İnsanlara hürriyət, millətlərə istiqlal!

UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI

2603 12.07.2010 09:57 Proje A A

Yüzlərlə insan bu ərazidə istirahət edir. Sakinlərin sözlərinə görə, yayda bura insanlarla, turistlərlə dolu olur. Böyük ərazisi olan bu istirahət mərkəzi Pirşağının qurtaracağı sayılır. Lakin dənizin dalğalı yeri olan istirahət mərkəzi elə də ürəkaçan deyil. Burada antisanitariya baş alıb gedir. Dəniz sahilində içki qabları, balaca qurbağalar, meyvə-tərəvəz qırıntıları ürəyin istəyən qədərdir. Su isə yosun və müxtəlif bitkilərlə zəngindir. Buna baxmayaraq insanlar istidə dənizə axışır, yayın dadını çıxarmağa çalışırlar.
Dənizin kənarında sıra ilə düzülmüş göz oxşayan villalar var. Sakinlərin dediyinə görə, onlar yüksək rütbəli şəxslərə məxsusdur. Məmurlar yayda buradakı bağ evlərinə gəlir, istirahət edirlər.

***

Sahilə yaxın ərazidə “Hacı Şahverdi” hamamının olduğunu öyrənirik. Yerli əhəmiyyətli memarlıq abidəsi kimi tanınan, 19-cu əsrə aid bu tikili baxımsızlıqdan məhv olmaq üzrədir. Hamamın qapısında kilid olsa da, hasarların bəzi yerləri sökülüb. Mədəniyyət və Turizm Nazirliyi abidənin üstünə yazılı şəkildə “... dövlət tərəfindən qorunur” sözləri olan tablo vurmaqdan başqa bir şey etməyib. Sakinlər isə hesab edir ki, abidənin ətrafındakı hasar bir az da hündür edilməlidir.

Həm məsciddi, həm də tarixi abidə...

Oradan Pirşağının mərkəzi kimi tanınan “Seyid Qədir” məscidinin qarşısına gəlirəm. Deyilənlərə görə, 600 ildən çox yaşı olan bu məsciddə hazırda Pirşağıda yaşayan 85 yaşlı Sənan dayı yenidənqurma işləri aparıb. Məsciddə olarkən həm şeirlər yazan, həm də məsciddə insanlara Quran oxumağı öyrədən Sənan Pirşağılı bu qədim kənd haqqında bizə çoxlu bilgi verdi.
Sənan dayı deyir ki, bir vaxtlar fəaliyyətinə imkan verilməyən, daha sonra taxıl anbarı kimi istifadə edilən məscid xeyirxah insanların sayəsində bu günədək gəlib çatıb: “Şura hökumətinə kimi məscid fəaliyyət göstərib. Bir vaxtlar isə fəaliyyətinə qadağa qoyulmuşdu. Kənd camaatı yığışıb qərara gəliblər ki, məscidi taxıl anbarı etsinlər. Bir müddət taxıl anbarı kimi istifadə olunandan sonra yenə də məscid kimi fəaliyyət göstərib. Əvvəl bura dağılmışdı. Camaatın və özümün köməkliyi ilə məscidi bərpa etdik. Bu, məscid olmaqdan əlavə, həm də yaşı böyük olan tarixi bir abidədir. Babam Molla Ağa Əlizadə 50 il bu məscidin axundu olub. Bura çox adam gəlir. Adətən deyirlər ki, ya Ətağa, ya da Mirmövsüm ağa üçün yasin oxu. Mən də onları başa salıram ki, onun adı Seyid Əlidir. Ona Ətağa demək günahdır. Söz düşmüşkən deyim ki, Seyid Əli gümrah bir uşaq olub. 40 günlüyündən onun göbəyini götürəndə qadınların əlindən ona mikrob düşüb. Daha sonra o zəif inkişaf edib. Hamı isə deyir ki, bu Allah vergisidir, o anadangəlmə belə olub. Mən bunların hamısını özüm üçün yazmışam. Mənim babam Molla Ağa Əlizadə Seyid Əlinin bacısını alıb. Pirşağıda çox hörmətli kişilərdən olub. Yeganə kənddir ki, Pirşağıda 12 axund olub. Onların hamısının adını lövhəyə yazdırıb məscidin girəcəyindən asdırmışam. Heç bir kənddə bu qədər axund olmayıb. İnsanlar da bu məscidə gəlib namaz qılır, dua edir və Quran oxumağı öyrənirlər”.

Kənddə qədim 4 metrlik insan qəbiri tapılıb

Sənan dayı qədim Pirşağının tarixindən də danışdı. O, tarixçilərin Pirşağı haqqında çox az araşdırma apardıqlarını deyir. Onun sözlərinə görə, kəndin 2 min il yaşı var. Deyilənlərə görə də kəndin yaşı orada olan pirin yaşı ilə ölçülür. Sənan dayı isə kəndin tarixinin daha qədimə gedib çıxdığını deyir. O öz araşdırmaları zamanı bunu təxmin etdiyini söyləyir: “Söylənilənlərə görə, bu, Eqzemanın bir növü olan Tataz piridir. Bunun da haradan götürüldüyü bəlli deyil. Amma əslində Pir qardaşlar birliyidir. Deməli qədimdə 3 qardaş heyvandarlıqla məşğul olurmuş. Qardaşlardan biri heyvan otararkən papağını çıxardıb üzərlik kolunun üstünə qoyur və yatır. Yuxuda ona deyirlər: ”Ey Allahın bəndəsi, Suab sahibi olarsan. Neçə illərdir ki, biz yerin altında qalmışıq". Evə gələndən sonra olanları qardaşlarına danışır və gedib bellə oranı qazırlar. Yerdən qədim qəbirlər aşkarlanır. Bu üç qardaşın adı Sahib, Ağayar və Şahin olub. İllər keçəndən sonra külək qumla Pirşağını tamam örtür. İllər sonra yenidən canlanma başlayır".
Hətta kənd camaatının dediyinə görə, Pirşağıdan neft də çıxır. Bu nefti isə qədim zamanlarda tacirlər aşkar ediblər. Rusiya və digər uzaq ölkələrdən gələn ticarətçilər bura gəlib müxtəlif əşyalar satarmışlar. Bir dəfə yerdən qəribə bir mayenin çıxıb torpağa yayıldığını görüblər. Daha sonra həmin torpağı kərpic şəklində kəsib yandırar və onun istiliyinə yığışarmışlar. Bir müddət keçəndən sonra isə qazıntı işləri aparır və nefti öz ölkələrinə daşıyırmışlar. Dəvələrlə Pirşağıya gələn tacirlər sahildən suiti tuturmuşlar. Həmin suitilərin piyini əridib dərisini qurudar, nefti də onun içərisinə doldurub apararmışlar.

***

Tarixi qədim olan Pirşağıda müasir Mədəniyyət Evi də var. Sakinlər deyir ki, təzə təmirdən çıxmağına baxmayaraq Mədəniyyət Evini işlədən yoxdur. Biz kənddə olduğumuz müddətdə həqiqətən orada kimsə yox idi.
Sənan dayının tarixi haqqında danışdığı Pirşağı Tataz Pirinə də getdik. Burada bir neçə insanın dua etdiyinin şahidi olduq. Hamısı qadın olan xanımlar ordakı örpəklərdən götürüb başlarını bağlayır, dualar edə-edə pirin başına fırlanırdılar. Daha sonra yerdən daş götürüb üstü torpaq olan başqa bir daşa vururdular. Deyilənlərə görə, bura tək Pirşağı camaatı deyil, başqa rayonlardan da gələnlər olur.

***

Pirşağının sakinləri ilə də söhbətləşdik. Onlar qida məhsullarının bahalığından şikayətləndilər. Sakinlərin sözlərinə görə, yay gələndə qiymətlər qalxır: “Pirşağı istirahət üçün əlverişli yerdir. Ona görə də yayda insanlar bura istirahət etməyə gəlirlər. Bazarda və mağazalarda satıcılar da fürsətdən istifadə edib qiyməti qaldırırlar. Yerli sakinlər isə bundan əziyyət çəkir”.
Sakinlər həmçinin su problemlərinin də olduğunu deyirlər: “Yay gələn kimi susuzluqdan yanırıq. Suları kəsirlər. Heç səbəbini də demirlər. Ərazidə elə həyətlər var ki, yerdən şirin su çıxır. Amma indiki dövrdə susuz yaşamaq nə deməkdir? Burada su anbarı da tikmişdilər. Deyirdilər ki, dənizin suyunu təmizləyəcəklər. Gedib baxsanız, özünüz də şahidi olarsınız ki, su anbarından çıxan borular heç dənizə gedib çatmır. Bir sözlə, şikayət etmədiyimiz yer qalmayıb. Heç kim də maraqlanmır...”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR