İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna azərbaycanlıları ilə bağlı filmlərin çəkilişinə başlanılıb, diaspora fəalı: “Qürurluyuq”  

1243 27.04.2023 18:05 Mədəniyyət A A

Ukraynada yaşayan tanınmış azərbaycanlıların daha geniş auditoriyada tanıdılması prosesinə start çevrilib.

 Musavat.com bildirir ki, bununla bağlı qısametrajlı filmlərin çəkilişinə başlanılıb və artıq ilk film ərsəyə gətirilib.

Diaspora fəalı, iş adamı Yalçın Qəhrəmanoğlu, jurnalist İdrak Camalbəylinin və yerli jurnalist Viktoriya Romançenkonun təşəbbüsü və təşkilatçılığı ilə çəkilən filmdə Ukraynada yaşayan azərbaycanlı iş adamları, elm xadimləri, dövlət xadimləri və digər şəxslərin bir qisminin fəaliyyətindən Ukrayna auditoriyasına məlumatlar çatdırılıb.  

Musavat.com-a bu haqda açıqlamasında Yalçın Qəhrəmanoğlu bildirdi ki, bu təşəbbüsün ərsəyə gəlməsi ümummilli maraqlara bağlıdır: “Biz millətimizin başının hər zaman, hər yerdə uca olmasını istəyirik. Ukrayna-Azərbaycan münasibətləri yüksək səviyyədə davam edir, Azərbaycan dövlətinin Ukraynaya dəstəyi də üzümüzü ağ edib, bizi daim qürurlandırır. Başımız uca, alnımız açıqdır, çox qürurluyuq. Eyni zamanda Ukraynada yaşayan azərbaycanlılar bu, dar gündə ukraynalılarla bir səngərdədir, əllərindən gələn köməyi edirlər, həmçinin əli silah tutanlar işğalçıya qarşı döyüşürlər. Azərbaycanın humanitar yardımları da hər zaman yüksək səviyyədə qeyd olunur, bizi qürurlandırır. Odur ki, azərbaycanlıların daha da tanıdılmasına ehtiyac olduğunu düşündük. Filmin davamı olacaq. Biz indi ikinci hissəni hazırlayırıq. Əslində 1918-c ildən başlamaq niyyətindəyik. O zamandan Azərbaycan-Ukrayna münasibətləri inkişaf etməyə başlayıb, azərbaycanlılar Ukraynada təhsil alıb”.

Y.Qəhrəmanolu bir daha qeyd etdi ki, Rusiya ilə müharibə dövründə azərbaycanlıların və Azərbaycan dövlətinin nüfuzu kifayət qədər yüksəlib: “Biz bu filmləri çəkməklə istəyirik ki, müharibədən sonra Azərbaycanı və azərbaycanlılara Ukraynada daha yaxşı tanısınlar”.

Yalçın Qəhrəmanoğlunun sözlərinə görə, İdrak Camalbəylinin və Viktoriya Romançenkonun təşəbbüsü, həmçinin Ukraynanın bir sıra aktiv jurnalistlərinin əməyi ilə ərsəyə gələn film Ukraynada əks-səda doğurub. Diaspora fəalı dedi ki, Ukraynada 500 min azərbaycanlı yaşayır, onların 100 mindən çoxu vətəndaşlıq alıb: “Bu ölkədə ikinci belə diaspora ordusu yoxdur: “Millətimizin, dövlətimizin nüfuzu artıqca daha da fərəhlənirik. Bu məsələdə çalışmağımıza ehtiyac var. Burada çeçenlər də döyüşüb, amma onlardan birinin adına küçə verilib. Amma azərbaycanlılar döyüşsə də, adlar əbədiləşdirilməyib. İstəyirik 100 azərbaycanlı haqqında verilişlər verək. Azərbaycan dövlətinin siyasəti də bizim nüfuzumuza müsbət təsir göstərir”.

İdrak Camalbəyli isə Musavat.com-a açıqlamasında bildirdi ki, Ukrayna mətbuatındakı məlumatlara əsasən, azərbaycanlılar 90-cı illərin əvvəllərindən bu ölkədə sıx məskunlaşmağa başlayıblar: "1990-2000-ci illər ərzində Ukraynadakı azərbaycanlıların sayının 400 000 nəfərdən 450 000 nəfərə qədər artdığı bildirilir. İkinci köç dalğası isə 2000-ci illərə təsadüf edir. Bu zaman Ukraynaya üz tutanların böyük əksəriyyəti tələbələr olub. Son statisitik məlumatlara görə, hazırda Ukraynada 10 mindən artıq azərbaycanlı tələbə təhsil alır. Ukrayna Miqrasiya Xidmətinin məlumatına əsasən, Azərbaycan icması Ukraynadakı ən böyük milli azlıqlardan hesab olunur. Qurumdan bildirilir ki, Ukraynada yaşayan azərbaycanlıların sayı 500 min nəfərdən artıqdır. Təkcə, 150 minə yaxın azərbaycanlı Donetsk, Dnepropetrovsk, Xarkov, Kiyev və Krım vilayətlərində məskunlaşıb. Təəssüf ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan sonra 15 min vətəndaşımız təxliyə olunub, onlardan 5 mini çarter reyslərlə Azərbaycana gətirilib". Jurnalist qeyd etdi ki, təxmini məlumatlara görə, bu gün Ukrayna silahlı qüvvələrində yüzlərlə azərbaycanlı döyüşür: "Onların əksəriyyəti Ukrayna vətəndaşlarıdır. 50 nəfərə yaxın azərbaycanlı Ukraynadakı müharibənin qurbanı olub. Həlak olan azərbaycanlıların təxminən 20 nəfəri hərbi qulluqçudur. Azərbaycanlılar Ukraynanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Bu gün də Ukraynada yüksək vəzifədə çalışan, böyük nüfuza sahib olan azərbaycanlılar var". 

Ukraynadakı tanınmış azərbaycanlıların bir hissəsindən bəhs edən filmi təqdim edirik:

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR