ÜÇBAŞLI RÜŞVƏTXOR
Sən demə, bu rüşvətxor müdiri - dövlətçiliyimizə yad olan, insanları rəhimsizcəsinə soyan həmin şəxs Rəhim Məmmədovdur - hələ keçən ilin sentyabr ayının 23-də tutublar. O vaxt qəzetlər də bundan yazıbdır. Bəs baş prokuror Qaralov köhnə mübarizə faktını təzədən niyə cəmiyyətə sırıyır? Prezidentin 31 dekabrda “Korrupsiya ilə amansız mübarizə aparırıq” sözünə belə qüvvət vermək istərkən ayı xidmətimi göstərir?
Dəli şeytan deyir ki, bu Rəhim Məmmədov prokurorluqda daimi korrupsioner ştatına götürülübdür, hər il minimum bir dəfə onu rüşvətxorluğa görə dama salırlar. Evdə də arvad-uşaq harda işlədiyini soruşanda Məmmədov qürurla söyləyir: “Sistem işçisiyəm - 1-ci dərəcəli dövlət ədliyyə rüşvətxoruyam. Siz hökumət qulluğunu anlamazsınız, vaxt gələcək, Tovuzun baş meydanında mənim heykəlim qoyulacaq”. Əsas məsələ statistika deyilmi? Təki ilin axırında hesabatın başını bağlayanda prokurora prezidentdən bir yağlı tərif gəlsin. Ta bir rüşvətxoru neçə dəfə tutublar - bunlar önəmli detallar deyil.
Ola bilsin prokurorluq Rəhim Məmmədova yaxşı iş şəraiti də yaradıbdır. Hər il yayda kurorta göndərirlər, həyət-bacasında tərəvəz əkirlər, mal-heyvanını otarırlar, uşaqlarına pampers alırlar və sairə. Ki, Məmmədov həmişə formada olsun, prezident “Rüşvətxorluqla amansız mübarizə gedir” deyən kimi, Qaralov da bunu tutub xalqa göstərsin. Sovet dövründə hər fermada belə eksponat danalar olurdu, televiziyada-filanda onları göstərirdilər ki, camaat da hər inəkdən 4 min litr süd sağıldığına inansın. Ta dükanda niyə süd-yağ olmurdu, bununla maraqlanmırdıq.
Əslində ayağı olmayan əlili hər dəfə əlillik dərəcəsini təsdiqlətmək üçün idarəyə çağıran dövlətdən ayrı ağıl da ummaq olmaz. Guya məsələn, üç ildən bir əlilin ayağı təzədən çıxır. Elə bilirlər hamı bunların rüşvətxor kadrları kimi reinkarnasiya və xortlama qabiliyyətinə malikdir.
Dövlət işini səmərələşdirmək vacibdir. Bakıda hansısa küçəyə yamaq vurulanda adətən bunu uzunluq yox, sahə vahidi ilə deyirlər. Çünki “100 metr yola asfalt döşəndi” deyərkən gülməli görünəcəklərini bilirlər, o üzdən “1000 kvadratmetr sahə asfaltlandı” deyirlər. Hərçənd bu daha gülüncdür - qanan üçün. Düşünürəm ki, bu üsulu rüşvətxor yığımı statistikasına da tətbiq eləmək lazımdır. İzah edim.
Qaralov deyir ki, həmin Məmmədov vətəndaşa saxta əlillik dərəcəsini 400 manata satarkən tutulub. Bu, yetərincə böyük məbləğdir, camaat bu pulla uşağına Dubayda villa alır. O üzdən açıqlanan rüşvət miqdarını hissələrə bölmək, Məmmədovu hər dəfə bir hissə ilə həbsə salmaq yaxşı olardı. Məsələn, Məmmədov vətəndaşdan 400 manatı 4 dəfə - hərəsində 100 manat olmaqla alıb prokurorun əlinə 4 dəfə keçə bilərdi. Qanunda da buna imkan var, bizim korrupsiya qanununa əsasən hökumət adamına 70 manatdan yuxarı verilən hər pul rüşvətdir. Yəni, əlli-əlli ala bilərsən, yüz-yüz aldınsa artıq ilişirsən.
Mən fikirləşirəm ki, baş prokurorun rüşvətxor “pripiskası” metodlarını öz işimdə tətbiq eləməliyəm. Məsələn, bu oxuduğunuz yazını keçən il bir dəfə yazmışam.