Ukrayna ilə Rusiya arasındakı gərginlik dünyanın gündəm mövzusuna çevrilib. Vəziyyət o həddə gəlib ki, hər an bu iki ölkə arasında müharibə başlaya bilər.
Bu arada Rusiya ordusunun Ukraynaya necə hücum edəcəyini əks etdirən hərbi xəritə də yayılıb.
“Military Maps”da dərc olunan xəritədə əsasən Rusiya ordusunun Belarus istiqamətindən də Ukrayna ərazisinə hücum edəcəyi görünür. Bu xəritənin Rusiyanın real hərbi planlarına nə dərəcədə aidiyyəti olduğu bəlli deyil, amma görünən odur ki, Rusiya Ukrayna sərhədlərinə böyük miqdarda qüvvə, minlərlə döyüş texnikası cəmləşdirib.
Dünyada isə iki ölkə arasında baş verən bu qarşıdurmada Ukraynanı dəstəkləyənlər daha çox görünür. ABŞ, NATO müharibə başlayacağı təqdirdə birmənalı şəkildə Ukraynanı dəstəkləyəcəyini bəyan ediblər.
Avropa İttifaqı da Ukrayna-Rusiya sərhədində yaranan vəziyyətin çox təhlükəli olduğunu hesab edir və Rusiyanı qoşunlarını sərhəddən geri çəkməyə çağırıb. Amma Rusiyanın bu müharibədə qalib gələcəyini düşünənlər daha çoxdur. Hətta Ukrayna hərbi ekspertləri bununla bağlı açıqlamalar veriblər.

Kərəm Məmmədov: “Məsələ orasındadır ki, Xruşov sovet dövründə həmin ərazini Ukraynaya verdi”
Bakı sakinləri arasında keçirdiyimiz sorğuda da bu mövzu ilə bağlı maraqlı fikirlər səsləndirilib. Bizimlə söhbətdə Mariya İvanovna qeyd edib ki, bu məsələdə nə Ukraynanın, nə də Rusiyanın tərəfindədir: “Mən sülhün tərəfdarıyam”.
Sveta adlı digər paytaxt sakini isə deyib ki, Rusiyanın tərəfindədir: “Hazırda münaqişə predmeti olan o ərazilər qədimdən Rusiyanın torpaqlarıdır. Bunu o vaxt onlara Yekaterina vermişdi. Ukraynanın dövləti belə olmayıb. Düşünməyin ki, mən rusam, ona görə belə cavab verirəm. Mən yarı alman, yarı azərbaycanlıyam. Amma mən ədalət tərəfdarıyam".
Ukraynanın geri qaytarmaq istədiyi həmin torpaqların Rusiyaya məxsus olduğunu iddia edənlər çoxluq təşkil edir. Hətta Ukraynanın keçmiş baş naziri Mykola Azarov bildirib ki, Ukrayna yalnız SSRİ-yə qoşulduqdan sonra çox sayda ərazi alıb: “1922-ci ildə Ukrayna Sovet Sosialist Respublikaları Birliyinə Xarkov olmadan, Xerson olmadan, Odessa və Donetsk olmadan, Luqansk olmadan və əlbəttə ki, Krım olmadan qoşuldu. Ukraynada Lvov belə yox idi”, - deyə Azarov bildirib.
Bəs görəsən, Ukrayna-Rusiya qarşıdurmasında haqlı tərəf hansıdır? Həqiqətən də Ukraynanın ərazi iddiası yersizdir? Mövzu ilə bağlı ekspertlərin fikrini öyrəndik.

Fəzail Ağamalı: “Rusiya Ukraynanın ərazi bütövlüyünü pozub, onun suverenliyinə ciddi zərbə endirib”
Tarixçi-alim Kərəm Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Tarixi baxımdan götürəndə ərazilər Rusiyanın tərkibində olub. Lap da qədim tarixinə getməyək. Məsələ orasındadır ki, Xruşov sovet dövründə həmin ərazini Ukraynaya verdi. Bu bir az mübahisəli məsələdir. Tarixi geri qaytarmaq mümkün deyil. Artıq keçmiş keçmişdə qalıb. Bugünkü reallıqlarla davranmaq lazımdır. Tarixi ərazi iddialarına qalsa, onda gərək dünyanın siyasi xəritəsini yenidən cızaq. O da qeyri-mümkün, qeyri-real bir məsələdir. Tarixə o cür yanaşılsa, bütün dünya bir-birinə qarışar. Elə bir anarxiya yaranar ki, dünyanın özünü xilas etmək mümkün olmaz. İndiki silahlanmanın səviyyəsi ilə götürəndə dünya darmadağın olar, qarşısını almaq mümkün olmaz.
O ki qaldı Rusiya ilə Ukrayna arasında silahlanma məsələsinə, inanmıram ki, böyük bir müharibə olsun. Donbasda atışmalar olur, separatçı qüvvələri tərk-silah etmək üçün kiçik müharibələr olacaq. Amma geniş miqyasda Rusiya ilə Ukrayna arasında müharibə olmasını real görmürəm. Çünki müharibənin görünməyən hissəsini nəzərə almaq lazımdır, silahlanmanın çərçivəsində, o arsenalı işə salsalar, müharibə başlasa, hər iki tərəf məcbur olub bütün hərbi sursatlardan istifadə edəcək. Hər iki ölkə rəhbərliyi də bunu nəzərə alır. Ona görə də genişmiqyaslı müharibə baş verməyəcək".
K.Məmmədov qeyd edib ki, müharibə olarsa, Qərb dövlətləri Ukraynanı dəstəkləməyəcək: “Tutaq ki, indi Qərb dünyası Ukraynanı dəstəkləyir, bəyanat verirlər. Amma real müharibə vəziyyəti yaranarsa, inanmıram ki, onlar Ukraynanı müdafiə edib fəal şəkildə müharibəyə qoşulsunlar. Necə ki, Gürcüstanda bu baş verdi. Gürcüstanda da eyni vəziyyət idi, sonda əl çəkdilər, yalnız aranı sakitləşdirməklə kifayətləndilər. İndi də Ukraynada böyük bir müharibə baş versə, Avropadan heç bir dövlət fəal şəkildə müharibəyə qoşulmayacaq. Hamı deyir ki, NATO Ukraynanı dəstəkləyir. Amma onlar da ağılsız deyillər, sonrakı fəsadları yaxşı başa düşürlər. Sadəcə olaraq, onlar aranı qızışdıracaq, ən pis halda Rusiya ilə Ukrayna arasında müəyyən, qısamüddətli müharibə baş verəcək, sonra onlar vasitəçilik edib aranı sakitləşdirməyə çalışacaqlar. Orada da uduzan tərəf Ukrayna olacaq. Eynən Gürcüstanda olduğu kimi. Ona görə də müharibənin başlamasına mən inanmıram".
Millət vəkili Fəzail Ağamalı: “Əgər bu məntiqlə yanaşsaq, onda Monqolustan bu gün bütün Rusiyaya iddialı olmalıdır ki, burda dövləti biz yaratmışıq. Əslində Ukrayna artıq dünya miqyasında BMT tərəfindən müstəqil dövlət kimi tanınır. Ərazisi, əhalisi ilə tanınan bir dövlətdir. Sovet İttifaqı dövründə də Ukrayna Rusiya Federasiyasından sonra ikinci böyük dövlət idi. İndiki rus dövləti əslində Kiyevin ərazisində əmələ gəlib. Kiyev rus dövləti olub. Ukrayna öz ərazisinə, dövlətçilik ənənələrinə malik olub. Polşaya və şimaldan gələn ayrı-ayrı üsyançılara qarşı Ukrayna xalqı mübarizə aparıb. Onun tarixi qəhrəmanları, şəxsiyyətləri var. Bu cür yanaşma kökündən səhvdir. Ukraynanın ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq səviyyədə aparmış olduğu mübarizəsi məntiqlidir. Beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Rusiya isə Ukraynanın ərazi bütövlüyünü pozub, onun suverenliyinə ciddi zərbə endirib. Krımı özünə birləşdirib. Luqansk və Donetskdə də qondarma bir rejim yaradıb və bu gün onu himayə etməkdədir. Bunu istər adi rusiyalı vətəndaş dansın, istər deputatları desin. Yanaşma kökündən səhvdir, faktiki olaraq Rusiya Ukraynanın bütövlüyünü pozub, onun ərazisini, Krımı, faktiki olaraq Luqansk, Donetski işğal edib”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”






