlik, gənclik... Müavini bahalı maşınla supermarketi dağıdan, vulqar rəqsi ilə rəqqasələrə “daş çıxardan” nazirliyin birinci şəxsi də uşaqlıqla yeniyetməliyi qarışdıra bilər. Gedin Allahınıza şükr edin ki, sizə “a körpə” demir.
Baxın, hələ istintaq davam edir. Bəlkə də sonda bilmədiyimiz çox faktlar çıxacaq üzə. Ola bilər, kimlərsə dediklərində haqlı da çıxacaq. Məsələn, o ananın o məşqçi ilə sevgili də olması mümkündür. Hər ikisi subaydı, kimə nə? Axı bu qadın israrla deyir, sevgili deyilik. Axı bu qadın “məşqçi həbs olunmalıdır” deyə hayqrır. Siz niyə cinayəti, onun baş vermə şəraitini, adamın narkomanlığını, bu narkomana yüzlərlə uşağın həyatının illərlə əmanət olunduğunu unudub, bu ölkədə bəzi məktəblərin az qala cəngəllik qanunları ilə idarə olunduğunu gözardı edib, bir qadının yaxasından yapışmısız? Gücünüz zəifə, əzilmişə, tənhaya çatır? Anlamıram, dünyası qaralmış ananı əxlaqsız çıxarmaq sizə nə verir? Nə qazanırsız?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR