İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukraynanın NATO-ya daxil edilməsi Rusiyanın məhvinə aparan yoldur” – politoloq

1544 14.12.2021 08:10 Siyasət A A

“ABŞ demokratiya ideyası altında işğalçılığın klassik formasını həyata keçirməkdədir”

Rusiya hərbi kontingentinin Ukrayna sərhədlərinə cəmləşməsi barədə məlumatlar  dünyanın kütləvi informasiya vasitələrində bir nömrəli mövzu olaraq qalır. Qərb mediası vəziyyətin hər keçən gün gərginləşdiyindən yazır. Qeyd olunur ki, ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında müzakirələr olsa da, nəticə ürək açan deyil. Rusiya əzələ nümayiş etdirməkdə davam edir.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Yeni Müsavat”a şərhində bildirdi ki, Ukrayna daxilində və xaricində baş verən hadisələri  şərh edərkən səbəb və nəticəni  bir-birindən ayırmaq düzgün olmazdı. Son zamanlar kütləvi informasiya vasitələrində Ukrayna daxilində və xaricində  baş verən hadisələrin ancaq son  nəticəsi müzakirə edilir. Ukraynanı bu duruma salan siyasi güc mərkəzlərinin fəaliyyəti sanki  unudulub. ABŞ demokratiya ideyası aldında dünyanın bir neçə ölkəsini işğal edib və etməkdə də davam edir. Bu ölkələrdən biri də Ukraynadır: “Adətən işğalçılıq deyəndə bir dövlətin başqa dövlətə hərbi qoşun yeritməklə həmin dövləti siyasi və iqtisadi cəhətdən özünə tabe etdirmək başa düşülür. Birdə var ki, təbii yolla,  genetik metodla işğal. Bu miqrasiya şəkilində həyata keçirilir. İşğalçılığın müasir formasını ABŞ yaradıb. Belə ki, müasir dövrümüzdə ABŞ demokratiya ideyası altında işğalçılığın klassik formasını həyata keçirməkdədir. Bu metodla artıq bir neçə dövləti işğal etmişdir. Demokratiya ideyası altında rəngli inqilablar edərək həmin ölkələrdə hakimiyyət dəyişikliyinə nail olunur, özlərinə münasib  şəxsləri hakimiyyətə gətirməklə həmin dövləti klonlaşdırır və iqtisadi-siyasi cəhətdən özlərindən  asılı vəziyyətə salır. Bunun nümunəsi kimi təəssüf ki, Ukraynanı qeyd etmək olar. Heç kimə sirr deyil ki, ABŞ Ukrayna dövlətindən Rusiya əleyhinə istifadə edir”  

Azad MƏSİYEV

Azad Məsiyev 

Ekspertin sözlərinə görə, slavyan xalqlarının  birliyi (Rusiya , Ukrayna, Belarus) dünyada güc mərkəzi idi, bu güc Rusiyanın timsalında nümayiş olunurdu. ABŞ bu birliyi dağıtmaq, Rusiyanı parçalamaq üçün slavyan xalqları arasında düşmənçiliyə nail olmalı idi, bu məqsədlə hədəf olaraq Ukraynanı  seçdi və qismən də nail oldu: “Belarusda ABŞ-ın bu planı baş tutmadı. ABŞ-ın məqsədi Ukrayna xalqını xoşbəxt etmək deyil. Nəticə olaraq Ukrayna dövləti ABŞ tərəfindən acınacaqlı perspektivə sürüklənir.    

Qeyd etmək yerinə düşər ki, ABŞ və onun hərbi qanadı olan NATO  rəsmi şəkildə Rusiyanı  düşmən elan ediblər. Belə olan təqdirdə, ABŞ və NATO bütün vasitələrdən istifadə edərək Rusiyanı bir dövlət olaraq məhv etmək kimi ali məqsədləri qarşılarına məqsəd qoyublar. Bu məqsədə çatmaq üçün Rusiya ətrafında qaynar ocaqlar yaratmaq, Rusiyanı qonşuları ilə münaqişəyə cəlb etmək kimi planlar işə salınmışdır. Bu plan Gürcüstanda Saakaşvilinin əli ilə edildi, 2005-ci ildən bəri isə Ukraynada ələ alınmış siyasətçilərin əli ilə həyata keçirilməkdədir, Ukraynanın bütün dövlət və hökumət strukturlarının ABŞ tərəfindən təlimatlandırılmış kadrlar tərəfindən idarə edilməsi də sirr deyil”.

A.Məsiyev qeyd etdi ki, Rusiya NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsinin Rusiya üçün təhdid olduğunu dəfələrlə bəyan eləyiblər. ABŞ isə rusların bu çağırışına məhəl qoymur, əksinə sürətlə Rusiya ilə müttəfiq olan ölkələrdə inqilablar edərək həmin ölkələrin NATO-ya inteqrasiya  planlarını sürətləndirir: “Bunu Ermənistanın timsalında da görmək olar. Rusiya təbii olaraq özünü  qorumaq, müdafiə etmək üçün əks tədbirlər həyata keçirməli olur. Bu günlərdə Ukrayna sərhədlərində böyük sayda hərbi kontingentin cəmləşməsi bu planın tərkib hissəsidir. Belarusun paytaxtı Minsk şəhərində Ukrayna, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq sammitin məqsədi Donbas müharibəsinin sonlandırılması və iki tərəf olaraq qəbul edilən Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanması olmuşdur.

ABŞ-dan gələn təlimatlara əsasən, Ukraynada hesab edirlər ki, Donbasda və Luqanskidəki problemlər hərbi yolla həll edilməlidir. Bu məqsədlə ABŞ Ukraynaya  misli görünməmiş hərbi yardımlar edir, orada qeyri rəsmi bazalar yaratmaqla paralel olaraq, siyasi dəstəyini açıq şəkildə nümayiş etdirir. 

Ukraynada bəzi siyasətçilər Azərbaycanın 44 günlük müharibəsinin nəticəsindən ilhamlanaraq  “Donbasda və Luqanskidəki problemlər hərbi yolla həll edilməlidir” kimi fikirləri gündəmə gətirirlər. Onlar unudurlar ki, Ermənistan və Azərbaycan arasındakı problemlə, Ukraynadakı problem geosiyasi baxımdan fərqlidir, eyniləşdirmək düzgün olmazdı.

Rusiya açıq bəyan edir ki, Ukraynanın NATO-ya cəlb edilməsi yolverilməzdir, buna baxmayaraq istər ABŞ, istərsə də NATO rəsmiləri Ukraynanı NATO-da görmək istədiklərini və bu sahədə nə lazımdırsa,  etməyə hazır olduqlarını qeyd edirlər. Ukraynanın NATO-ya daxil edilməsi Rusiyanın məhvinə aparan bir yoldur, bunu isə Rusiya məqbul saya bilməz. Rusiyanın geriyə çəkiləcək yolu qalmayıb, rəsmi Moskva da bilir ki, geri çəkilmək Rusiyanın məhvə aparır.

Rusiyanı indiki hərbi-siyasi situasiyada sakitləşdirə biləcək yeganə addım  Ukraynanın  rəsmi şəkildə NATO-dan inteqrasiya etməsindən  imtina etməsi,  Qoşulmama Hərəkatının üzvü olmaq barədə rəsmi qərar qəbul etməsi olardı”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR