BMT tərkibindəki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qurum əməkdaşları arasında əxlaqsız davranışlar və digər hüquq pozuntuları ilə bağlı təhqiqata başlayıb.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı təşkilatın Cenevrədəki qərargahından məlumat verilib.
“Associated press” agentliyinin verdiyi informasiyaya görə, şikayətlər əsasən irqçilik, cinsi istismar və korrupsiya ilə bağlı gəlir. Bununla əlaqədar ÜST baş katibi Tedros Adanom Gebreyesus Daxili nəzarət idarəsinə xüsusi tapşırıq verib.
Tedros Adanom Gebreyesus 2017-ci ilin iyulundan fəaliyyətə başlayıb və gələn gündən beynəlxalq qurumun daxilindəki problemlərin üzərinə düşüb. Bundan öncə Efiopiyanın səhiyyə naziri vəzifəsində işləyən Gebreyesus ÜST-ün ilk afrikalı rəhbəridir.

AP-nin əldə etdiy məlumatlarda rəhbərliyə gələn anonim məktublarda mərkəzi qərargahda afrikalı əməkdaşlara qarşı irçqi zəmində ayrı-seçkilik tətbiq olunduğu qeyd edilir. Bundan başqa, Konqo Demokratik Respublikasında baş alıb gedən Ebola xəstəliyi ilə bağlı ayrılan vəsaitlərin “yeyilməsi” və məqsədinə uyğun xərclənməməsi ilə əlaəqdar faktlar göstərilir.
Belə ki, ÜST-ün bir sıra rəhbər şəxslərinin Dubaydan icarəyə götürülən xüsusi təyyarə ilə gətirilən 3 avtomobilə görə 1 milyon dollar “xərclədikləri” ortaya çıxıb. Halbuki həmin maşınları Konqo bazarında 80 min dollara almaq mümkünmüş. Lakin ÜST rəsmisi Sara Rassel tənqidçilərin iradlarına etiraz edib. Onu sözlərinə görə, onların tələblərinə uyğun maşınlar Konqoda olmayəb. Bu səbəbdən hər avtomobilə görə 237 min 801 dollar pul xərclənib.

Böyük Britaniyanın “The Guardian” qəzeti isə BMT-nin dünyadakı ofislərində cinsi zorakılıqların baş alıb getdiyini yazır.
Qəzet dünyanın ən ali beynəlxalq qurumunun hər 3 əməkdaşından birinin, əsasən də qadınların seksual istismardan əziyyət çəkdiyinin təsbit olunduğunu vurğulayıb.
“The Guardian” bunun üçün “Deloitte” şirkətinin apardığı sorğudan istifadə edib. Sorğu BMT-nin 30 min 365 əməkdaşı arasında (bütün ştatın 17%-i) aparılıb.
Keçən ilin fevralından BMT öz əməkdaşlarının şikayətləri ilə əlaqədar qaynar xətti işə salıb.
Musavat.com






