Bu açıqlamadan bir neçə gün sonra isə Belarusun hüquq-mühafizə orqanları da oxşar əməliyyat həyata keçirərək transmilli orqan mafiyasının daha bir neçə üzvünü ifşa etdilər. Bu araşdırmamızdan və məlum rəsmi açıqlamalardan sonra Azərbaycanın hüquq-mühafizə orqanlarının qəribə reaksiyası ortaya çıxdı. Ölkəmizin güc strukturları “Azərbaycanda ”qara transplantasiya" yoxdur, amma araşdırma aparırıq" tipli rəsmi açıqlamalar yaydılar. Bundan sonra Y.Kuçer qəzetimizə eksklüziv açıqlama verərək Azərbaycanın hüquq-mühafizə orqanlarının, xüsusilə Baş Prokurorluğun “qara transplantasiya” ilə bağlı mövqeyini heç cür anlaya bilmədiklərini dedi.
Dünən isə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İmran Nəcəfov “qara transplantasiya” ilə bağlı danışıb. DİN-in idarə rəisi APA-ya açıqlamasında deyib ki, insan orqanlarının “qara transplantasiya”sı ilə bağlı Ukrayna tərəfi Azərbaycana hələ də rəsmi müraciət etməyib. Onun bildirdiyinə görə, son günlər istər bizim ölkənin, istərsə də xarici ölkələrin bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda insan orqanlarının “qara transplantasiya”sının həyata keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yer alıb: “Aparılan ilkin araşdırmalar nəticəsində Azərbaycan ərazisində insan orqan və toxumalarının qanunsuz transplantasiyası halları aşkar edilməyib”.
İ.Nəcəfov cinayətkarlığa qarşı mübarizə sahəsində Ukrayna ilə qarşılıqlı əməkdaşlığın MDB və GUAM dövlətləri arasında razılaşdırılmış və qüvvədə olan müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirildiyini qeyd edib: “Mətbuat orqanlarında göstərilən xüsusatlarla əlaqədar Ukrayna hüquq-mühafizə orqanlarından bizə bu günədək heç bir müraciət daxil olmayıb. İstənilən müraciətin ediləcəyi təqdirdə qeyd olunan qarşılıqlı əməkdaşlığa əsasən müvafiq cavab tədbirləri həyata keçiriləcək. İnsan alverinə, o cümlədən insan və toxumalarının qanunsuz transplantasiyasına qarşı mübarizə sahəsində cinayət əməllərinin ifşa edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin tərəfimizdən həyata keçirilməsi davam etdirilir”.
Maraqlıdr, görəsən, İ.Nəcəfovun təmsil etdiyi nazirliyə mətbuat orqanlarında göstərilən xüsusatlarla deyil, başqa qanunsuz transplantasiyalarla bağlı müraciətlər olubmu? DİN-in idarə rəisi APA müxbirinə bu barədə heç nə deməyib.
Dünən DİN-in mətbuat xidməti ilə əlaqə saxlayıb həm bu suala, həm də Ukraynadan Azərbaycana əməliyyat-istintaq qrupunun gəlib-gəlməməsinə aydınlıq gətirilməsini xahiş etdik. Təəssüf ki, mətbuat xidmətində suallarımıza cavab tapa bilmədik.
APA-nın yaydığı məlumatda isə Y.Kuçerə istinadla qeyd olunur ki, Ukrayna DİN əməliyyat-istintaq qrupunun Azərbaycana səfəri bu həftəyə planlaşdırılır. Həmin qrup ölkəmizdə 3-4 gün qalacaq və yerli hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparacaq. Y.Kuçer həmçinin “qara transplantasiya” ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları ilə Ukrayna DİN əməkdaşlığına toxunaraq bununla əlaqədar birgə araşdırma aparılması məsələsinin iki ölkənin daxili işlər nazirlərinin müavinləri arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunduğunu bildirib. Tərəflər cinayətkarlığın qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Y.Kuçer “qara transplantasiya”ların Azərbaycanın hansı klinikalarında həyata keçirilməsi barədə suala cavabında isə məlum hadisələrdə Azərbaycanın bir klinikasının adının keçdiyini deyib.
Bir məqamı da qeyd edək ki, Y.Kuçer hələ avqustun 7-15 tarixlərində qəzetimizə və digər mətbuat orqanlarına açıqlamalarında əməliyyat-istintaq qrupunun Azərbaycana növbəti həftə gələcəyini demişdi. Amma bu günə kimi həmin əməliyyat-istintaq qrupu ölkəmizə gəlməyib.






