Ukrayna Ali Radası Konstitusiyaya düzəlişlər haqqında qanun qəbul edib. Burada ölkənin NATO və Avropa Birliyinə üzvlük üçün strateji kursundan bəhs edilir.
Ukrayna parlamentinin saytında dərc olunan qanun layihəsinə görə, NATO və Avropa Birliyinə üzvlük ölkənin strateji hədəfi olaraq müəyyən edilib. Bununla hökumətin üzərinə bəhs olunan təşkilatlara birləşməklə bağlı kursun gerçəkləşdirilməsi öhdəliyi qoyulub. Ölkə prezidenti həmin kursun həyata keçirilməsinin əsas təminatçısı statusu qazanıb.
Ali Radanın spikeri Andrey Parubiy səsvermədən öncə əsl vətənsevərləri Ukraynanın gələcəyini müəyyən edən bu qanuna dəstək olmağa çağırıb.
Prezident Pyotr Poroşenko isə həmin günün Kreml üçün ən bəd gün olduğunu yazıb.
Layihənin lehinə 385 deputatdan 334-ü səs verib. Yalnız 35 deputat ona qarşı çıxıb.
Prezident Pyotr Poroşenko mövcud sənədi keçən ilin dekabrında imzaladığı “Rusiya ilə dostluğun bitməsi haqqında akt”ın davamı olaraq qiymətləndirib. O, bunu Ukraynanın müstəmləkə keçmişi ilə vidalaşması və Avropaya doğru istiqamətlənməsi kimi qələmə verib.
Prezident bu strategiyanın digər addımları olaraq Avropa Birliyi ilə assosiasiya haqqında sazişimn bağlanmasını, Ukrayna kilsəsinin müstəqillik əldə etməsini, MDB-dən çıxışı, vətənpərvər və peşəkar ordunun yaradılmasını, Ukrayna dilinin dəstəklənməsini, milli kimliyin möhkəmləndirilməsini qeyd edib.
Musavat.com






