Mənzil Kommunal İstismar İdarəsinin balansında olan xəstəxananı kim təmir etməlidir?
Sabunçu rayonu, Ramana qəsəbəsindən bir qrup sakin “Yeni Müsavat”a 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb məntəqəsi ilə bağlı şikayət ediblər. Sakinlər xəstəxananın təmirsiz, antisanitar şəraitdə olmasından, həkimlərin bütün xəstələri bir otaqda qəbul etməsindən narazı olduqlarını bildiriblər. Vəziyyəti yaxından öyrənmək, deyilənləri bir də öz gözümüzlə görmək üçün xəstəxanaya yollandıq. Xəstəxanaya çatar-çatmaz təəccübləndik. Həqiqətən də xəstəxanada vəziyyət deyildiyindən də pis vəziyyətdə idi. Hələ xəstəxanaya daxil olmamış tibb ocağının həyəti, binası onu deməyə əsas verir ki, bu ərazidə çoxdan təmir işləri aparılmayıb. Xəstəxananın həyətində sınıq-sökük taxta qalıqları, tikinti materialları toplanmış vəziyyətdə, bina isə uçuq-sökük, olduqca təmirsiz vəziyyətdə idi. Pilləkəndənsə elə səslər çıxır, sanki bu dəqiqə qırılacaq.
İçəri daxil olar-olmaz balaca bir dəhlizdə insan izdihamı ilə rastlaşdıq. Adamlar elə ağız-ağıza dayanmışdılar ki, iynə atsaydın yerə düşməzdi. Aralarında maskadan istifadə etməyənlər də var idi. Natəmiz olan ərazidən həm də pis qoxu ətrafı bürümüşdü. Mətbuatdan olduğumuzu bilən Ramana sakini yaxınlaşıb kömək istədi: “Çox xahiş edirəm, səsimizi çatdırın. Baxın, uşağımı poliklinikaya peyvənd olunmağa gətirmişəm. Amma belə sıxlıqda nə bilim ki, başqa xəstəliyə yoluxmayacaq. Uşaq lap balacadır, yazıq deyilmi. Niyə buranı təmir etmirlər, indiki zamanda belə poliklinika olar?! Görün bura nə gündədir. Bir otaqda bütün xəstələri qəbul edirlər. Bu qədər adam yığışmışıq, gözləyirik”.
İçəri toplaşanların arasında öskürən kim, qızdırmalı vəziyyətdə gözləyən kim. Nəvəsini pediatr yanına gətirən Rüxsarə adlı sakin də bizimlə söhbətdə narazılığını bildirdi: “Mən də nəvələrimi gətirmişəm bura, ümumi müayinə üçün. Amma özünüz də görürsünüz, burada vəziyyəti, hamı xəstədir, məcburi şəkildə bir-birimizə yaxın durmuşuq. Bu cür dar yerdə bayaqdan gözləyirik. Sonra da deyirlər, ara məsafəni gözləyin. Tibb ocağında bu qaydalar gözlənilmirsə, başqa yerdən bunu necə tələb etmək olar?! Belə şəraitdə necə qaydalara əməl etmək olar?”
Adının çəkilməsini istəməyən 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının (BŞX) nümayəndəsi isə bizimlə söhbətdə bildirdi ki, bu bina Mənzil Kommunal İstismar İdarəsinin balansındadır: “Binanın 2-ci mərtəbəsində iki otaq əhaliyə tibbi xidmət göstərmək üçün icarə əsasında xəstəxanaya verilib. Həmin otaqlar yüksək səviyyədə təmir olunub. Lakin binanın həyəti və girişi Mənzil Kommunal İdarəsinin balansında olduğu üçün orada hər hansı təmir işi aparmaq tərəfimizdən mümkün deyil”.
Məsələ ilə bağlı Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, bununla bağlı sakinlər toplaşaraq icra hakimiyyətinə məktub yazıb müraciət etməlidirlər: “Qəsəbə sakinləri ərizə ilə müraciət etməlidirlər. Bu, şifahi yolla həll olunan məsələ deyil. Biz lap gedib baxsaq belə, bunun maliyyə tərəfini həll etmirik. İcra hakimiyyəti daxil olan müraciətdən sonra baxa bilər. Bu, zibil qutuları deyil ki, Mənzil Kommunal Təsərrüfat Birliyi baxıb həll etsin”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”






