Anasının himayəsində böyüyən Yuliya Teleqina soyadını götürür. 1978-ci ildə orta məktəbi bitirən Yuliya Dnepropetrovsk Dağ-Mədən Sənaye İnstitutuna daxil olur. Ancaq sonradan fakültəsini Dnepropetrovsk Dövlət Universitetinə keçir. 1984-cü ildə Timoşenko universiteti mühəndis-iqtisadçı kimi qırmızı diplomla bitirir. 1999-cu ildə isə o, Kiyev Milli İqtisad Universitetində fəlsəfə doktoru dissertasiyasını müdafiə edir.
1979-cu ildə Aleksandr Timoşenko ilə ailə quran Yuliyanın bir ildən sonra Yevgeniya adlı qızı dünyaya gəlir.

1984-88-ci illərdə Dnepropetrovskda maşınqayırma zavodunda işləyən Y.Timoşenko burada mühəndis-iqtisadçı olaraq çalışır. 1988-ci ildə keçmiş sovetlər birliyində başlayan qismən iqtisadi azadlıq təşəbbüsləri timoşenkoları hərəkətə gətirir. Onlar 5 min rubla videoprokat mağazası açırlar. Qaynatası Gennadi Timoşenkonun vilayət şurasında çalışması cütlüyün biznes cəhdinin uğurlu olmasına yardımçı olur və onların kooperativ videoprokat biznesi sürətlə böyüyür.
90-cı illərin əvvəllərində Timoşenkolar “Ukrayna Benzin Korporasiyası”nı qururlar və bir qədər sonra Yuliya korporasiyanın baş direktoru olur. Bu illərdə xanım Timoşenkonun biznes karyerası sürətlə böyüyür, 1996-cı ildə o, Ukraynaya Rusiya təbii qazının əsas idxalatçısı olmuş Ukraynanın Birləşmiş Enerji Sistemlərinin, xüsusi vasitəçi şirkətinin prezidenti idi. Artıq Yuliya Timoşenko “qaz şahzadəsi” olmuşdu.

Y.Timoşenko 1996-cı ildə aktiv siyasətə gəlir və Kirovqorod vilayətindən Ali Radaya üzv seçilir. 1999-cu ildə Timoşenko hökumətə daxil olur və baş nazir Viktor Yuşşenkonun hökumətində baş nazirin yanacaq və enerji sektoruna cavabdeh müavin postunu tutur. Ancaq bu təyinat uzun müddət davam etmir və 2001-ci ildə Timoşenko 90-cı illərin ortalarında (95-97-ci illərdə) qaz alqı-satqısında yol verdiyi korrupsiya və eləcə də gömrük sənədlərini saxtalaşdırılması ittihamı ilə bir neçə həftə həbsdə yatmalı olur.
Həbsdən çıxdıqdan sonra Yuliya Timoşenko fəal siyasətə atılır, dönəmin prezidenti Leonid Kuçmanın əsas tənqidçisi olur. 2002-ci ildə keçirilən parlament seçkilərində “Yuliya Timoşenko Bloku” 7,2 faiz səs qazanır.

2002-ci ildə Yuliya Timoşenko Aleksandr Moroz, Viktor Yuşşenko və başqa bir neçə partiya lideri ilə birlikdə inqilabın başlandığını elan edən birgə bəyanata imza atır. 2004-cü ildə Ukraynada keçirilən prezident seçkiləri və bundan sonra baş verən “narıncı inqilab” prosesində hakimiyyət dəyişikliyi baş verir. İnqilabdan sonra keçirilən prezident seçkilərində qalib gələn Viktor Yuşşenko prezident, onun koalisiya ortağı olan Yuliya Timoşenko isə baş nazir porsutunu (fevralın 4-də) tutur.
2007-ci ilin sentyabrında keçirilən parlament seçkilərindən sonra oktyabrda köhnə müttəfiqlər yeni koalisiya qurur və Timoşenko yenidən Ukraynanın baş naziri olur. Bundan sonrakı 3 il Ukraynada siyasi böhran və əsl siyasi xaos illəri sayıla bilər. Ard-arda hökumət böhranları, növbədənkənar parlament seçkiləri inqilabçıları zəiflətdi. Nəticədə 2010-cu ildə keçirilən seçkilərdə ruspərəstlərin qüvvəsi sayılan sabiq baş nazir Viktor Yanukoviç prezident seçilir. Prezident seçkilərinin birinci turunda 25,05 faiz səs qazanan Timoşenko ikinci turda 45,47 faiz səs toplaya bilir. 48 faiz səs qazanmış Yanukoviç prezident seçilir.

2011-ci ilin avqustun 5-də Kiyev məhkəməsinin qərarı ilə Timoşenko həbs olunur. Sabiq baş nazir 2009-cu ilin yanvarında Rusiyadan 10 illik təbii qaz alınması ilə bağlı müqaviləni qanunlara uyğun olmadığı halda imzalamaqda ittiham olunur. Oktyabrın 11-də Məhkəmə Yuliya Timoşenkonun vəzifədə olarkən Rusiya ilə bağlanan müqavilədə Ukrayna dövlətini 188 milyon dollar zərərə saldığı üçün 7 il azadlıqdan məhrum etdi. Hazırda Ukraynada Y.Timoşenkonun tərəfdarları öz liderlərinin azadlığı üçün davamlı etiraz aksiyaları keçirirlər.






