İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukraynada müxalifət xalqı yox, xalq müxalifəti ayağa qaldırdı”

4303 24.02.2014 08:45 Müsahibə A A
Kefinin yaxşı olduğunu telefonda səsinin tonundan açıq şəkildə hiss etmək olurdu. Həmişə nikbin ovqatda olan, ən ağır situasiyalarda belə, “uşaqlar, ruhdan düşməyin, mənəvi qələbə bizimdir” deyə, az qala dünyadan əlini üzən düşərgədaşlarına ruh verən həmsöhbətim bu dəfə Ukraynadakı hadisələrə görə yüksək əhval-ruhiyyədə idi.

Müsahibimiz Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadə ilə Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edən Ukraynada yaşananlardan, perspektivlərdən danışdıq. Elə ilk suala şüarla cavab verdi: 

- “Yaşasın Ukrayna!”, “Yaşasın bütün qəhrəman xalqlar!” Mən bunları ürəkdən deyirəm. Televizora baxıram, Timoşenko türmədən çıxıb və Maydanda çıxış edib.  

- Timoşenkonun azad olunacağını gözləyirdiniz? 

- Mən gözləmirdim. Daha doğrusu, hadisələr elə xaotik şəkildə cərəyan etdi ki, heç bilmirsən nəyi gözləyəsən, nəyi gözləməyəsən. Son nəticədə bu, olmalı idi.  
- Ukraynada əsas hədəfə çatmaq baxımından prosesləri bitmiş saymaq olar?
- Yox, mübarizə davam edəcək. Hələ  deyirlər, Yanukoviç Xarkova qaçıb, orda onu dəstəkləyənlər çoxdur və Rusiya da müdafiə edəcək. Hələ demək olmaz ki, hər şey qurtarıb. Şərqi Ukrayna bəlkə qalxdı, federasiya tələb etdi. Yəni ölkəni parçalamaq istəyəcəklər, belə bir təhlükə var. Həm də Rusiya tələb edəcək ki, imzalanmış saziş yerinə yetirilsin. Axı xaricdən gələn nümayəndələrin iştirakı ilə iqtidar və müxalifət ilin sonunda prezident seçkilərinin keçirilməsi və s. barədə qərar vermişdilər. O saziş pozuldu.  

- Rusiya nümayəndəsi həmin sənədə imza atmamışdı.

- Bu vacib deyil, əsas odur ki, ortada sənəd vardı. İndi də bunlar deyir ki, nə oldu bəs, gəlin razılaşmaya əməl edin.

“Kiyevdə baş verənləri “adsız inqilab” adlandırmaq olar”


Lavrov da bu barədə çıxış edib ki, biabırçılıqdır, bu sənədin arxasında duran adamlar hara qaçırsınız, müxalifətə təzyiq edin və saziş icra olunsun. 

- Belə demək mümkündürmü ki, əslində Rusiya hansısa sazişlərlə vaxt qazanmaq və proseslərin axarını başqa səmtə yönəltmək istəyirdi?

- Əlbəttə ki, Rusiya hər vəcdlə bu prosesə, dəyişikliyə mane olmaq istəyirdi. İndi isə demək olmaz ki, hər şey bitib. Onu dəqiq bilirəm ki, aranı qarışdırmaq istəyəcəklər. 

- Ukraynada “Qarabağ kartı”ndan istifadə oluna, bu ölkədə münaqişə ocağı yaradıla bilərmi?

- Bəli, tamamilə mümkündür. Ya Krımda məsələni qaldıracaqlar, ya da Şərqdə-Xarkovda, Donbasda nələrsə törətməyə çalışacaqlar. Burda, əlbəttə ki, çox ehtiyatla, müdrikcəsinə hərəkət etmək, emosiyalara uymamaq lazımdır. Nə isə... Ukrayna demokratiyasına Allahın köməyi lazımdır. 

- Qərbin dəstəyi nə dərəcədə həlledici ola bilər?

- Qərb də lazımdır. Eyni zamanda, müxalifət rəhbərliyi çox yavaş-yavaş, müdrikcəsinə tərpənməlidir ki, ölkə dağılmasın, əlavə qan tökülməsin və krizisdən çıxsınlar.  

- Şəxsən mənə elə gəlir ki, Ukraynada qan tökülə biləcəyi qorxusu, xofu aradan qalxıb, insanların ölümü adiləşib deyə, bundan sonra növbəti hakimiyyət üçün çox çətin olacaq... 

- Razıyam, düz deyirsiniz. Vəziyyət çətindir, gərgindir, qan da tökülüb. Amma yenə də Allah kömək olsun. 

- Avropa Ukraynada istədiyinə nail oldumu? 

- Yox, məsələ qurtarmayıb ki. Məsələni nəzarətdə saxlamaq, gedib-gəlmək, Rusiyanı razı salmaq, danışıqları davam etdirmək lazımdır.  Hər şey indi başlayır. 

- Qəzəblənmiş Rusiyanın Ukraynaya qarşı sanksiyalara əl atması nə qədər gözləniləndir? 

- Təbii ki. Rusiya hər şey edə bilər. Məsələn, Rusiya Kiyevə kredit vermişdi. İndi Ukrayna büdcəsi boşdur, hökumət iflasdadır. Martın 25-də maaş vermək lazımdır, amma pul yoxdur. Pulu isə Rusiya vəd etmişdi. İndi rus deyəcək ki, “vermirəm, orda hökumət yoxdur”. Onda Avropa başlayacaq ki, biz pul verək, verməyək, ya nə qədər verək. Təbii ki, bir neçə milyard tapa bilərlər. Amma söhbət təkcə pulda deyil, orda həm bürokratik, həm siyasi, həm strateji məsələlər var. Deyək ki, pul verildi, sabah bunlar da dəyişdi, pul da batdı, onda nə olacaq? Hələ ki, hökumət yoxdur, pulu kimə verəsən? Maaş günü də yaxınlaşır. 

- Vaxtilə Yuliya Timoşenko Yuşşenko iqtidarına yaratdığı problemlərə görə həm özü, həm də bütövlükdə Ukrayna ağır dönəmlər yaşamalı oldu. Növbəti dəfə onun Rusiya ilə bağlı layihələri ola bilərmi? Ümumiyyətlə, Yuliyanın azadlığı Moskvaya nə dərəcədə sərfəlidir? 
- Mən onu indidən deyə bilmərəm. Amma prinsipcə orda xalq, meydan tərəfindən liderlərə nəzarət güclüdür. İnanmıram ki, kiməsə belə siyasət aparmağa imkan verərlər. Elə siyasətə saray siyasəti deyirlər. Hər şey sakit olanda altdan-altdan kimsə işləyir, kimsə kiminləsə birləşir. İndi o məsələ olduqca çətindir. Çünki hər şey göz qabağındadır, camaata da baxır ki, kim nə edir. Prinsipcə belə şey ola bilər, amma çox çətindir.

- Ukraynadakı sonuncu inqilabı necə adlandırmaq olar?

- Nə bilim. “Qış inqilabı”, ya da “adsız inqilab”. Hər halda ad tapacaqlar. İstənilən halda, gözümüzün qabağında böyük hadisələr baş verdi. Bəlkə də tarixdə görünməmiş bir qəhrəmanlıq etdi ukraynalılar. Ola bilər ki, belə qəhrəmanlıqlar olub. Məsələn, mən Fransa inqilabını görməmişəm. Amma 21-ci əsrdə Avropa ölkəsinin bu qədər qurban verərək bu soyuqda dirəniş gətirməsini görməmişdim. 

- Ukraynadakı hadisələrin digər postsovet ölkələrinə yayılacağı barədə proqnozlara haqq qazandırmaq olarmı?

“Əgər sən 49 faiz əldə etmisənsə, Amerika 2 faiz artıra bilər ki, 51 olsun. Daha artığı mümkün deyil...”


- Bu, elə də asan məsələ deyil. Görünür, Ukrayna xalqı, cəmiyyəti nəsə başqa keyfiyyətlərə malikdir. Hansı ki, o keyfiyyətlər Özbəkistanda, yaxud bizdə yoxdur. Ermənistan ümumiyyətlə, müstəqilliyini itirmiş bir qurumdur, ölkə də deyil. Hara yayılmalıdır ki? Qalıb Azərbaycan, bir də Orta Asiya. Belarusun da səsi çıxmır. Amma ümumən, demək olar ki, Azərbaycan üçün Ukraynadakı bu dəyişikliklər olduqca vacib rol oynayır. Həm bizim müstəqilliyimizə, həm Qarabağ məsələsinə, ərazi bütövlüyümüzə, həm bizim demokratiyamıza çox böyük təsiri olacaq. Əgər orda nəsə alınsa, Ukrayna Rusiyadan qopsa, Gömrük İttifaqı mənasız bir quruma çevriləcək. Ümumən, Rusiya zəifləyəcək, Rusiya xofu yatacaq. Bu da Azərbaycan üçün çox əlverişlidir. Rusiya zəiflədikcə Qarabağ məsələsinin həlli də bizim üçün daha asan olacaq. Ukraynada demokratiya olduqca bizim üçün daha böyük mənəvi nümunə olacaq. Oradakı hadisələr Azərbaycan üçün çox vacibdir. Ona görə biz Kiyevə maraqla baxır, müşayiət edirik. Kiyevdəki hadisələrin müstəqilliyimizə, ərazi bütövlüyümüzə və demokratiyamıza çox böyük təsiri olacaq. 

- Belə demək olarmı ki, 1980-ci illərin sonlarında Azərbaycan xalqı mübarizə meydanlarına çıxıb qurbanlar verdi və postsovet ölkələrindən bir çoxu bu proseslərdən faydalandısa, bu dəfə Azərbaycan müşahidəçi mövqedə durub və digər ölkələrin mübarizəsindən “pay” götürə bilər?

- Ola bilər, çox doğru deyirsiniz. Tarixdə belə şeylər olur, kimsə qabağa düşür, kimsə sonra gəlib qoşulur. Amma bizə bilavasitə təsiri olacaq, mən buna inanıram.  

- Rusiya Ukraynanın acığını da Qafqazdan, elə ram edə bilmədiyi Azərbaycandan çıxa bilərmi? 

- Ola bilər. Amma o, müvəqqəti, qısamüddətli xarakter daşıyacaq. Axı ümumən, Rusiya zəifləyəcək. Hər halda Gömrük İttifaqının mənası itir. Rusiya isə Azərbaycanı Gömrük İttifaqına çəkmək istəyir. Bu vəziyyət bizim üçün əlverişlidir. 

- Amma hələ ki, Rusiya ilə bir yerdə olan Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarus, Ermənistan var. Bu mənada rus layihəsini durdurmaq üçün Avropa nələr edə bilər? 
- Avropanın Rusiya ilə sərt davranmaq imkanları yoxdur. Qərb, Avropa hər şeyə qadir deyil, nəyəsə qadirdir, nəyəsə yox. Əgər cəmiyyət susursa, yatıbsa, onlar heç nə edə bilməz. Özbəkistana qoşun göndərməyəcək ki? Gərək cəmiyyət özü dəyişikliklər istəsin, onda köməyin mənası olur. Amerika uzaqdadır, onun gücü müəyyən qədərdir. Əgər sən 49 faiz əldə etmisənsə, Amerika 2 faiz artıra bilər ki, 51 olsun. Daha artığı mümkün deyil. 

- Amma Obama administrasiyasının Kiyevə ultimativ mesajından sonra Yanukoviç geri çəkiləsi oldu...   

- Yox, onunla bağlı deyildi. Bu, görüntüdür. Vəziyyət o zaman dəyişdi ki, meydanda atışma başladı. Əvvəl “Berkut” xalqı qırırdı, sonra ordakı müxalifətçilər yeni bir şüar çıxardılar ki, daha imkan verməyəcəyik ki, bizi elə-belə öldürəsiniz, bizim də silahımız var. 15 milisi də onlar öldürdülər. O zaman aydın oldu ki, bunu davam etsələr, hər iki tərəfdən qırğın olacaq. O da ölkə vətəndaşlarının qırğınıdır, böyük ləkədir, buna hər adam dözə bilməz. Necə ki, Yanukoviç dözmədi. Ortada qan var axı, bunun cavabını vermək lazımdır.
 
- Yanukoviçin gələcəyini necə görürsünüz?   

- Mən çox pis görürəm. Qərb Yanukoviçə təhlükəsizlik vədləri vermişdi ki, sən gəl bu kağızı imzala, səninlə işimiz olmayacaq. Ancaq proseslərin ardı necə olacaq, bilmirəm. Hələlik o, Qərbdən razılıq alıb ki, sənə toxunmayacağıq. Qərb bu razılığı yerinə yetirəcəkmi?

 Siyasətdə heç kəsə tam inanmaq olmaz. Ona görə də vəziyyət qeyri-müəyyəndir.

- Hesab olunurdu ki, Ukraynada baş verənlər həm də Azərbaycanın taleyini müəyyənləşdirir. Amma Yanukoviçin qələbə qazanacağı halda olduğu kimi, məğlubiyyəti halında da Azərbaycan hakimiyyətini narahat edən məqamlar az deyil. Hakimiyyət bundan sonra ölkədə hansı addımlar ata bilər?

- Əlbəttə ki. Onsuz da cəmiyyəti kifayət qədər sıxıblar, bir şey qalmayıb. Çöldə adam qalmayıb ki, hamısını türmələrə yığıblar, müstəqil qəzetlər demək olar ki, qalmayıb. Artıq müxalifətçiləri türməyə salmağın mənası da yoxdur. Ancaq xalq qalxmır. Xalq qalxsa, onu heç bir həbs dalğası saxlaya bilməz. Əgər elə bir şey olsa, o, başqa məsələ. Ukraynada müxalifət xalqı yox, xalq müxalifəti ayağa qaldırdı. Sonra müxalif liderlər Maydana gəldi. Heç kəs düşünməsin ki, hansısa müxalifət fəalları heç nədən xalqı mübarizəyə qaldıra bilər. Bu, yanlış fikirdir. Çe Gevara da xalqı qaldıra bilmədi, İmam Hüseyn də. Hökumət də başa düşsün ki, həbslərin heç bir mənası yoxdur. Müxalifət və ya jurnalistlər xalqı ayağa qaldırmır. Xalq da qalxanda ona həbslər təsir etmir. İslahatlar aparmaq, xalqla dialoqa girmək, danışmaq lazımdır, oğurluq, büdcənin talanması qurtarmalıdır. Əlbəttə, qorxudan hakimiyyət “qayka”ları daha da bura bilər. Amma onun mənası yoxdur. Müxalifətçilər yatmış xalqa heç bir şeyə edə, onları oyadıb heç yerə apara bilməzlər. Təəssüf ki, reallıq belədir. 

Elşad PAŞASOY


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR