Bu gün respublikanın şimal-qərb bölgəsində baş vermiş üç yol-nəqliyyat hadisəsində 6 nəfər xəsarət alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 94-cü kilometrliyində - Oğuz rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eldar Abid oğlu Sultanovun idarə etdiyi “Daewoo Racer” markalı 10 MR 968 dövlət nömrə nişanlı minik avtomobili ilə Bərdə rayon sakini, 1975-ci il təvəllüdlü Fəxri Qasım oğlu Hüseynovun idarə etdiyi “Nissan Maxima” markalı 10 EE 989 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
Qəza zamanı xəsarət alanlar, “Daewoo Racer” markalı avtomobilin sürücüsü E.Sultanov, avtomobildə olan sərnişinlər - sürücünün anası 1939-cu il təvəllüdlü Zümrüd Məmməd qızı Sultanova, 1962-ci il təvəllüdlü Adilə Abid qızı Abbasova və “Nissan Maxima” markalı avtomobilin sürücüsü F.Hüseynov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
****
Şəki şəhərinin giriş yolunun 10-cu kilometrliyində 1995-ci il təvəllüdlü Fuad Yadigar oğlu Əliyevin idarə etdiyi “UAZ” markalı avtomobillə 1968-ci il təvəllüdlü, Bakı şəhər sakini Oqtay Məmməd oğlu Şirinovun idarə etdiyi “Nissan X-Trail” markalı 10 PL 419 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza zamanı “Nissan X-Trail”da olan sərnişin, 1981-ci il təvəllüdlü Bakı şəhər sakini İlqar Yavər oğlu Məlikov aldığı xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
****
Zaqatala şəhər sakini, 1982-ci il təvəllüdlü Vüqar Yaqub oğlu Cavadzadə idarə etdiyi “ VAZ 2108” markalı 10 XG 479 dövlət nömrə nişanlı minik avtomobili ilə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun 127-ci kilometrliyinin Zaqatala şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Ruhangiz Məhəmməd qızı Həsənovanı vurub. Xəsarət alan piyada R.Həsənova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Hər üç faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.






