İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya qarşı müharibə Rusiya müdafiə sənayesinə ciddi mənfi təsir göstərir

600 26.07.2022 09:40 Dünya A A

ABŞ və müttəfiqləri tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar da Kremlin silah ixracından ödənişləri almasını çətinləşdirəcək

Cari ilin fevralında Rusiya Federasiyasının silahlı qüvvələri qonşu Ukraynaya qarşı genişmiqyaslı hücuma başladı. “Genişmiqyaslı” ifadəsini işlətmək ən azı ona görə yerinə düşər ki, bu günə qədər davam edən müharibənin ilkin mərhələsində Rusiya hərb maşını demək olar bütün qoşun növlərindən və silahlanmasında olan əksər silah-texnikadan istifadə etməkdən belə çəkinmədi. Müharibənin davam etdiyi son 5 ay boyunca Rusiya həmçinin silahlı münaqişənin müxtəlif fazalarında yeni hərbi texnika və silahlarını da sınaqdan çıxardı.

Müharibə başlayandan indiyə qədər Rusiya Silahlı Qüvvələri vaxtilə Ukraynanın Donetsk, Luqansk və Xerson vilayətlərinə daxil olan bütün əraziləri, Xarkov və Zaporojye vilayətlərinin bir hissəsini işğal etsə də, canlı qüvvə və texnika sarıdan ciddi itkilər verib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatlarına görə, Rusiya Silahlı Qüvvələri 5 ay ərzində 40 min civarında hərbçi itirib. Rusiyanın digər döyüş itkiləri isə təxminən 1 700 tank, 3 905 zirehli döyüş maşını, 851 artilleriya sistemi, 248 reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 221 təyyarə, 188 helikopter, 703 PUA, 167 qanadlı raket, 15 gəmi, 2 775 avtomobil texnikası və avtosistern, 70 xüsusi texnikadan ibarətdir.

Manpad-PIORUN_1.jpg (54 KB)

Xarici medianın yazdığına görə, Rusiyanın hərbi gücünün zəifləməsi təkcə döyüş meydanında itkilərdə özünü göstərmir. Belə ki, Ukrayna ilə davam edən uzunmüddətli müharibə rus hərbi texnika və silahlarının ixracından gələn gəlirlərin azalması təhlükəsini aktuallaşdırıb. Məlum olduğu kimi, Rusiya Federasiyası dünya silah bazarında əsas ixracatçı ölkələrdən biridir və silah ixracının təxminən 20 faizi onun payına düşür. Hər il 14-15 milyard dollar dəyərində rus silah və hərbi texnikası əsasən Hindistan, Çin, Əlcəzair və Misir tərəfindən alınır. Gələcək illər üçün sifarişlərin ümumi portfeli təxminən 50 milyard dollardır.

Onu da xatırladaq ki, dünya silah bazarında hərbi ixracat sahəsində birinci yerdə ABŞ gəlir, Ağ Evin bu sahədə ümumi payı 39 faizdir. Fransanın ixracatdakı payı isə 11 faizdir. ABŞ-dan sonra dünyanın ikinci ən böyük silah ixracatçısı olan Rusiyanın hərbi texnologiyası həmişə nisbətən ucuz, lakin kifayət qədər etibarlı olduğuna görə şöhrət qazanıb.

Ancaq indi vəziyyət dəyişir. Belə ki, Ukraynaya qarşı müharibə Rusiyanın müdafiə texnikasının reputasiyasına da xələl gətirib. Çinin “South China Morning Post” nəşri Sinqapur İnstitutu “ISEAS-Yusof İshak”ın hesabatına istinadən qeyd edir ki, Rusiya son iki onillikdə Cənub-Şərqi Asiyaya ən böyük silah ixracatçısı olub (Rusiyanın müdafiə sənayesi məhsullarının Cənub-Şərqi Asiyada ən mühüm müştəriləri Vyetnam, Myanma, Malayziya və İndoneziyadır), lakin 2014-cü ildən bəri regionda satışların səviyyəsi kəskin şəkildə aşağı düşüb. 2022-ci ilin fevralından başlayan Ukrayna ilə müharibə Rusiya silahının ixracını təhlükə altına alıb. Belə ki, Ukraynadakı xüsusi əməliyyat və Qərbin sanksiyaları Rusiya silahlarının əsas tərəfdaşlara, o cümlədən Cənub-Şərqi Asiya ölkələrinə ixracına mənfi təsir göstərir. Çünki Ukraynadakı müharibə sübut edib ki, Rusiyanın hərbi texnikası keyfiyyətsiz, eyni zamanda istifadə olunan texnologiyalar da köhnədir. Hətta yeni hərbi texnikaların (WRE, KA-52 Alligator, qırıcı təyyarələr kimi) belə rahatlıqla zərərsizləşdirilməsi də bunu sübut edir. Üstəlik, hərbi texnika sarıdan ciddi itki verən Rusiya hazırda silah-sursatını xaricə ixrac etmək əvəzinə Ukrayna cəbhəsinə göndərir. Ona görə də əsas ixracatçılar, xüsusən də Cənub-Şərqi Asiya ölkələri artıq Rusiyanı etibarlı tərəfdaş kimi görmürlər.

Russian-tank-destroyed.jpeg (124 KB)

Bütün bunlara baxmayaraq, yuxarıda qeyd edildiyi kimi, silah və texnikanın Rusiyanın əsas ixrac məhsullarının tərkibinə daxil olması (hər il 14-15 milyard dollarlıq silah ixrac edilir ki, bu da karbohidrogenlər və ərzaqdan sonra üçüncü yer deməkdir) Ukraynadakı müharibəni maliyyələşdirməyin də əsasən hərbi ixracatdan asılılığını göstərir. Bu zaman başda Hindistan, Çin, Əlcəzair, Misir olmaqla, rus hərbi texnikasını idxal edən ölkələrin hamısının Ukraynadakı işğalçı müharibəni dolayı yolla dəstəklədiyi ortaya çıxır.

Ukrayna isə təbii olaraq, Rusiya istehsalı olan hərbi texnikadan imtina edərək, NATO standartlarına uyğun silahları Avropa ölkələrindən, o cümlədən qonşu Polşadan almağa başlayıb. Belə ki, iyunun əvvəlində (müqavilə ilə bağlı rəsmi məlumat 07.06.2022-ci il tarixdə elan olunub) Polşa və Ukrayna arasında “KRAB” özüyeriyən artilleriya qurğusu (ÖAQ) üçün yeni müqavilə imzalanıb. Eyni zamanda Polşa və Fransa Ukraynaya haubitsalar verən yeganə ölkələrdir. Polşadan Ukraynaya NATO standartlarına uyğun olan ən müasir texnikalar çatdırılıb. “KRAB”ların ilk partiyası (18 ədəd) Polşanın müharibə aparan qonşusuna hədiyyə olaraq göndərilib. Rusiya ilə hərbi əməliyyatlarda həmin vasitələrin özlərini sübut etməsindən sonra Ukrayna silah alınması üçün daha 50 müqavilə bağlayıb və Polşadan alınan “KRAB”ların qısa vaxtda (2024-cü ilə qədər) Ukraynaya çatdırılması nəzərdə tutulur.

Əsasən Ukraynanın şərqində, ölkənin ən ağır döyüşlər gedən bölgələrində, xüsusilə də Severodonetskdə istifadə olunan “KRAB”lar yüksək keyfiyyətini və döyüş qabiliyyətini sübut edib. Bu texnika Ukraynada artilleriyaya daha çox tələbatın olması baxımından vacibdir. Çünki çox sayda artilleriya qurğusuna malik Rusiyanın artilleriya üstünlüyü “KRAB”lar sayəsində minimuma endirilib.

Manpad-PIORUN.jpeg (109 KB)

Müşahidəçilərin qənaətinə görə, Ukraynadakı münaqişə Cənub-Şərqi Asiyaya silah ixracının daha da azalmasına gətirib çıxaracaq və Rusiya müdafiə sənayesinin əvvəlki satışını bərpa etməsini çətinləşdirəcək. Rusiya Silahlı Qüvvələrinin döyüş meydanında aşağı effektivliyi Rusiya istehsalı olan hərbi texnikanın reputasiyasına da ciddi ziyan vurub. Ukraynanın müharibə dövründə alternativ silahlanmaya yönəlməsi Rusiyanın silah ixracatında mühüm yer tutan və daha münasib qiymət və yaxşı keyfiyyət axtaran ölkərin də Polşanın “WB Group”, “PGZ” kimi şirkətlərin təkliflərinə meyillənməsinə gətirib çıxara bilər. Döyüşə yararlılığı sübut edilmiş, geniş modernləşdirmədən sonra “Strela” sisteminə əsaslanan, “Piorun” daşınan zenit-raket kompleksi (DZKR), bundan əlavə, WB Electronics tərəfindən istehsal olunan “FlyEye” və “Warmate” kimi avadanlıqlar həmin ölkələr üçün cəlbedici görünür.

Göründüyü kimi, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatların davam etməsi ilə Rusiya müdafiə sənayesi də ciddi təhlükələrlə üz-üzə qalmaqdadır. ABŞ və müttəfiqləri tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar Rusiya müdafiə şirkətlərinin maliyyə əməliyyatları həyata keçirməsini, o cümlədən xarici müştərilərdən ödənişlərin alınmasını çətinləşdirəcək. Rusiyaya tətbiq edilən mühüm ixrac nəzarəti onun müdafiə sənayesinin istehsal etmədiyi və digər ölkələrdən asanlıqla ala bilməyəcəyi müasir hərbi texnikanın istehsalı üçün vacib olan qabaqcıl texnologiyalara çıxışını məhdudlaşdıracaq.

Orxan MƏMMƏDLİ

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR