Üçüncü sektor son nəfəsdə - QHT-lər qanuna təklif olunan son dəyişikliklərə üsyan etdilər
“Qeyri-Hökumət Təşkilatları (QHT) haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklər onsuz da narahat günlərini yaşayan üçüncü sektorun təmsilçilərini ciddi şəkildə narahat edib.
Söhbət Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa təqdim olunan təkliflərdən gedir. Üçüncü sektorun bir sıra təmsilçiləri hesab edirlər ki, QHT-lərə qarşı təzyiq və təqib kampaniyasının, həyata keçirilən həbs dalğasının ardınca qanunvericiliyin sərtləşdirilməsi vətəndaş cəmiyyətinin tamamilə boğulmasına gətirib çıxara bilər. Xatırladaq ki, bu il vətəndaş cəmiyyətinin təmsilçiləri üçün heç də düşərli olmayıb. İlin əvvəlində QHT fəaliyyətini tənzimləyən qanunvericiliyə təklif edilən dəyişikliklər layihəsinin qəbul olunmaması xahişi ilə 54 təşkilat rəhbəri bəyanat imzalayıb Milli Məslisə göndərsə də, bir nəticəsi olmamışdı. Budəfəki təşəbbüslərin də vəziyyəti dəyişəcəyi inandırıcı görünmür.
Qanunvericiliyə təklif olunan son dəyişikliklər əsasən bunlardır:
1) Azərbaycanda işləyəcək donorlar müvafiq icra hakimiyyətində (gözlənilir ki, Ədliyyə Nazirliyində) qeydiyyatdan keçməli, lisenziya almalı və donor olmaq hüququ qazanmalıdır.
2) Donor verilən qrantların maliyyə-iqtisadi əsaslandırmasını aparmalıdır. Yəni əsaslandırmalıdır ki, bu layihə nədən vacibdir.
3) Qrant müqaviləsi üzrə bütün görülən işlər və xidmətlər ayrıca olaraq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilməlidir.
4) Layihələr istiqamətlər üzrə müvafiq icra hakimiyyətindən rəy almalıdır. Məsələn, kənd təsərrüfatı layihəsinə Kənd Təsərrüfatı Nazirliyi rəy verməlidir.
Bəzi ekspertlərin fikrincə, ümumilikdə ortaya çıxan qənaət budur ki, «QHT-lər haqqında» Qanuna dəyişikliklərin icraya yönəldilməsindən sonra hakimiyyət istənilən xarici donordan qidalanan QHT-ni, onun rəhbərini casus elan edə, barəsində ən ağır cəzanın çıxarılmasını sanksiyalaşdıra bilər. Üçüncü sektorun aparıcı simaları da durumdan narahat olduqlarını açıq etiraf edir.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, təklif olunan əlavə və dəyişikliklər maliyyələşmə məsələsini bir neçə qat filtrdən keçirməyə yönəlib: “İnanmıram ki, bu şərtlərlə Azərbaycana donor gələ bilər. Əgər kimlərsə gələcəksə də, onların işi daha çox hökumət və hökumətyönlü təşkilatlarla olacaq”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da vəziyyətdən ciddi şəkildə narahatdır: “Təkliflər həddindən artıq sərtdir. Vətəndaş cəmiyyətinin inkişafı, onun fəaliyyəti üçün maliyyə vəsaiti mütləqdir. Birdən-birə xarici donorlardan imtina QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq. QHT-lərin xarici donorlardan asılılığını azaltmaq üçün bu proses tədricən həyata keçirilməlidir. Buna görə ölkədə onların maliyyəyə ilə təmin olunması üçün müəyyən proqramlar həyata keçirilməli, QHT-lərə Dövlət Dəstəyi Şurasından ayrılan maliyyə vəsaiti ən azı 5-6 dəfə qaldırılmalıdır. Bunun üçün isə zaman lazımdır”. M. Qəhrəmanlı hesab edir ki, bu təklif vətəndaş cəmiyyətinin, təklif hazırlayan komitənin, dövlət rəsmilərinin iştirakı ilə müzakirə olunsa, daha yaxşı olar: “Əgər belə bir müzakirə təşkil olunardısa, QHT-lər öz fikir və təkliflərini bu qurumlarla üzbəüz müzakirə edər, arqumentlərini ortaya qoyardılar. Düşünürəm ki, bu, çox yaxşı variantdır. Biz özümüz də təkliflər hazırlayırıq, öz arqumentlərimiz mövcuddur. Əgər belə bir görüş baş tutsa, təkliflərimi məmnuniyyətlə orada səsləndirərdim”.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev də narahatlığını bölüşdü: “Qanunvericiliyə təklif edilən dəyişikliklər ölkədə vətəndaş cəmiyyətinin inkişafına çox ciddi bir əngəl olacaq. Dəyişiklik donorlardan gələn vəsaitin bir neçə mərhələdə filtrdən keçirilməsini tələb edir. Belə çıxır ki, bundan sonra donor təşkilatlar icra hakimiyyəti - Ədliyyə Nazirliyi ilə müqavilə bağlayıb donor hüququ əldə etməlidir. Beynəlxalq təcrübədə mən belə bir nümunə bilmirəm. Amma dünyada tanınmış qurumların təzədən donor hüququ əldə etməsinin özü qadağanın bir formasıdır. İkincisi, bundan sonra donor təşkilatlar maliyyələşdirmək istədiyi layihələrin özlərinin iqtisadi əsaslandırması olmalıdır ki, ölkədə layihələrin həyata keçirilməsi nə dərəcədə əsaslıdır. Ancaq bu, biznes layihəsi deyil ki, gəlir əldə etmək məqsədi güdülsün. Xüsusilə də donor təşkilatların istiqamətləri, onların nəyi maliyyələşdirdiyi bəllidir. Belə bir vəziyyətdə onlardan hər hansı bir iqtisadi əsaslandırma tələb etmək özü də normal məntiqə sığmır”.
A.Mehtiyev əlavə etdi ki, layihəni həyata keçirənlər də icra hakimiyyətindən bunun üçün icazə almalıdır. Yalnız bundan sonra layihə qeydiyyatdan keçib icra olunmalıdır: “Yəni bu, artıq bir neçə mərhələdən ibarət filtrləmə mexanizmidir. Həm beynəlxalq təşkilatların narazılıq edəcəyi və belə şərtlərlə işləyəcəyi gözlənilən deyil, həm də artıq kəskin şərtlər daxilində Azərbaycanda xüsusən müstəqil QHT-lərin xarici donorlardan maliyyə alması şübhə doğurur. Bütün bunlar QHT-lərin fəaliyyətinin dayanmasına istiqamətlənmiş addımdır”. Təşkilat rəhbərinin sözlərinə görə, bu dəyişikliklər qəbul olunarsa, QHT-lər yalnız ölkədaxili mənbələrə istinadən fəaliyyət göstərməlidir: “Ölkədaxili mənbələrdə də bir tərəfdən məhdudiyyət, digər tərəfdən isə dövlət qurumlarının özlərinin əlaqə saxladığı və işlədiyi QHT-lər var. Bu mənada onlar müəyyən QHT-ləri ”arzuolunan" və “arzuolunmayan” qruplarına böləcəklər. Bütövlükdə müstəqil QHT-lərin fəaliyyəti üçün çox ciddi problemlər yaranacaq. Yəqin ki, bu, əksər QHT-lərin fəaliyyətinin dayanması ilə nəticələnəcək.
“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev də hesab edir ki, son dəyişikliklərlə əlaqədar vətəndaş cəmiyyəti ilə geniş müzakirələr aparılmalıdır: “Çünki bir sıra məsələlər var ki, onlara aydınlıq gətirilməlidir.
Hər şeydən əvvəl təklif edilən variant QHT-lərin maliyyə mənbələrinin məhdudlaşdırılmasına imkan yarada bilər. Ona görə də bununla bağlı ətraflı müzakirələrə ehtiyac var. İrəli sürülən təkliflərə və məsələlərə tam şəkildə aydınlıq gətirilməlidir ki, dəyişikliklərdə məqsəd nədir, bu təkliflər hansı yeni imkanlar yarada bilər və ümumiyyətlə, yeni imkanlar yaranacaqmı?” Ə.Nuriyev konkret olaraq bir məsələyə diqqət çəkdi: “Layihədə xüsusilə də donorlara olan tələblər sərtləşdirilir. Bundan sonra beynəlxalq donorlar o qədər də həvəslə Azərbaycanda qrant vermək hüququ əldə etmək üçün cəhd göstərməyəcək. Eyni zamanda bütün qrantların verilməsi ilə bağlı məsələdə bürokratiyaya imkan yaradıla bilər. Ona görə də bu məsələlər ətrafında ciddi ictimai müzakirələr aparılmasına, dinləmələrə ehtiyac var. O zaman qanun layihəsini hazırlayan şəxslər bu məsələlər ətrafında daha ətraflı məlumat verər ki, mövcud narahatlıqların da aradan qaldırılmasına imkan yaranar”.
“Milli Məclis indiyə qədər ”Qeyri-hökumət təşkilatları haqqında" və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara bir sıra dəyişikliklər edib. Dəyişikliklər edərkən, bu sahədə beynəlxalq təcrübəni öyrənmişik, xüsusilə xarici hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı təcrübəni". Bu fikirləri isə mətbuata Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Ə.Hüseynli bildirib ki, bu təcrübə ABŞ təcrübəsinə uyğundur. Onun sözlərinə görə, necə ki, həmin dövlətdə QHT-lər qeydiyyata alınır, xarici hüquqi şəxslərin və milli QHT-lərin hansı azadlıqları var, həmin azadlıqlar Azərbaycanda da mövcuddur: “Bununla yanaşı, QHT-lərin maliyyələşdirilməsi məsələsində şəffaflıqla əlaqədar biz yeni addımlar atmalıyıq. Çünki Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir, biz korrupsiyaya qarşı mübarizənin, şəffaflığın artırılması ilə bağlı nümunələr göstərməliyik. Məlumat üçün deyim ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qeyri-hökumət təşkilatları və qrant haqqında qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və bu məsələni bir müddət sonra müzakirəyə çıxaracaq. Əminəm ki, həmkarlarımız bu təşəbbüsümüzü dəstəkləyəcəklər. Təklif etdiyimiz dəyişikliklər qanunvericiliyə daxil olandan sonra isə qrantların verilməsi, eləcə də QHT-lərin fəaliyyəti ilə bağlı tam şəffaflıq təmin olunacaq”.
E.PAŞASOY






