İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada həmyerlilərimizə qənim kəsilən erməni nazirin istefasına reaksiya

1962 15.07.2021 10:30 Gündəm A A

Ukrayna daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb. Ali Rada Arsen Avakovun ərizəsini qəbul edib. Bakı ermənisi olan Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziri idi. Son illər ərzində Ukrayna cəmiyyəti, Ukraynada yaşayan həmyerlilərimiz  Arsen Avakovun fəaliyyətindən çox ciddi narazı idi. Hətta 2020-ci ilin iyununda cəmiyyətdən gələn narazılıqlar nəzərə alınaraq Arsen Avakovun istefası məsələsi Ukrayna Ali Radasına da çıxarılmışdı.

Ukrayna prezidenti Vladimir Zelenskiyə istər öz komandasında, istərsə cəmiyyətdə ən çox edilən iradlardan biri də Arsen Avakovun işini yarıtmadığı halda yenə də vəzifəsində qalması ilə bağlı idi.

“Ukraynanın daxili işlər naziri Arsen Avakov sınaq müddətindədir. Avakova hər hansı vədim yoxdur. Daxili İşlər Nazirliyində yeni simalar görmək istəyirik. Orada çox sayda yeni kadrlar var. Bütün nazirlərə demişəm, gördüyünüz real işləri gətirin, əgər olmasa, işdən çıxarılacaqlar” - Vladimir Zelenski həmin günlərdə daxili işlər naziri haqqında mətbuat konfransında söyləmişdi. Arsen Avakov işinin öhdəsindən gələ bilmirdi.  Ukraynada quldurluq, odlu silahdan istifadə, kriminal qruplaşmalar arasında savaş və sifarişli qətllərin statistikası da nazirin yarıtmaz fəaliyyətini ortaya qoyurdu. Əlbəttə ki, bu da cəmiyyətdə stabilliyə, investorların ölkəyə maliyyə yatırımına əsas təhdidlərdən biri idi. Erməni əsilli nazir 2020-ci ilin yayında artıq  əhali arasında etimadını tam itirmişdi, adı daha çox korrupsiyalaşmış məmur kimi hallanır və kriminal dairələrlə yaxınlığı ilə seçilirdi. Ötən il Ukrayna Ali Radasının qarşısında 400-ə yaxın insan Arsen Avakovun istefaya göndərilməsi tələbi ilə aksiya keçirib.

Avakov nazir vəzifəsini tutduğu dönəmdə Ukraynada yaşayan milli azlıqlara, xüsusən azərbaycanlı iş adamlarına qarşı qərəzli mövqe sərgiləyirdi. Hətta bir neçə dəfə azərbaycanlı iş adamlarının oğurlanması, mallarının qaçırılması halları baş verib. Müxtəlif illərdə Avakov barəsində cinayət işləri açılıb. Hələ 2012-ci ildə o, İtaliya polisi tərəfindən saxlanılmışdı.

“Yeni Müsavat” qəzetinin keçmiş əməkdaşı, hazırda Ukraynanın Odessa şəhərində yaşayan Anar Natiqoğlu Avakovun istefasına “Vətən savaşında qələbədən sonra aldığı ən xoş xəbər” şəklində reaksiya verib.  Anar Natiqoğlu deyib ki, Avakov vəzifədə olduğu dönəmdə erməni lobbisinin təsiri altında olub: “Özünü daha çox erməni lobbisinin Ukraynadakı rezidenti kimi aparırdı...”

Soydaşımız qeyd edib ki, Avakov Ukraynanın daxili işlər naziri postunda Ermənistana mənəvi dəstək verir və Ukraynada gərgin vəziyyət üçün zəmin yaradırdı: “Onun Ukraynadakı azərbaycanlılara münasibəti də göz qabağında idi. Digər orqanlar Ukraynada yaşayan azərbaycanlılarla bağlı sorğulara müsbət cavab yazsa da, Ukrayna Daxili İşlər Naziriliyi belə sorğuları bir qayda olaraq mənfi cavablandırırdı”.

Ukraynada yaşayan azərbaycanlı jurnalist: “Ermənilərlə rastlaşanda tülkülük  edirlər” - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

Anar Natiqoğlu 

Anar Natiqoğlu deyir ki, Arsen Avakovun açıq şəkildə erməni təəssübkeşliyi olduqca dözülməz hal almışdı: “Xüsusən 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Avakovun azərbaycanlılara qarşı bütün mahiyyətini ortaya çıxardı. Hər bir imkanda Ukraynada yaşayan azərbaycanlılara qarşı addım atırdı. Onu əvəzləyəcək kadrın belə ayrı-seçkilik etməyəcəyinə inanırıq”.

Anar Natiqoğlu Ukrayna xalqının orada yaşayan həmyerlilərimizə qarşı xoş münasibətindən məmnun olduqlarını deyib: “Azərbaycandan olduğumuzu bilib bizə öz ehtiramlarını, hörmətlərini bildirirlər. Qarabağ savaşında qalib gəlməyimizə bizim qədər sevinirlər. Hələ bir qədər gecikdiyimizi də ifadə edirlər. Ümid edirik ki, daha Avakov kimilər Ukraynada vəzifə tutub xalqlarımız arasında xoş münasibətlərə xələl gətirməyəcəklər”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR