İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada həbsdə olan Qarabağ qazisi Misir Qasımlı azərbaycanlı məmurlara səsləndi - VİDEO

18761 06.11.2022 16:00 Gündəm A A

Ukrayna həbsxanasında saxlanılan Azərbaycanın Vətən müharibəsi qazisi Misir Qasımlının həbs müddəti 40 gün artırılıb.

Bu barədə "Yeni Müsavat"a qazinin vəkili Aygül Rəfiyeva bildirib.

Vəkilin sözlərinə görə bu qərarı Obuxov Rayon Məhkəməsi noyabrın 4-də keçirdiyi iclasda qəbul edib. Vəkil qeyd edib ki, bundan əvvəl noyabrın 3-də Kiyev Apellyasiya Məhkəməsində baş tutan məhkəmə iclası Misir Qasımlı və onunla birgə həbs edilən Sübhan Quliyevin iştirakı olmadan keçirilib:

"Məhkəmə proses iştitakçılarını aldadaraq işə təqsirləndirilən şəxslərin iştirakı olmadan baxdı. Hakim bildirdi ki, guya Sübhan Quliyevin məhkəməyə gətirilməsi haqqında məlumatı istintaq təcridxanasına göndərməyi unudub, Misir Qasımlı ilə bağlı isə bildirdi ki, ümumiyyətlə onu görmək istəmirlər deyə məhkəməyə gətizdirmədilər. Bütün bunlar Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsinin gözü qabağında baş versə də, səfirlik məhkəməyə öz iradını bildirmədi.

04.11.2022-ci il tarixli Obuxov Rayon məhkəməsində keçirilən iclasda isə Misir Qasımlı və Sübhan Quliyevin həbsdə saxlanılmaları müddəti əlavə 40 gün uzadıldı.

Təqdimatla çıxış edən prokuror bu dəfə təqdimatını yalnız maddələrin ağırlığı ilə əsaslandırdı. Diaspora nümayəndələri və digər Azərbaycan əsilli şəxslər Misir və Sübhanın şəxsi zaminliyə götürülməsi vəsatəti ilə çıxış etsələr də, hakim yenə bunlara məhəl qoymayaraq qanunsuz olaraq həbsi uzatdı".

Vəkilin sözlərinə görə dəfələrlə Misir Qasımlının şəxsi zaminliyə götürülmə məsələsi ilə bağlı sədirliyə müraciət edilsə də, səfirlik hər dəfə bundan imtina edib:

"Səfirlik Misir və Sübhanın zaminliyə götürülməsi məsələsini qaldırsa, vəsatətin təmin edilib-edilməməsindən asılı olmayaraq, artıq proses iştirakçısına çevrilərək məhkəmədə söz sahibi ola bilər. Lakin, bunu etmək istəmirlər. Görünür ki, bir qazinin taleyi onlar üçün heç maraqlı deyil.

Eyni zamanda Azərbaycanın Ombudsmanına dəfələrlə müraciət edirik ki, vətəndaşlarımızın haqqları tapdalanır, köməklik edin, cavab verirlər ki, "heç bir qanun pozuntusu yoxdur, ümumiyyətlə bu bizim səlahiyyətlərimizə aid deyil". Əgər qanun pozuntusu yoxdursa, bəs niyə  Kiyev Apellyasiya Məhkəməsi bundan əvvəı qərar vermişdi ki, qanun pozuntuları var?

Görünən odur ki, heçkəs öz işini vicdanla görmək istəmir. Şablon cavab məktubları ilə kifayətlənirlər".

Vəkil noyabrın 4-də keçirilən məhkəmə prosesindən də söz açıb, hakimin qarşı tərəfdən rüşvət aldığını iddia edib:

"Məhkəmədə çıxış edən zərərçəkmiş ittiham tərəfinin şahidinin verdiyi ifadəyə tamamilə zidd ifadə verdi. Misir Qasımlı və onun vəkilləri tərəfindən verilən heç bir suala cavab verə bilmədi. Bütün suallara “yadımda deyil” kimi cavab verdi. Bu azmış kimi zərərçəkən məhkəmə iclasına Azərbaycan bayrağının fonunda qoşuldu. Bundan başqa, keçən məhkəmədə zərərçəkmiş ağzından qaçırdı ki, prokurorluq ona 3000 dollar pul təklif edib, bu dəfə isə suala cavab olaraq etiraf etdi ki, 15.000 dollar təklif olunub. Hakim də dərhal iclası təxirə saldı ki, bu məsələni ört-bastır etsin. Təəssüf ki, hakim görünüş yaratmaq istəyir ki, guya obyektivdir, guya işi düzgün araşdırır, amma əməldə tam əksini edir. Bu da bizə onu düşünməyə əsas verir ki, hakimə kənardan təzyiqlər var və o gözünü yumub qanunsuz qərarı qəbul edə bilər".

Qeyd edək ki, Misir Qasımlı İkinci Qarabağ savaşının iştirakçısıdır. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Vətən müharibəsi qazisi olan Misir Qasımlı bildirmişdi ki, əslən erməni olan İspaniya vətəndaşı onu məqsədli şəkildə şərləyib və nəticədə həbsxanaya salınıb. M.Qasımlı sifarişli şəkildə həbsdə saxlanıldığını deyib və bu səbəbdən öz ölkəsinin rəhbərliyindən və ictimaiyyətindən dəstək istəyib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR