Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları parlamentin keçmiş deputatı Oleq Tsarevin qardaşını şərq vilayətlərində təxribat təşkil etmək istəyərkən yaxalayıb.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti tərəfindən məlumat yayılıb.
Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi təchiz olunmuş anbarda silah və sursatlar, trotil bombaları, bank kartları və Rusiya Federasiyası vətəndaşının pasportunu aşkar ediblər.
İstintaqın məlumatına görə, həmin şəxs 2013-cü ildən Dneprdə yaşayıb, Rusiya Federasiyasında gizlənən qardaşı ilə müntəzəm əlaqə saxlayıb.
Ukrayna mətbuatının məlumatına əsasən, keçmiş prezident Viktor Yanukoviçin liderlik etdiyi “Regionlar Partiyası”ndan olan deputat Oleq Tsarev qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
Həmin adam 2014-cü ilin aprelindən may ayına qədər Kiyev, Donetsk, Dnepropetrovsk və digər şəhərlərdə keçirilən kütləvi tədbirlərdə, habelə müxtəlif KİV-lərə müsahibələrində Ukrayna ərazisinin və dövlət sərhədinin Rusiyanın xeyrinə dəyişdirilməsi üçün çalışıb. Bundan başqa, o, Ukraynada hakimiyyətin zorakılıqla dəyişdirilməsi və konstitusiya quruluşunun dəyişməsi üçün Rusiya dövləti ilə cinayət əlaqəsinə girib.
Musavat.com






