İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsi ağır fazada - Moldova hava məkanını niyə qapatdı...

1081 16.02.2023 09:27 Siyasət A A

Müharibənin coğrafiyasının genişlənə biləcəyini son baş verənlər də təsdiqləyir; analitik: “Rusiya nəticə əldə etsə, Moldova, Polşa və Baltik ölkələrinə ciddi təhdid yaranacaq”

Son günlərdə “əsl Rusiya-Ukrayna müharibəsi hələ bundan sonra başlayacaq” kimi xəbərlər dövr etməkdədir. Hətta iddialar var ki, yaxın zamanda Rusiya Ukraynaya qarşı daha genişmiqyaslı hücumlara başlayacaq və bundan sonra dəhşətli olaylar yaşana, müharibənin coğrafiyası həm havadan, həm sudan, həm də qurudan genişlənə bilər. Həmçinin Ukraynanın NATO-nun verdiyi yeni hərbi yardımla Krımı yenidən özünə qaytarmaq üçün hücuma keçə biləcəyinə dair də rəylərə rast gəlinir.

O da vurğulanır ki, bu genişmiqyaslı hücum zamanı Rusiya Ukraynanın qonşuluğundakı Belarus ərazində topladığı hərbi kontingenti də hərəkətləndirə bilər.

“Yeni Müsavat” bildirir ki, Pentaqon rəhbəri Loyd Ostin Ukraynanın yazda əks-hücuma keçəcəyini açıqlayıb. ABŞ müdafiə naziri bildirib ki, əks hücum əməliyyatlarında Ukrayna ordusuna dəstək veriləcək. Habelə qeyd edilir ki, NATO-nun və Qərbin Ukraynaya dəstəyi artırmasından son dərəcə qəzəbli olan Rusiya müdafiə olunmaq bəhanəsi ilə NATO ölkələrindən birinə raket ata və ya qırıcılarla bomba yağdıra bilər. Bu zaman NATO qüvvələrinin Rusiyaya qarşı əks-hücuma keçə biləcəyi də istisna edilmir. Bu arada ABŞ-ın Rusiyadakı vətəndaşlarına ölkəni təcili tərk etmək çağırışı da diqqətdən qaçmır. Müharibənin coğrafiyasının genişlənə biləcəyini və yeni dəhşətli bir mərhələnin olacağını Moldovada son 3 gündə baş verən olaylar da təsdiqləyir.

Moldova president accuses Russia of plotting to oust pro-EU government |  Moldova | The Guardian

Maya Sandu

Elə fevralın 13-də Moldova Prezidenti Maya Sandu bildirib ki, yaxın gələcəkdə Moldovada bəzi dövlət binalarına hücum edilməsi, girov götürülməsi üzrə hərbi təlim keçmiş diversantların iştirakı ilə hücum planı nəzərdə tutulub. Prezident bildirib ki, qondarma müxalifət Kişinyovda hakimiyyəti dəyişmək istəyir. O, parlamenti xüsusi xidmət orqanlarına əlavə səlahiyyətlər verməyə çağırıb: “Bu, informasiya və təhlükəsizlik xidmətinə, prokurorluğa ölkənin təhlükəsizliyinə qarşı risklərin öhdəsindən gəlmək imkanı verəcək”. M.Sandu qeyd edib ki, təxribatın məqsədi ölkəni Rusiyanın sərəncamına vermək üçün konstitusiya quruluşunu devirməkdir. Fevralın 14-də isə Moldovanın hava məkanı qəfildən bir neçə saatlıq bağlı elan edildi. Görünür, bu, xaricdən diversiya qruplarının gəlişi ehtimalı ilə bağlı olub. Onu da nəzərə çatdıraq ki, Rusiya Moldovadakı separatçı rejimin vasitəsilə hər an təxribatlar törədə bilər. Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda separatçılıq hərəkatı ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. Həmin hərəkatın alovlanmasında qığılcım rolunu Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı oynayıb. Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldova millətçilərinin digər millətləri əzmək cəhdi kimi qəbul edərək separatçılıq hərəkatını alovlandırıb. 1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər.

1990-cı ilin dekabrında isə referendum keçirilərək, “DMR” “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib. Moldova bu qərarı tanımayıb, münaqişə dərinləşib və 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Dnestryanı bölgədə dislokasiya olunmuş 14-cü ordu general Lebedin rəhbərliyi ilə Moldova qüvvələrini sıxışdırıb. Rusiya öz sülhməramlı qüvvələrini Dnestryanı bölgəyə yeridərək tərəflər arasında atəşkəsi təmin edib. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanıb. Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhyaratma qüvvələri cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi. O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Moldovaya qarşı hücum həm də o zaman baş verə bilər ki, Belarus Ukraynaya hücum prosesinə qoşulsun, yaxud da Rusiyanın bu ölkədə yerləşdirdiyi hərbi kontingent Ukraynaya girsin. Bu zaman NATO qüvvələrinin Moldova üzərindən Belarusa əks-həmlə edəcəyi də səslənən versiyalardan biridir. Beləcə, hazırda Ukrayna-Rusiya müharibəsinin dəhşətli bir şəkil ala biləcəyi təşviş yaradır. Ən pisi isə bu proseslərin qaçılmaz olduğuna dair proqnozların çoxalmasıdır. Deyilənlər baş versə, dünyanı, MDB məkanını nə gözləyir?

Elxan Şahinoğlu: “Azərbaycanın mövqeyi həmsədrlərə çoxdan bəllidir ”

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu da xatırladır ki, ABŞ-ın müdafiə naziri Ukraynanın yazda əks-hücuma keçməsini gözlədiklərini bildirib: “Pentaqon rəhbəri bu məqsədlə Ukrayna Müdafiə Kontakt Qrupundakı bütün tərəfdaşlarla silah-sursat imkanlarının təmin edilməsi üçün çox çalışdıqlarını deyib. Yaza heç nə qalmayıb. Ukrayna əks-hücumdan əvvəl Rusiyanın hücumunu dəf etməlidir. Rusiya yaxın müddətdə işğal ərazisini genişləndirmək məqsədilə hücuma hazırlaşır. Ukrayna ordusu bu hücumu dəf edib Pentaqon rəhbərinin dediyi kimi, əks-hücuma keçmək üçün vəd edilən hərbi texnikaya yiyələnməlidir. Ukraynaya qonşu ölkələr narahatdırlar. Çünki Rusiya Ukraynada istədiyi nəticəni əldə etsə, Moldova, Polşa və Baltik ölkələrinə ciddi təhdid yaranacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR