İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üçlər ittifaqı” tranzit dəhlizini ələ keçirir: Avropa dövlətləri Azərbaycan, Türkiyə və Pakistandan asılı vəziyyətə düşəcək

4880 03.03.2021 18:00 Analitika A A

Daha da genişlənmək perspektivləri olan Türkiyə-Azərbaycan-Pakistan strateji müttəfiqliyinə qarşı Qərbdən ciddi müqavimətin ola biləcəyi qətiyyən istisna deyil; Ancaq gözlənilən sərt təzyiqləri Böyük Britaniyanın “üçlər ittifaqı” ilə özəl münasibətləri sayəsində dəf etmək mümkün ola bilər...

Dünya siyasət məkanında qüvvələr nisbəti yenidən formalaşmağa başlayıb. Belə ki, bəzi beynəlxalq siyasi iradə mərkəzləri bu məkanda öz təsir gücünü itirməkdə savam edirlər. Və bu reallıq yeni güc mərkəzlərinin yaranmasına geniş imkanlar açır.

Onu da qeyd edək ki, Cənubi Qafqaz regionunda yeni geopolitik şərtlərin ön plana keçməsi də dünya siyasət məkanında qüvvələr nisbətinin fərqli formatında xüsusi önəm daşıyır. Belə ki, bu region artıq yeni hərbi-siyasi iradə mərkəzinin formalaşmasında olduqca vacib məkana çevrilib. Və bu baxımdan, dünya məkanında cərəyan edəcək gələcək beynəlxalq siyasi proseslərdə bu regionda baş verənlərdən qaynaqlanan yeni şərtlərin təsiri də arta bilər.

Məsələ ondadır ki, Cənubi Qafqaz hazırda iki böyük sivilizasiya arasında geopolitik körpü rolunu oynamaq şansı qazanıb. Bu regionda ötən əsrin 90-cı illərindən qalma əsas münaqişə ocağının böyük ölçüdə söndürülməsi bölgənin “tranzit qapılar”nı açmağa başlayıb. İndi Avropa və Asiya qitələri üçün Cənubi Qafqaz vazkeçilməz “təmas nöqtəsi”nə çevrilməkdədir.

cqaf-unnamed.jpg (27 KB)

Bəzi ehtimallara görə, yaxın illərdə Böyük Britaniyadan başlayaraq, Yaponuyaya qədər uzana biləcək vahid iqtisadi-ticari məkan məhz Cənubi Qafqaz regionunun sayəsində reallığa çevrilə bilər. Ona görə də hazırda bu regiona beynəlxalq siyasi iradə mərkəzlərinin marağı intensiv şəkildə atmaqda davam edir. Bu baxımdan, növbəti mərhələdə Cənubi Qafqaz uğrunda mübarizənin daha amansız xarakter ala biləcəyi qətiyyən istisna deyil.

Digər tərəfdən, hadisələrin belə inkişafı region üçün bəzi arzuolunmaz və təhlükəli geopolitik proseslərə də yol aça bilər. Çünki Cənubi Qafqaz uğrunda mübarizənin dünya hegemonluğunu ələ keçirmək ssenarilərində qaçılmaz mərhələ olduğu artıq qətiyyən şübhə doğurmur. Hər halda, bu regionun strateji coğrafi mövqeyi Cənubi Qafqazı belə təhlükəli beynəlxalq hesablaşmada ön plana keçirir.

Maraqlıdır ki, bu region üzərində supergüclərin qarşıdurması ərəfəsində yeni siyasi-iqtisadi iradə mərkəzinin formalaşmaqda olduğu da qətiyyən diqqətdən yayınmır. Belə ki, regiona yenicə yerləşməkdə olan NATO ölkəsi Türkiyə Cənubi Qafqazda şərtlərin diqtə edilməsi hüququnu Qərb və Şimal nəhənglərinə buraxmaq niyyətində deyil. Və bu regiona geopolitik nəzarətin bütün mexanizmlərini vahid mərkəzdə toplanması məqsədilə yeni ittifaqın qurulmasına cəhd edir.

Məsələ ondadır ki, Türkiyənin Azərbaycanla dost və strateji müttəfiq olması rəsmi Ankaraya öz geopolitik hədəflərini genişlətmək imkanları açır. Hələlik ilk əlamətləri nəzərə çarpan Türkiyə-Azərbaycan ittifaqı Cənubi Qafqazın gələcək taleyinin təyin edilməsi hüququna sahib olunmasında önəmli model rolunu oynaya bilər. Hər halda, Cənubi Qafqazın strateji tranzit və enerji-iqtisadi resursları məhz bu iki dost ölkənin coğrafiyası üzərində cəmləşib.

dehliz-2020-12-21-11-14-19a6I1An2pjbIcYJcTxgiD_file.jpg (87 KB)

Ona görə də, bu regionda maraqları olan istənilən beynəlxalq siyasi iradə mərkəzi məhz Türkiyə-Azərbaycan ittifaqı ilə hesablaşmaq məcburiyyətində qala bilər. Əks halda, iki strateji müttəfiq dövlətin ortaq geopolitik müqavimət imkanlarının hərəkətə gətirilməsi qaçılmaz xarakter daşıyacaq. Və bu, regionda fərqli situasiyanın yaranmasına da yol aça bilər.

Ancaq Türkiyə Cənubi Qafqazın vahid siyasi iradə mərkəzinin formalaşdırılması üçün yalnız Azərbaycanla strateji müttəfiqliyi gücləndirməklə kifayətlənmir. Belə ki, yaxın gələcəkdə bu regionda atacağı addımların effektivliyini daha da artırmaq məqsədilə iki qardaş ölkənin strateji ittifaqına üçüncü qardaşın da qatılmasına can atır.

Hər halda, Türkiyə-Azərbaycan ittifaqının Pakistanın sayəsində daha da genişləndirilərək, gücləndirilməsi həm Cənubi Qafqaz, həm də Orta Asiya regionlarında yeni hərbi-siyasi iradə mərkəzinin formalaşma ehtimalını ciddiləşdirir.

Onu da qeyd edək ki, Pakistan həm Türkiyə, həm də Azərbaycan ilə dostluq və qardaşlıq münasibətləri olan dövlətdir. 44 günlük savaş dövründə Pakistan Türkiyə ilə yanaşı, birmənalı şəkildə Azərbaycanı dəstəkləmişdi. Rəsmi İslamabad elə indi də Azərbaycanın beynəlxalq səviyyədə dəstəklənməsində xüsusi və təmənnasız rol oynamaqda davam edir.

maxresdefault.jpg (61 KB)

Pakistan Azərbaycan üçün olduqca vacib tərəfdaş və müttəfiqdir. Belə ki, Pakistanın hərbi-sənaye kompleksi dünyada xüsusi nüfuza malikdir. Bu ölkədə istensal olunan yüksək keyfiyyətli müasir silah sistemləri Azərbaycan ordusunun silahlandırılmasında önəmli rol oynaya bilər. Və bu önəmli faktor Azərbaycanın regional rəqiblərini narahat etməyə bilməz.

Maraqlıdır ki, Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri də məhz bu faktor üzərindən dəyərləndirilir. Hesab edilir ki, rəsmi İslamabad öz generalını Bakıya göndərməklə, böyük ittifaqda təmsil olunmaq niyyətini biruzə verməkdədir. Üstəlik, bu niyyətin reallığa çevrilməsi istiqamətində konkret addımlar atmaqla, artıq hərəkətə keçdiyini sezdirir.

Təbii ki, belə bir böyük ittifaq – Türkiyə-Azərbaycan-Pakistan strateji müttəfiqliyi beynəlxalq siyasət məkanında kifayət qədər narahatlıq yarada biləcək bir yeni formatdır. Belə ki, bu format Avropa və Asiya arasındakı tranzit region üzərində olduğundan, bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin maraqlarına problem yarada bilər. Və hazırda gözünü Cənubi Qafqaza dikmiş supergüclər qətiyyən belə bir promlem yarada biləcək strateji müttəfiqlik formatının ortaya çıxmasından məmnun deyillər.

Məsələ ondadır ki, Türkiyə-Azərbaycan-Pakistan ittifaqı geniş cografi məkanı əhatə etməklə yanaşı, tərkibinə yeni dövlətlərin qatılma perspektivlərinə malikdir. Belə ki, Orta Asiyanın türkdilli ölkələri də belə bir ittifaqa maraq göstərə bilərlər. Bu halda, Avropa və Asiyanın qovşağında yeni və güclü hərbi-siyasi mərkəzin yaranma ehtimalı artmış olur.

pakistan_azerbaycan.jpg (39 KB)

Şübhəsiz ki, belə bir güclü və geniş coğrafi məkanda enerji resurslarına da nəzarət edən dövlətlər birliyi dünyada bir çoxlarına sərf etmir. Ona görə də, gələcəkdə daha da genişlənmək perspektivləri olan Türkiyə-Azərbaycan-Pakistan strateji müttəfiqliyinə qarşı müəyyən müqavimətin ola biləcəyi qətiyyən istisna deyil. Və yəqin ki, bu strateji müttəfiqlik reallığa çevrildikcə, müqavimətin qaynaqları da açıq şəkildə ortaya çıxmağa başlayacaq.

Ancaq onu da qeyd etmək lazımdır ki, dünyanın siyasət məkanında bu ittifaqı dəstəkləməkdə maraqlı ola biləcək nüfuzlu dövlətlər də olmamış deyil. Xüsusilə də, Böyük Britaniya belə dövlətlərin sırasında ön planda yer ala bilər. Belə ki, Böyük Britaniyanın həm Türkiyə, həm də Pakistan ilə xüsusi maraqlar çərçivəsində qurulmuş münasibətləri mövcuddur.

Digər tərəfdən, Böyük Britaniyanın Azərbaycanla da regional enerji layihələrin ortaq işlənməsi sahəsində təcrübəsi var. Hətta bu ölkənin hazırda Azərbaycanla daha yaxın münasibətlərə üstünlük verdiyi də qətiyyən diqqətdən yayınmır. Ən əsasısa, Avropa və Asiyanı birləşdirən regional tranzit dəhlizinin qurulması Böyük Britaniyanın iqtisadi-ticari maraqlarına cavab verir. Bu baxımdan, Böyük Britaniyanın yeni “üçlər ittifaqı”na dəstək verə biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR