Ukraynada azərbaycanlı iş adamının qətli ilə bağlı növbəti məhkəmə iclası keçirilib
Ötən gün Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı Vüqar Nuruşovun qətli ilə bağlı növbəti məhkəmə iclası keçirilib.
V. Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya bildirib ki, iclasda qətldə adı hallanan keçmiş erməni iş adamı, istefada olan general Anton Luqasyanın bacısı oğlu, erməni diaspor rəhbərlərindən olan biznesmen Narok Avanesyan və xalası oğlu digər erməni biznesmen ifadə veriblər.
Onlar ifadələrində azərbaycanlı iş adamını nəinki öldürmədiklərini, ümumiyyətlə tanımadıqlarını bildiriblər: “Halbuki, qardaşımın ölümünə qədər onların özləri və dayıları ilə qardaşı arasında toqquşmaları olub, qardaşımı dəfələrlə hədələyiblər. Təəssüf ki, prokuror da ermənilərin tərəfini saxlayır. Biz qardaşımın qanının batmasından və bununla ermənilərin bizə qarşı gələcək təzyiqindən ehtiyat edirik”.
V. Nuruşov bildirib ki, növbəti məhkəmə iclası dekabrın 29-a təyin edilib. Məhkəmə qətldə şübhəli bilinən ermənilərin proses başa çatana qədər Xerson vilayətini tərk etməmələri, onların telefon danışıqlarının, biznes əlaqələrinin yoxlanılması barədə qərar çıxarıb.
Qeyd edək ki, ötən iclasda qətldə təqsirli bilinərək saxlanılan Rostislav Brinski məhkəmə zalından ev dustaqlığına buraxılıb. R. Brinski ibtidai istintaqa ifadəsində azərbaycanlı iş adamını təkbaşına öldürdüyünü desə də, məhkəmə zamanı o, qətli özünün yox, erməni biznesmen Anton Luqasyan və onun iki bacısı oğlunun törətdiyini deyib.
Xatırladaq ki, əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlunun üzərində işgəncə əlamətləri olan meyiti bu il avqustun əvvəlində Xerson şəhəri yaxınlığında aşkarlanıb. Avqustun 17-də isə vilayət azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç və Montiyan Xaçik Stepanoviç, o cümlədən azərbaycanlı Allahverdiyev Naim Balakişi oğlu və İlham Məmmədov saxlanılıb. Yaxınları onun da qətlinin sifarişçisinin A. Luqasyan olduğunu iddia edirlər.






